Zəfər Günündə Maliyyə Nazirliyinin qarşısında piket - Evi sökülən qadın etiraz edir

Zəfər Günündə Maliyyə Nazirliyinin qarşısında piket - Evi sökülən qadın etiraz edir

Yəhudi əsilli Azərbaycan vətəndaşı Baazova (Avşalumova) Anara İsaakovna noyabrın 9-da Bakıda piket keçirmək niyyətindədir. 

Qaynarinfo xəbər verir ki, Anara Baazovanın bu addımı atmasına səbəb Bakının "Sovetski” məhləsində 2 mərtəbəli evinin dövlət ehtiyacları üçün sökülməsi və ona bu günə qədər kompensasiya ödənilməməsidir.
 
Baazova evi söküləndə İsraildə olub. Bakıya qayıdanda isə evinin əşyaları ilə birgə darmadağın edildiyini görüb. Maliyyə Nazirliyinə müraciət edib. Maliyyə Nazirliyinin Aparat rəhbəri Cavanşir Yusifov isə bildirib ki, həmin ərazidə ev ümumiyyətlə olmayıb:

"Cavanşir Yusifov sübut tələb edir. Evin olmasını təsdiq edən elektrik enerjisinə görə 2004-cü ildən ev sökülən günə qədər olan ödənişlər haqda "Azərişiq”dan verilən cədvəli isə görməzdən gəlir. Üstəlik sayğacın evin sökülməsinə görə çıxarılmasına dair aktı da qəbul etmək istəmir".
 
Baazova piket keçirməklə əlaqədar Bakı şəhər İcra Hakimiyyətinə, Prezident Administrasiyasinin rəhbəri Samir Nuriyevə, Nazirlər Kabinetinə, Maliyyə Nazirliyinə, Yasamal rayon İcra Hakimiyyətinə və Baki İnzibati Məhkəməsinə müraciət ünvanlayıb. 

"Sökülmüş evimə görə kompensasiyanın ödənməsi, ayrı-seçkiliyə son qoyulmasına ölkə rəhbərliyinin diqqətinin cəlb edilməsi tələbi ilə Azərbaycan Respublikası Konstitusiyasının 49-cu və "Sərbəst Toplaşmaq Azadlığı haqqında” Qanunun tələblərinə əsasən 9 noyabr - Zəfər Günü Azərbaycan Respublikası Maliyyə Nazirliyinin qarşısında piket keçircəyik”, müraciətdə deyilir. 

Piketdə 25 nəfərə qədər insan iştirak edəcək. Yerli və xarici xeyriyyə fondlarının nümayəndələrinin də aksiyaya qatılacağı bildirilir. Eyni zamanda Baazovaya dəstək məqsədi ilə Xeyriyyə fondu yaradılıb.

Maliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mais Piriyev isə Qaynarinfo-ya bildirib ki, Baazovanın mülkiyyətində olması iddia edilən evin sökülməsi və ona verilməli olan kompensasiyanın ödənilməməsi barədə iddialar tamamilə uydurmadır və heç bir əsası yoxdur:

"Əvvala, sözügedən ərazidə alınma və köçürmə işləri qanunvericiliyə, o cümlədən Nazirlər Kabinetinin müvafiq qəralarına uyğun olaraq alan orqan kimi müəyyən edilmiş Yasamal RİH tərəfindən icra olunur, Maliyyə Nazirliyi isə qeyd olunan dövlət ehtiyacları üçün alınma işlərində nəzarət orqanı qismində iştirak etməklə prosesə nəzarət edir.

Yasamal Rayon İcra Hakimiyyətinin müvafiq əmri ilə yaradılmış qrup tərəfindən 2014-cü ilin mart ayından etibarən layihə üzrə köçürülmə ərazisinə düşən tikililərin, fərdi yaşayış evlərinin sakinlərindən yaşayış sahələri barədə sənədlər toplanılıb. Araşdırma zamanı müəyyən olunub ki, həmin dövrdə İsrail vətəndaşı Anara Baazovanın mülkiyyətində hər hansı yaşayış sahəsi mövcud olmadığına görə ona kompensasiya hesablanmayıb. Yasamal Rayonu Mənzil İstismar Sahəsi tərəfindən verilən məlumata əsəsən, Anara Baazova ailəsi ilə birlikdə uzun müddətdir ki, xaricdə yaşayır, əgər onun Yasamal rayonu ərazisində göstərilən ünvanda evi olsaydı, yəqin ki, orada ya qohumları, ona yaxın olan adamlar, ya da kirayəçillər yaşayardılar. Daha dəqiq məlumat üçün həmin ünvana yaxın ətrafda yaşayan qonşulardan da sorğular edilib və onlar da bu ətrafda uzun müddət yaşadıqlarını, yaşadıqları zamanda isə sözügedən ünvanda Anara Baazovaya məxsus yaşayış evinin olmadığını bildirib".

Nazirliyin sözçüsü əlavə edib ki, kompensasiyanın kimlərinsə tərəfindən mənimsənilməsi iddiaları isə sadəcə absurddur: 

"Çünki, bir qayda olaraq satın alınan mənzillər üçün hesablanmış məbləğlər müvafiq evlərin sahibləri ilə notariat qaydada alqı-satqı müqavilələri bağlandıqdan sonra mülkiyyətçiyə təqdim edilmiş qəbzdə göstərilməklə müvafiq banklarda mənzillərin sahiblərinin adlarına açılmış hesablara köçürülüb. Yalnız həmin şəxs əlində olan qəbzə əsasən, hesablanmış məbləği bankdan götürə bilər. Araşdırma zamanı o da müəyyən edilib ki, "Azərişıq”, "Azərsu” ASC-lərin və "Azəriqaz” İstehsalat Birliyinin abonet bazasında adıçəkilən ünvan üzrə heç bir qeydiyyat yoxdur və həmin ünvana kommunal xidmət göstərilməyib. Bunlarla bərabər Anara Baazovaya və əsassız olaraq ona havadarlıq edənlərə dəfələrlə təklif edilib ki, ərazilərin kosmosdan görüntüsünü verən "Google Maps” axtarış sisteminə daxil olsunlar və son 15 ildə həmin ünvanda heç bir tikilinin olmadığını görsünlər.

Anara Baazova tərəfindən bu məsələ ilə əlaqədar məhkəməyə təqdim edilən iddia ərizəsi hazırda baxılmaq ərəfəsindədir. Hesab edirik ki, Anara Baazova və onun havadarları şər və böhtan dolu məlumatlar yaymaq əvəzinə əllərində olan və obyektiv olduğunu hesab etdikləri sənədləri məhkəməyə təqdim etsələr daha düzgün olardı.

Məhkəmə tərəfindən Anara Baazovanın xeyrinə qərar çıxarılacağı tədqirdə, "Sovetski” adlanan ərazidən köçürülən 6400-ə yaxın ailə kimi, ona da Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən məhkəmə qərarına uyğun olaraq kompensasiya ödənilməsində heç bir çətinliyin olmayacağını düşünürük.
Anara Baazovanın, Şavul Davidovun və digər havadarların bu məsələ ilə əlaqədar Maliyyə Nazirliyinə, Yasamal Rayon İcra Hakimiyyətinə və digər dövlət orqanlarına ünvanladıqları həqarət dolu müraciətlərə mütamadi olaraq ətraflı cavab verilib. Digər tərəfdən, kompensasiya ödənilməsi ilə əlaqədar Anara Baazovanın Yasamal Rayon İcra Hakimiyyətinə qarşı məhkəmə iddiasının hazırda araşdırılmasına baxmayaraq, Şavul Davidovun Anara Baazovanın adından doğru olmayan məlumatları yayması təəccüb və təəssüf doğurur”.

Seyid
XƏBƏRLƏR
BLOGLAR
X