Ölkə 22:40 01.04.2020

Özəl tibb müəssisələrinin bu işçilərinə əlavə pul ödəniləcək

Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov "Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan işçilərin və könüllülərin əməyinin ödənilməsi barədə" sərəncam imzalayıb.

Qaynarinfo xəbər verir ki, sərəncam yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələri işçilərinin və könüllülərin əməyinin ödənilməsini təmin etmək məqsədi daşıyır.

Sərəncamla yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl və təsərrüfathesablı tibb müəssisələri işçilərinə dövlət tibb müəssisələrində çalışan müvafiq vəzifəyə və staja malik işçilər üçün "Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli 112 nömrəli Qərarının 1-ci hissəsi ilə müəyyən edilmiş məbləğlərdə 2020-ci il aprelin 1-dən müddətli əlavə ödəniləcək.

Eyni zamanda yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən könüllülərə 2020-ci il aprelin 1-dən aylıq 250 manat məbləğində mükafat ödəniləcək.

Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə Maliyyə Nazirliyi ilə birlikdə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.