"Azərbaycan tərəfi daha çox İranı 3+3 formatında görmək istəyir”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Sədrəddin Soltan İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin Azərbaycana səfərinin pərdəarxası məqamlarından danışarkən deyib. O, İranla Azərbaycan arasında regional əməkdaşlıqla bağlı müqavilələrin olduğunu vurğulayıb:
"Bu görüşdə Prezident İlham Əliyev də bəyan elədi ki, ikitərəfli əməkdaşlığın səviyyəsindən razıdır. Amma Azərbaycan ictimaiyyəti üçün İranın Ermənistanla əlaqələri narahatedicidir. Bu gün Ermənistanın iqtisadiyyat naziri Vahan Kerobyan İsfahandakı görüşdən sonra elan edir ki, Ermənistanla İran arasında iqtisadi ticarət dövriyyəsini bir milyard dollara yüksəldəcəyik. Ötən il iki ölkə arasında ticarət dövriyyəsi 400 milyon dollar olub. Bu nə deməkdir? Bu o deməkdir ki, Azərbaycan torpaqlarını işğal edən, Azərbaycan vətəndaşlarını didərgin vəziyyətində saxlayan bir dövlətlə İran arasında çox ciddi, hərtərəfli iqtisadi-ticari əməkdaşlıq mövcuddur. Bundan başqa, İran 44 günlük döyüşlər ərəfəsində bütün formalarda Ermənistanı dəstəkləyib. Azərbaycanın işğal altında olan torpaqlarının bir hissəsi azad olunub”.
Sədrəddin Soltan qeyd edib ki, azad olunmuş ərazilərdə Azərbaycan tərəfi 3+3 formatında iqtisadi əməkdaşlıq təklif edib:
"Bu hansıdır? Region ölkələri, yəni, Cənub-Qafqaz ölkələri - Azərbaycan-Ermənistan-Gürcüstan və region ölkələrinə yaxın dövlətlər - Türkiyə, Rusiya və İran. Azərbaycan tərəfi daha çox İranı 3+3 formatında görmək istəyir. İran tərəfi isə istəyir ki, Qarabağda tikinti, bərpa işlərində iştirak eləsin. Məsələn, bir müddət öncə İran tərəfi bəyan elədi ki, Qarabağda dağıdılmış mədəni abidələrin bərpasında iştirak edə bilər. Amma Şuşadakı Gövhər ağa məscidinin bərpasından Azərbaycan ictimaiyyəti, elmi cəmiyyəti, mütəxəssislər bilir ki, İran həmin məscidi bərpa edəndə daha çox fars üslubundan istifadə edib və Azərbaycanın tarixi memarlıq izlərini itirməyə çalışıb. Ona görə İran Qarabağda hansısa formada bərpa işlərinə girişmək istəyir. Çünki ortada həm də pul var. İran pul qazanmaq istəyir. Pul qazanmaq üçün də yollar arayır. Azərbaycan tərəfi iki milyard pul ayrırıb. Amma Azərbaycan cəmiyyəti İranı etibarsız sayır”.
Qorxulu nə baş verə bilər?
Sədrəddin Soltan hesab edir ki, perspektivdə Ermənistan İran və Rusiya Azərbaycana qarşı yenidən hansısa fəaliyyət göstərə bilər:
"Əsas məsələ budur. Rusiyanın gücü, mövqeyini, Azərbaycana münasibətini bilirik. Rusiya heç nəylə gizlənə bilmir. Ermənistanı da tanıyırıq. Amma İran həmişə müxtəlif bəhanələrlə özünü gizlədir. Ən təhlükəsi də bizim üçün İrandır. Ona görə bu təhlükənin o biri ikisi ilə birləşməsi Azərbaycan üçün təhlükə yarada bilər. İranın Qarabağla bağlı istəlinən məsələdə əməkdaşlığı perspektivdə Azərbaycan üçün problem yarada bilər. Amma 3+3 formatında iştirak etməsi, hesab edirəm ki, iqtisadi əməkdaşlıq bölgənin təhlükəsizliyinə də yardım edə bilər. Odur ki, 3+3 formatının gerçəkləşməsi perspektivdə regionun cəlbediciliyini də artıra bilər. Regionda sabitlik yaranarsa, bura Qərb dövlətlərinin sərmayəsi də qoyula bilər”.
Bahar Rüstəmli
Şərhlər