Dünya 12:56 26.02.2019

Zərifin istefasını doğuran amillər: İran məhvə doğru addımlayır... (ŞƏRH)

Xəbər verdiyimiz kimi, dünən İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif sosial şəbəkə hesabında istefa verdiyini açıqlayıb. Lakin onun istefası hələlik prezident Həsən Ruhani tərəfindən qəbul edilməyib.
 
Bununla bağlı Qaynarinfo-ya açıqlama verən politoloq Qabil Hüseynli İranda vəziyyətin olduqca gərginləşdiyini və Zərifin istefasının da hakimiyyətlə mühafizakarlar arasındakı mübarizənin gərginləşməsinin təzahürü olduğunu bildirib:


 
"İranda proseslər çox gərgin bir mərhələyə qədəm qoyub. Əvvəla mühafizəkarlarla yeni xəttin tərəfdarları arasında mübarizə gərginləşib. Mühafizəkarlar yeni xətt tərəfdarlarını ciddi şəkildə sıxışdırmağa başlayıb. Fikrimcə, Zərifin istefa verdiyini açıqlaması da mühafizəkarların praqmatik yanaşmalarına bir etiraz əlamətidir. Çünki İranın beynəlxalq mövqeləri hər gün bir az da pisləşir, mühafizəkarlar isə öz ənənəvi siyasətlərindən əl çəkmək istəmirlər. Bu baxımdan ölkədə vəziyyətin gərginləşdiyini açıq gözlə görmək mümkündür. Yaxınlarda Ruhani də sərsəmləmişdi. Belə deyək, özlərində vəziyyətin pis olmasına baxmayaraq, Azərbaycan və Cənubi Qafqaza qarşı ciddi iddialar irəli sürmüş, vaxtilə buranın İran dövlətinin tərkibinə daxil olması haqqında fikirlər səsləndirmişdi. Bunun özü də daxili gərginliyi azaltmaq xarakteri daşıyırdı. Ruhaninin həmin çıxışı daha çox elektoral bazaya yönəlmiş millətçi şüarlar idi. Bununla Ruhani həm də özünün dünyadakı siyasi proseslərdə nə qədər geri qaldığını əyani surətdə nümayiş etdirmiş oldu.
 
Amma Zərifin istefası aydın səmada şimşək çaxması kimi bir şeydir. Yəni, hökumətin ən vacib nöqtələrindən birinə rəhbərlik edən şəxsin istefa verməsi hökumətdaxili ziddiyyətlərin, eləcə də hökumətlə mühafizəkarlar arasındakı mübarizənin kəskinləşməsini əyani şəkildə göstərir. Hakimiyyətdə olan Zərif tipli adamlar ABŞ-la danışıqlara getməyin tərəfdarıdırlar. Onlar belə hesab edirlər ki, sanksiyaları dayandırmaq üçün nüvə silahı ilə bağlı ABŞ-la yeni danışıqların aparılmasının vaxtı çatıb. Lakin mühafizəkarlar bu fikri qətiyyən yaxına qoymurlar.


 
Artıq tədricən İranın neft ixracına qarşı sanksiyalar gücləndirilir və İrandan neft almaq istəyən ölkələrin çoxu bundan imtina edirlər. Bu imtinalar İranın neft ixracını indiyə qədər demək olar ki, yarıbayarı azaldıb. Bu isə ölkə büdcəsinə daxilolmaların xeyli azalmasına gətirib çıxarır. Bu gün ölkədə böhran əlamətləri açıq şəkildə görünür. Məsələn, İranın ən böyük istehsal sahələrindən olan maşınqayırma sənayesində, xüsusilə avtomobilqayırma sənayesi sahəsində ciddi düşüşlər hiss olunur və bu düşüşlər ölkədə istehsalı, həm də milli gəliri azaldan cəhdlərdən biridir. Əvəzində isə yeni hərbi texnikaların, xüsusilə ballistik raketlərin hazırlanması istiqamətində gücləndirmələr aparılır və buna böyük vəsaitlər xərclənir. Bu isə ölkədə sosial proqramlar üçün ayrılan vəsaitləri xeyli azaldır.
 
Bir sözlə İranı qarşıda daha çətin günlər gözləyir. Çünki sanksiyalar getdikcə daha da sərtləşdirilir. Ola bilsin ki, çox da uzaq olmayan zamanda sanksiyaların yeni dalğası gəlsin və belə olan halda İran sözün həqiqi mənasında tam blokada ilə baş-başa qalacaq. Neft ixracı demək olar ki, tam minimuma enə bilər, bu da büdcənin tamamilə azalmasına və ən minimal ehtiyacların belə ödəilməməsinə gətirib çıxarar. Zərifin istefası İranda mövcud durumun fövqəladə həddə olmasını nümayiş etdirən bir hadisədir".

 
Qeyd edək ki, bu, Zərifin ilk belə istefası deyil. O daha öncə də vəzifəsindən istefa verdiyini açıqlamış, lakin yenə istefası qəbul edilməmişdi. Ekspert Zərifin daha öncəki istefasını çox ehtiyatlı bir formada açıqladığını və bununla sanki mühafizəkar qanada mesaj göndərdiyini bildirib:
 
"Zərif mühafizəkarlara çatdırmaq istəmişdi ki, siz bu siyasəti dayandırmalısınız, bu siyasət perspektivli siyasət deyil və belə davam etsə, mən istefaya gedə bilərəm. Lakin mühafizəkarlar onun bu xəbərdarlığını özləri üçün təhqir kimi qəbul etdilər".

Dünən Suriya prezidenti Bəşər Əsəd də İrana səfər etmişdi. Zərifin bu səfərin ardından istefa verdiyini açıqlaması da müəmmalı görünür. Ekspert bu məsələyə isə belə aydınlıq gətirib:


 
"Müəyyən nüanslar var ki, Zərif onlarla razılaşmır. Söhbət ondan gedir ki, İranın ekspansiya siyasətini bəyənənlər azdır, bəyənməyənlər isə daha çoxdur. Məsələn, sağlam düşüncəli adamlar belə deyirlər ki, İranın İraqda, Suriyada nə işi var?! Suriyada aparılan əməliyyatlar çox böyük itkilərə gətirib çıxarır və orada İsraillə qarşıdurma yaşanır. İsrail havada üstünlük təşkil etdiyindən İranın buradakı hərbi bazalarını, hərbi qüvvələrini vurub sıradan çıxarır və İrana böyük zərbələr vurur. Bu səbəbdən görə Zərif Bəşər Əsədə bu cür himayədarlıq göstərilməsinin əleyhinədir".
 
Çingiz Səfərli