Ölkə 18:07 08.03.2020

"Zirə" məğlubiyyət seriyasına son qoydu, 5-ci pilləyə yüksəldi

Azərbaycan Premyer Liqasında XX turun növbəti görüşü keçirilib. 

Qaynarinfo xəbər verir ki, "ASCO Arena"da "Səbail" və "Zirə" komandaları üz-üzə gəlib. 

Baş hakim İnqilab Məmmədovun idarə etdiyi görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 3:1. Hesabı 12-ci dəqiqədə "Zirə"nin yeni transferi Davit Volkov açıb. 34-cü dəqiqədə Rauf Əliyev bərabərlik qoluna imza atıb.  Fasilədən sonra da 2 qol vurulub. 59-cu dəqiqədə qonaq komandanın daha bir yeni transferi Ağabala Ramazanov keçmiş komandasını məyus edib. Son nöqtəni isə sonradan meydana daxil olmuş Şafik Tiqruca 80-ci dəqiqədə qoyub.  

Bu görüşdə "Zirə"nin qapısını daha bir yeni transfer Emil Balayev qoruyub. 26 yaşlı qolkiper debütünü keçmiş klubu "Səbail" ilə matçda gerçəkləşdirib. 

Ardıcıl 4 məğlubiyyətdən sonra qələbə qazanan "Zirə" xalını 23-ə çatdıraraq, 5-ci pilləyə yüksəlib. 4 turdan sonra uduzan "Səbail" isə 20 xalla 7-ci pillədə qalıb. 

Qeyd edək ki, turun ilk oyun günündə "Qəbələ" evdə "Sumqayıt"ı 5:0, "Neftçi" "Sabah"ı 4:0 hesabı ilə yenib. Tura saat 18.00-da başlayan "Keşlə" - "Qarabağ" görüşü ilə yekun vurulacaq.