İdman 22:48 08.10.2019

"Zirə"nin baş məşqçisi bəllidir?

Bildiyiniz kimi, "Zirə" klubu baş məşqçisi Samir Abasov ilə yolları ayırıb. 

Sport7.az xəbər verir ki, komandanın başına yerli mütəxəssis gətiriləcəyi ehtimal olunur. Bu posta namizəd olaraq "Səbail"in baş məşqçisi Aftandil Hacıyev ilə U-17 millimizin sabiq çalışdırıcısı Ramin Quliyevin gələcəyi iddia olunur.

Ancaq Aftandil Hacıyevin hazırki vəziyyətdə "Səbail"dən gedəcəyi elə də inandırıcı görsənmir. Ramin Quliyev işsiz olduğu üçün "Zirə" ilə anlaşmaq şansı böyükdür. 

Sport7.az-a etibarlı mənbədən daxil olan məlumata görə, "Zirə"yə baş məşqçi olmağa daha bir namizəd var. Bu, "Zirə"ni əvvəllər də çalışdırmış, komandaya ölkə çempionatında debüt ilində gümüş medalları qazandırmış Adil Şükürovdur. 

O, əsas komandadan ayrıldıqdan sonra isə 3 il "Zirə"nin akademiyasına rəhbərlik edib. Ötən il "Şüvəlan" başına gətirilən məşqçi bu komanda ilə Naxçıvanda keçirilən Heydər Əliyev Kubokuna sahib çıxıb. "Şüvəlan"ın aqıbəti bəllidi. Klub artıq dağılıb. Bu üzdən Adil Şükürov da işsizdir. Doğrudur, Şükürova yenidən "Zirə"nin akademiyasında çalışmaq təklif olunsa da, o, böyük futbolda işləmək istədiyini bildirərək təklifi qəbul etməmişdi. 

Klubun iş prinsipinə bələd olan Adil Şükürovun "Zirə"yə keçidinin baş tutacağı təqdirdə, akademiyada qurduğu işi paralel olaraq davam etdirmək imkanı da olacaq.