Ekonomiks 15:54 26.07.2014

Ziya Məmmədov açılış etdi - FOTOLAR


Salahlı-Poylu mənzilinin 73-cü kilometrində Kür çayı üzərindən keçən ikinci dəmir yolu körpüsü istsmara verilib.

"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətindən Qaynar.info-ya verilən məlumata görə, tədbirdə Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov, QSC-nin sədri Arif Əsgərov, "Evrascon" şirkətinin baş direktoru Manaf Şirinov iştirak ediblər.

Salahlı-Poylu mənzilinin 73-cü kilometrində (Kür çayı üzərindən keçən) ikinci dəmir yolu körpüsünün üzərindən keçməklə 1900 metr yeni dəmir yolunun qoyuluşu həyata keçirilib. Yol qoyuluşu Poylu stansiyasının girişindən başlayaraq yeni tikilən körpünün üzərindən keçməklə Salahlı-Poylu mənzilinin 73-cü kilometrinə qədər davam edib.

Əsaslı təmir işlərini "Azərbaycan Dəmir Yolları" QSC "Dəmiryolservis" MMC-nin müəssisələri və İnfrastruktur Departamentinin müvafiq qurumları həyata keçirir.

Qeyd edək ki, Bakı-Böyük Kəsik sahəsində artmaqda davam edən dəmir yolu ilə yük daşımalarının həcmini tam yerinə yetirmək, yüklərin mənzil başına vaxtında və itkisiz çatdırılmasını təmin etmək üçün Salahlı-Poylu mənzilinin 73-cü km-də Kür çayı üzərindən keçən ikinci dəmir yolu körpüsünün tikintisi tələb olunurdu.

Körpünün tikintisinə 2008-ci ildə başlanıb və 2014-cü ildə başa çatdırılıb. Körpünün tam uzunluğu 208,44 metrdir.

Həmin körpünün faydası ondan ibarətdir ki, bu sahədə birxətli dəmir yolu ikixətli dəmir yolu ilə əvəz olunacaq və qatarların hərəkətinin təhlükəsizliyi təmin olunacaq. İkinci körpünün tikintisi yolun səmərəliliyi və rəqabətə davamlılığının artırılması istiqamətində əhəmiyyətli addım olacaq.

Qaynar.info