Ekonomiks 10:12 22.07.2013

Ziya Məmmədovun neft biznesinin müdhiş gizlinləri


Nazirin şirkəti Xəzərdəki iki iri neft-qaz yatağından Dövlət Neft Fonduna ildə cəmi 200 min dollar ödəyib, onun ABŞ-dakı ortağı isə hasilatın durmadan artdığını açıqlayır

Nəqliyyat naziri Ziya Məmmədova bağlı olan və Xəzərdəki iki iri neft-qaz yatağını işlədən offşor şirkət ötən il ərzində Dövlət Neft Fonduna (ARDNF) hasilatın pay bölgüsü sazişi çərçivəsində cəmi 200 min dollar ödəyib. Virtualaz.org-un xəbərinə görə, bu barədə ARDNF-in yaydığı hesabatda deyilir.

Hesabatdan belə məlum olur ki, operatoru “Bahar Energy LTD” olan “Bahar Operating Company” il ərzində fonda ən az gəlir ödəyən əməliyyat şirkətidir. Baxmayaraq ki, şirkətin digər ortağı, ABŞ-ın Texas ştatında qeydiyyatda olan “Greenfields Petrolium” bu günlərdə yaydığı hesabatında hasilatın durmadan artdığını açıqlamışdı.

“Bahar Operating Company” Xəzərdəki “Bahar” və “Qum dəniz” neft-qaz yataqlarının hasilatı ilə məşğuldur. Şirkət 2009-cu ildə bu yataqlara dair ARDNŞ-lə müqavilə bağlayıb. 2010-cu ildə yataqlar ARDNŞ-in balansından silinib. O vaxt ARDNŞ əmin edirdi ki, “Bahar Operating Company” yaxın üç il ərzində yataqlarda hasilatı 1,5 dəfə artıracaq. Yataqlar bu şirkətə veriləndə məlumat verilmişdi ki, “Bahar”dan sutkada 25 ton kondensat və 500 min kubmetr qaz, “Qum dəniz”dən isə 190 ton neft və 160 min kubmetr qaz hasil edilir.

“Bahar Operating Company” əməliyyat şirkətində Birləşmiş Ərəb Əmirliklərində qeydiyyatdan keçmiş “Bahar Energy LTD” şirkəti 67 faizə yaxın paya malikdir. Bu şirkət nəqliyyat nazirinin biznes ortağı və yaxın adamı, “Bakı” futbol klubunun sahibi, “Hafka” kimi tanınan iş adamı Hafiz Məmmədova məxsusdur. ARDNŞ-lə müqavilənin imzalanması mərasimində nazirin oğlu Anar Məmmədov da görünmüşdü.

Əməliyyat şirkətinin qalan hissəsi “Greenfields Petrolium”a məxsusdur. Bu şirkətin Azərbaycandan başqa ayrı heç yerdə neft-qaz hasilatı təcrüəsi yoxdur və belə görünür ki, şirkət əslində “Bahar Energy LTD” ilə ortaqlıq üçün yaradılıb.

Beləliklə, nazirin neft biznesini “fırladanlar” il ərzində Xəzərdəki iki iri neft-qaz yatağından Azərbaycan dövlətinə “bir maşının pulu” qədər gəlir veriblər. Başqa sözlə, ARDNŞ bu yataqları dəniz hasilatında heç bir təcrübəyə malik olmayan offşor şirkətlərə ona görə verirmiş ki, ayda 13 min dollar qazansın?

“Bahar Operating Company” işlətdiyi yataqlardan nə qədər neft və qaz hasil etdiyinə, əldə etdiyi gəlirlərə dair heç bir informasiya vermir. Lakin ABŞ-ın biznesdə şəffaflıq tələb edən sərt qanunları “Greenfields Petrolium”u məcbur edir ki, o, müntəzəm olaraq belə məlumatları yaysın. Şirkət sonuncu dəfə belə məlumatları iyunun sonlarında yayıb. Həmin məlumatlarda deyilirdi ki, “Bahar” yatağında hasilat durmadan artır və iyun ayında yataqdan gündə orta hesabla 574 barrel neft, 6673 min kubmetr qaz hasil edilib.

2013-cü ilin birinci kvartalına, yəni mart ayının sonlarına qədər olan göstəricilərə görə, yataqdan sutkada orta hesabla gündə 443 barrel neft və 3405 min kubmetr qaz hasil edilirdi.

“Neft və qaz hasilatı bizim ”Qum dəniz" yatağındakı qazma və “Bahar” yatağındakı bərpa işlərimiz nəticəsində durmadan artır" - deyə şirkət bildirib.

Məlumatda qazma işlərinin necə getdiyinə dair göstəricilər də verilib. Beləliklə, nazirin biznes ortaqlarına məxsus yataqlarda hasilat durmadan artırsa, o zaman ARDNF-ə niyə qəpik-quruş çatır? Nəqliyyat nazirinin neft biznesindəki bu müdhiş uyğunsuzluğu kim izah edə bilər?

Qaynar.info