Ölkə 12:18 31.01.2018

Ziya Məmmədovun qohumunun pulunu mənimsəyən şəxsə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Sənan Cəfərovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Qaynarinfo-nun Report-a istinadən xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
 
Qeyd edək ki, 30 nömrəli marşrut xəttinə nəzarət edən S.Cəfərov "M-Trans" MMC şirkətinin qeyri-rəsmi sahibi olan Rövşən Məmmədovun külli miqdarda pulunu mənimsəyib.

Marşrut xəttindən gələn gəlirlərin az olduğunu bilən R.Məmmədov hüquq-mühafizə orqanlarına müraciət edib. Araşdırma nəticəsində ortada mənimsəmə faktının olduğu aşkarlanıb. S.Məmmədov hüquq-mühafizə orqanlarına çağırılaraq saxlanılıb.

Xatırladaq ki, bir müddət əvvəl mətbuatda 30 nömrəli marşrut xəttində çalışan 57 sürücünün əmək haqqının verilməməsiylə bağlı xəbərlər yer almışdı. Bildirilirdi ki, sürücülər bir neçə aydır ki, maaş üzünə həsrət qalıblar. Onlar ümumilikdə 100 min manat məbləğində mənimsəmə faktının olduğunu qeyd ediblər.
 
Zərərçəkmiş R.Məmmədovun sabiq nəqliyyat naziri Ziya Məmmədovun qohumu olduğu bildirilir.