Ölkə 11:09 03.02.2022

Ziyalılar Ramiz Mehdiyevi istefaya çağırdı

Ölkədə sovet quruluşunun yadigarlarından biri Azərbaycan Milli Elmlər Akademiyasıdır. AMEA-da müxtəlif  institutlar illərdir ki, fəaliyyət göstərsələr də, amma bu elm mərkəzlərinin funksionallığı, effektivliyi sıfıra bərabərdir. Hətta AMEA-nın ləğv olunmasını təklif edənlər də az deyil. Sirr deyil ki, hazırda AMEA öz statusundan, profilindən qoparaq fərqli bir arsenala çevrilib. Bir çox professorlar, alimlər, tanınmış ziyalılar iddia edir ki, hazırda AMEA-sı qurumun prezidenti Ramiz Mehdiyevin əlində bir siyasi mərkəz, təbliğat ruporu kimi fəaliyyətdədir.

Professor Qulu Məhərrəmlinin Demokrat.az-a bildirdiyinə görə, Azərbaycanda elmlər akademiyasının problemi bu gününün problemi deyil:



"Çox təəssüf hissi ilə demək lazımdır ki, müstəqillik dövrü akademiyanın ciddi şəkildə axsadığı bir dövrdür. Sadəcə olaraq, Ramiz Mehdiyevin bura təyin olunması, o böhranı biraz da dərinləşdirdi, sürətləndirdi. İnsanlarda elmdən daha çox başqa meyillər ortaya çıxdı. Akademiyanın sanki inzibati aparat kimi idarə etmək cəhdi, adamlara münasibət, elmi tədqiqatlardan uzaq, elm havasının boğulması, insanları elmi qüdrətinə, elmi təfəkkürünə görə deyil, başqa keyfiyyətlərinə görə irəli çəkilməsi, regionçuluq və s. kimi digər neqativ şeylərin hamısı durulub suyun üzünə çıxdı. Ona görə də, bu gün akademiya hesab edirəm ki, ciddi böhran yaşayır. Ramiz Mehdiyev elm adamı deyil, Ramiz Mehdiyev elm təşkilatçısı deyil, Ramiz Mehdiyev inzibatçıdır. O, administrativ metodlarla işləyən, əmr verən adamdır. Bundan nəsə gözləmək, guya bu elmdə nəsə edəcək, bu, çox ciddi yanlışlıqdır və fantaziyadan başqa bir şey deyil. Ona görə də, biz Elmlər Akademiyası haqqında ciddi düşünməliyik. Çoxları deyir ki, o, ləğv olunsun, amma mən bu fikirdə deyiləm. Çünki ölkənin elmi potensialı orada toplaşıb. Ancaq akademiya fərasətsiz, yalançı akademiklərdən, işbazlardan təmizlənməlidir ki, bura şəffaf elmi bir müəsisəyə çevrilsin. Bu gün texnologiya öndədir, elm öndədir. ABŞ kimi iri dövləti irəli aparan nədir? Elmdir, texnologiyadır,elmi nailiyyətlərin tətbiqidir. Azərbaycanda hələ ki, elmi tədqiqat institutları ayrı-ayrı komalardan ibarətdir. Orada qalan az-çox vicdanlı belə alimlər də işdən soyuyur. Çünki onların əməyi qiymətləndirilmir, stimullaşdırılmır. Sadəcə olaraq, təsadüfi adamların gətirib elm sferasına çıxardılması, bütün elmi potensialı məhv edir. Hesab edirəm ki, bununla bağlı ciddi tədbirlər görülməlidir. Yoxsa orada qalan az-çox alimlər də baş götürüb qaçacaq. Bu işi düzəltmək üçün enerjisi olmayan adamları işdən uzaqlaşdırmaq lazımdır. Akademiyada Ramiz Mehdiyev və başqa bir elm mərkəzində olan adamlar ölənə qədər kreslodan yapışırlar. 75-80 yaşları var, yenə müdir, rəhbər olmaq istəyirlər. Niyə? Çünki o, bu vəzifədən gedən kimi heç kim olacaq. Ancaq həqiqi alimlər bu vəzifədən yapışıb qalmazlar heç vaxt. Axı bunların ardınca gələn gənclər, enerjili insanlar var. Onlar dəyişmək, yeniləmək, tədrisi irəli aparmaq istəyirlər. Amma bu cür "qaya parçaları” həmin adamların qabağında "dəyirman daşı” kimi qalıb və imkan vermir. Ona görə də, təkcə Ramiz Mehdiyev yox, idarəçiliyə qüdrəti çatmayan, amma vəzifə marağında, sorağında, hayında olan adamların çoxu buradan uzaqlaşdırılmalıdırlar”. 

"Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri, tanınmış jurnalist Arif Əliyev açıqlamasında bildirib ki, son dövrlərin elm sistemi göstərir ki, AMEA artıq tamamilə lazımsız bir qurumdur:



"Bu gün bizdə Elmlər Akademiyası intiriqa mərkəzinə çevrilib və elmimizə demək olar ki, heç nə vermir. İndiki şəkildə öz fəaliyyətini davam eləsə, gələcəkdə də heç nə verməyəcək. Hətta, Ramiz Mehdiyev ora gedəndən sonra insanlar ora bir pensiya mərkəzi kimi qondarma adlar qoyublar. Odur ki, bu məsələni köklü həll etmək lazımdır. Çünki bu daha dərin kökü olan bir problemdir. Bu gün tanıdıqlarım və elmə meyl edən gənclərimiz akademiyaya getmirlər. Niyə? Çünki akademiya daxilindəki problemlər çox dərindir. Əgər Ramiz Mehdiyevlə haqq-hesab çürütmək istəyiriksə, bəli, o, getməlidir. Amma biz elmin problemini həll etmək istəyiriksə, Ramiz Mehdiyev oradan çıxardıb, Mehdi Ramizoğlunu qoysaq da, heç nə dəyişməyəcək. Əvvəllər orada başqa intiriqalar var idi, indi Ramiz Mehdiyev özünkünü gətirib. Qeyd edim ki, Ramiz Mehdiyevin özünün belə bir vəziyyətdə akademiyaya rəhbər qoyulması, bütövlükdə elmə hörmətsizlik idi. Əlbəttə, çiynində siyasi yükü olan, bu gün faktiki olaraq idarəçilik sistemindən kənara atılmış bir adama pensiya yeri düzəltdilər ki, get orada rahat otur, işini gör. Bu da sənin. O, da orada özünü əlbəttə, ağa kimi aparır. Ramiz Mehdiyevin dəyişməsi Azərbaycanda elm və akademiya problemini həll etməyəcək. Əslində, strukturun özünü tam yeniləmək lazımdır”. 

Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı isə hesab edir ki, həddən artıq yaşlı şəxslər inzibatçılıq etməməlidir və onların özləri elmlə məşğul olmalıdırlar:



"Bir çox ölkələrin təcrübəsinə söykənərək, deyə bilərəm ki, onlarda elmlər akademiyası yoxdur. Elmin inkişaf etdirilməsi, alimlərin işləməsi üçün onların dərs dedikləri universitetlərdə onlar üçün kafedralar var. Əgər Azərbaycanı götürsək, ümumən akademiya struktur kimi qalacaqsa, onda məncə, onun başında doğurdan da alim olmalıdır. Alim, yəni fəal şəkildə elmlə məşğul olan adamlar, daha yalandan kiməsə nəsə yazdırıb, akademik olanlardan danışmıram. Xarici ölkələrdə alim, professor olmaq hər hansısa bir kəşflə bağlı olur. Ona görə də, bizdə belə problemlər yaranır. Mən bütün alimlər barədə bunu deyə bilmərəm. Dediyim odur ki, elm ocaqlarında həyatlarını elmə həsr edənlər işləməlidir. Onlara normal məvacib verilməlidir ki, ora-bura baxmasınlar və doğurdan da, elmlə məşğul olsunlar. Hansısa bir elmi ixtiraları, kəşfləri olsun. Amma Azərbaycanda son illər belə şeylər rast gəlməyib, yəqin ki, gözəl kəşf olsaydı, hər halda eşidərdik, duyardıq. Ramiz Mehdiyevdən ötrü ürəyim getmir, amma akademiyadakı bəzi incəlikləri bilmək lazımdır. Bundan əvvəlki dövrdə də bir çox adam rəhbərlikdən razı deyildi. Sadəcə olaraq, problem odur ki, bu gün orada hamısı həddindən artıq yaşlı adamlardır. Böyük alim təxminən 60-70 yaş arasında olur, türklər demişkən "hoca” olur. Biz də "hoca” olacaq adamların 80-dən yuxarı yaşları var. 80 yaş isə elədir ki, fiziki cəhətdən insanın enerjisi azalan vaxtdır, çox nadir hallarda qıvraq adamlar qalır. Bax problem bundan ibarətdir. Bu insanlar artıq dincəlib, özləri elmi işlə məşğul olmalıdırlar, daha inzibatçılıq etməməlidir. Ramiz Mehdiyev ömrü boyu inzibatçılıq edib, ümumiyyətlə, elmə onun nə dəxli var idi, bilmirəm. Həm də o, bizim Prezident Aparatının inzibatçısı olub. İnzibatçı elmlə məşğul olmamalıdır, yəni problemin kökü dərindir”.