Siyasət 09:09 29.10.2019

Zәngilan rayonunun işğalından 26 il ötür

Azərbaycanın Zəngilan rayonunun ermәni qoşunları tәrәfindәn işğal edilmәsindən 26 il ötür. 

Qaynarinfo xәbәr verir ki, 1993-cü il oktyabrın 28-dən 29-na keçən gecə işğalçı ermənilər Zəngilan rayonunu әlә keçirib.

Füzuli və Cəbrayıl rayonları işğal olunduqdan sonra zəngilanlılar 67 gün tam mühasirə şəraitində ermənilərlə vuruşublar. Zәngilan әhalisi 25-29 oktyabrda vuruşaraq 235 nəfər şəhid və itkin verib. Müqavimәtә baxmayaraq tanklarla hücuma keçәn ermәni silahlılarının qarşısını almaq mümkün olmayıb vә rayon işğal edilib.

Ermənilərin Zəngilanda ikinci Xocalı faciəsi törətmək istəyi alınmayıb. Sakinlər Araz çayı vasitәsilә İrana keçәrәk soyqırımdan xilas ola biliblәr.

Ərazisi 707 kvadrat kilometr olan Zəngilan rayonu işğal olunanda əhalisi 35,6 min nəfər olub. Hazırda Zəngilanın 44413 nəfər əhalisi var.

Zəngilan rayonu eyni adlı şəhərdən, Mincivan qəsəbəsindən və 83 kənddən ibarətdir. Rayonda 14 tibbi müəssisəsi, 11 uşaq bağçası, 62 ümumtəhsil məktəbi, 23 klub, 8 mədəniyyət evi, 3003 min cild kitab saxlanılan 70 kitabxana olub. Zəngilanın iqtisadiyyatının əsasını kənd təsərrüfatı-üzümçülük, tütünçülük və heyvandarlıq təşkil edib.

İşğaldan sonra Bakı-Mincivan-Qafan dəmiryolu xəttinin keçdiyi Mincivan stansiyası tamamilə dağıdılıb. Naxçıvan istiqamətində Bakı-Naxçıvan-İrəvan dəmiryol xəttinin Mehridən keçən 41 kilometrlik ərazisi blokadaya alınıb.