Siyasət 18:51 07.12.2022

“Azərbaycan inamla ərazi bütövlüyünü təmin edir” – Ekspert

"Real vəziyyət getdikcə daha çox Azərbaycanın lehinə inkişaf edir”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında QAFSAM sədrinin müavini Nazim Cəfərsoy deyib. Ekspertin sözlərinə görə, 30 ildən sonra bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşlarından ibarət Azərbaycan nümayəndə heyətinin ilk dəfə Xocalıya getməsi müsbət addımdır:

"Ekologiya ilə bağlı məsələlərin müzakirəsi əslində gözlənilən idi. Çünki bu Azərbaycanın suverenliyinin təmin olunması ilə bağlı atılan addımların bir parçasıdır. Bu istiqamətdə yol xəritəsi hazırlanıb və bir neçə gündür onun müzakirəsi gedir. Bu məsələ müəyyən zaman aparacaq. Amma məsələ Azərbaycanın suverenliyinin təmin olunması kontekstində davam edəcək. Düzdür, baş verən proses Azərbaycanın haqlı mövqeyinin sülhməramlılar tərəfindən də dəstəklənməsi anlamına gəlmir. Onlar da reallığı qəbul etməlidirlər. Məsələyə bu kontekstdən baxsaq, mövcud real vəziyyətin getdikcə daha çox Azərbaycanın lehinə doğru inkişaf etdiyini demək olar”. 
 


Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşlarından ibarət təbii ehtiyatların qanunsuz istismarını araşdıracaq monitorinq qrupu dekabrın 3-də keçirilmiş görüşün davamı olaraq Rusiya sülhməramlı qüvvələrinin komandanı, general-mayor Andrey Volkovla müzakirələri davam etdirmək üçün Xocalıya səfər ediblər. 

Danışıqlarda Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində aparılan qeyri-leqal iqtisadi fəaliyyətlər çərçivəsində faydalı qazıntıların qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı monitorinq, əmlakın inventarizasiyası və ekoloji araşdırma işlərinin aparılmasının vacibliyi diqqətə çatdırılacaq. 

Rüfət Sultan