Ölkə 17:59 07.12.2022

Ekspert nazirliyi tənqid etdi: "Direktorların işə qəbulunda şəffaflıq və obyektivlik yoxdur"

"Elm və Təhsil Nazirliyi tərəfindən direktorlar, müavinlər və təşkilatçı vəzifələrə təyinatı yerli regional təhsil idarələrinin ixtiyarına verilib. Düşünürəm ki, hazırkı vəziyyəti dəyərləndirsək, obyektivlik qorunmayacaq”. 

Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Elçin Əfəndiyev yerli təhsili idarəetmə orqanları tərəfindən ümumi təhsil müəssisələrinə direktor, direktor müavini və təşkilatçı vəzifələrinə işə qəbul üzrə keçirilən müsahibədən danışarkən deyib. Ekspert bildirib ki, direktorların işə qəbulunda şəffaflıq və obyektivlik qorunub saxlanılmır:

"Nəticə etibari ilə həmin vəzifələri haqqı çatmayan direktorlar tuturlar. Bir müddət sonra isə korrupsiya faktının, qanunvericiliyin tələblərinin kobud şəkildə pozulmasının, müəllim kollektivinə, yaxud şagirdlərə qarşı rəhbər işçinin özbaşınalıqlarının şahidi oluruq. Çünki müəyyən regional təhsil idarələri var ki, söhbət həm rayon, həm də kənd məktəblərindən gedir, orada bəzi məktəblərin rəhbər işçiləri ya yaş həddini keçsələr də, hələ fəaliyyət göstərirlər, ya da saxta diplomla çalışırlar. Əgər bura kimi regional təhsil idarələri işlərini şəffaf görsəydilər, təbii ki, bu məsələləri üzə çaxartmalı idilər. Amma görünən odur ki, hazırda onların apardıqları işə qəbul prosesində də neativ hallar - tanışılıq, tapşırqıla işə düzəlmə, korrupsiya ilə işə düzəlmə halları öz əksini tapmış olacaq”.



Elçin Əfəndiyevin fikrincə, prosesi tənzimləyən başqa bir quruma ehtiyac var ki, kadrların seçimini normal qaydada həyata keçirsin:

"Bu gün onların işə qəbulu zamanı peşə üzrə nəzəri bilikləri, yaxud bilik və bacarıqları, şəxsi keyfiyətlərinin qiymətləndirilməsi vacib şərtdir. Onlar eyni zamanda ölkə, təhsil haqqında qanunvericilik barədə məlumatlara sahib olmalı və müəyyən qədər pedaqoji təcrübəyə malik olmalıdırlar ki, hər hansı vəzifəyə təyinatları mümkün olsun. Əks halda pedaqoji fəaliyyəti müəyyən bir dövrü əks etdirməyən, kiminsə qohumu-tanışı yenidən vəzifəyə təyin olunacaqsa təshildən müsbət nəticə gösləməyin özü doğru deyil”.

Ekspert hazırda Azərbaycanda 4440-dan çox ümumtəhsil müəssisəsinin fəaliyyət göstərdiyini vurğulayıb:

"Bu təhsil müəssisələrində müəyyən direktorlar hansı əsasla bu vəzifəni tutubsa, onu Elm və təhsil Nazirliyi ilə yanaşı regional iadrələrinə nəzarət edən şəxslər də yaxşı bilirlər”.

Qeyd edək ki, yerli təhsili idarəetmə orqanları tərəfindən ümumi təhsil müəssisələrinə direktor, direktor müavini və təşkilatçı vəzifələrinə işə qəbul üzrə müsahibə mərhələsi keçirilir. Elm və Təhsil Nazirliyindən bildirilib ki, bu mərhələdə namizədlərin peşə üzrə nəzəri bilikləri, idarəetmə bacarıqları və şəxsi keyfiyyətləri qiymətləndirilir.

Müsahibə mərhələsi dekabrın 20-dək davam edəcək.

Bahar Rüstəmli