Siyasət 17:38 11.08.2022

Erməni vandalizmi davam edir (ŞƏRH)

Laçın və Zabuxdan çıxmaq ərəfəsində olan ermənilər özlərinin çirkin ənənələrinə sadiq qalaraq, vandal hərəkətlərini davam etdiriblər. Belə ki, mətbuatın yazdığına görə, Laçın və Zabuxdan çıxan ermənilər kilsələrdəki xaç daşlarını, qəbrüstü abidələri sökərək, habelə saxtalaşdırdıqları muzey eksponatları, kitabxana fondlarını da özlərilə aparmağa cəhd edirlər.

Qeyd edək ki, ermənilər əvvəlki dövrdə də anoloji vandal hərəkətə yol veriblər. 44 günlük müharibənin nəticəsi olaraq bağlanan üçtərəfli müqavilə əsasənda Kəlbəcər rayonundan çıxarkən də ermənilər belə vəhşiliyə imza atıblar. O zaman da onlar rayon ərazisindəki çoxsaylı abidələri, muzey eksponatlarını talayıb aparmışdılar.

Ermənilərin növbəti vandal hərəkətinə Qaynarinfo-ya açıqlamasında münasibət bildirən Milli Məclisin deputatı Elman Nəsirov bildirir ki, məsələ ilə bağlı müəyyən önləyici, qabaqlayıcı addımlar atmalıyıq. Deputatın fikrincə, elə etməliyik ki, Kəlbəcərdə törətdikləri barbar hərəkəti ermənilər Laçında təkrarlaya bilməsinlər:



"Bu məlumatlar faktlarla təsdiqini tapır. Laçın və ətraf kəndləri tərk etməli olan ermənilər yenə də öz köhnə  ampulalarındadır. Eyni yanaşmanı onların Kəlbəcəri tərk edərkən də gördük.Qəbrüstü abidələri, qiymətli mənbələri belə dağıdırlar. Onlardan hər cür vandalizmi gözləmək olar. Köçdükləri evləri yandırmaq, təsərrüfatlara ziyan  vurmaq kimi hallarla da rastlaşa bilərik. Hətta mina basdırmağa qədər onlardan  istənilən qeyri-qanuni hərəkəti gözləmək olar”.

Ermənilərin vandal əməllərinin qarşısını almaq üçün deputat çevik hərəkət etməyin vacib olduğunu düşünür:
 
"Azərbaycan dövləti bu məsələlərlə bağlı prinsipial mövqe ortaya qoyaraq, beynəlxalq təşkilatlar, YUNESKO qarşısında dəfələrlə məsələ qaldırıb. Baxmayaraq ki, YUNESKO-dan adekvat davranışı hələ  görmürük. İndidən beynəlxalq təşkilatları, müvafiq qurumları, ölkələri ermənilərin  növbəti vandal hərəkəti barədə məlumatlandırmalıyıq ki, Kəlbəcəri tərk edərkən törətdikləri vandalizm hərəkətlərini növbəti dəfə törətməkdən vaz keçsinlər. Kəlbəcərdə belə barbar hərəkətə əl atacaqlarını proqnozlaşdırmağa bilərdik. Çünki  normal insan belə vəhşiliyə imza ata bilməz. Amma bunun şahidi olduğumuzdan  artıq Laçınla bağlı məsələdə çevik hərəkət edərək beynəlxalq ictimaiyyəti məlumatlandırmalıyıq. Bu istiqamətdə müəyyən önləyici, qabaqlayıcı addımlar atmalıyq. Elə etməliyik ki, Kəlbəcərdə etdikləri barbar hərəkəti ermənilər Laçında  təkrarlaya bilməsinlər”. 

Rüfət Sultan