Siyasət 15:22 04.10.2022

İsrailin müdafiə nazirinin səfəri Azərbaycan üçün niyə əhəmiyyətlidir? - Hərbi ekspert

Bakıya səfərə gələn İsrailin müdafiə naziri Benyamin Qans Azərbaycan Prezidenti İlham Əliyev və müdafiə naziri Zakir Həsənovla görüşüb. Görüşlər zamanı iki ölkə arasında uzun illər davam edən hərbi-texniki əməkdaşlıq və bu sahədə perspektivlər barədə fikir mübadiləsi aparılıb.
 
Z.Həsənov iki ölkə arasında tərəfdaşlığın yüksək səviyyədə olmasının təkcə dövlətlərimizin inkişafında deyil, həm də bütün regionda təhlükəsizliyin təmin edilməsində mühüm rol oynadığını qeyd edib. 

Benyamin Qans isə öz növbəsində hərbi əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edərək bu cür görüşlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb. Görüşdə Azərbaycanıa İsrail arasında hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, müxtəlif ixtisaslı hərbi mütəxəssislər səviyyəsində işçi görüşlərin təşkili, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub. 

Səfəri Qaynarinfo-ya dəyərləndirən hərbi ekspert Ramil Məmmədlinin fikrincə, sözügedən səfər Bakı ilə Təl-Əviv arasında hərbi-siyasi, hərbi-texniki əməkdaşlığın daha da dərinləşdirilməsinə xidmət edəcək bir səfərdir:
 

 
"İsrail müdafiə nazirinin bu səfəri gözlənilən idi. Son dəfə iki ölkə arasında bu istiqamətdə təmaslar 2019-cu ildə baş tutub. O vaxt Azərbaycan Müdafiə Nazirliyinin rəhbər heyəti İsrailə səfər etmişdi. Ötən müddət ərzində Azərbaycan Ordusu İsrail istehsalı olan bir sıra məhsulları əldə edib. Bu silahlar çoxsaylı olmasa da, əsas vacib istiqamətləri əhatə edən silahlardır. Reaktiv yaylım atəş sistemləri, taktiki raket kompleksi, pilotsuz uçuş aparatlarının alınmasını reallaşdırmışıq. 

Mövcud vəziyyətdə həyata keçirilən səfər hər iki ölkə üçün əhəmiyyətlidir. Azərbaycan Ordusu yeni mərhələyə qədəm qoyur. Daha müasir, modern silahların alınması Azərbaycan üçün vacibdir. Çünki yerləşdiyimiz coğrafi məkanda Azərbaycana qarşı müəyyən təhdidlər var. Belə bir şəraitdə İsrailin Azərbaycana hərbi-siyasi dəstəyi açıq şəkildə hiss olunur. Ona görə də baş tutan səfəri həm hərbi-siyasi, həm də hərbi-texniki əməkdaşlığım daha da dərinləşdirilməsi baxımından əhəmiyyətli hesab edə bilərik. Bu baxımdan, Təl-Əviv-Bakı münasibətləri Azərbaycanın israilin hərbi-təyinatlı vasitələrini əldə etməsi yolunda vacib və əhəmiyyətli əməkdaşlıq formatıdır”. 

Rüfət Sultan