Ekonomiks 15:57 05.10.2022

Neft savaşları Azərbaycana təsir edəcəkmi? - Ekspert

"Rusiyanın təklifi ilə hasilatın 1 milyon barel azaldılması müzakirəyə çıxarılacaq. Neft gəlirlərinin hansı yöndə dəyişəcəyi bu qərardan asılıdır”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadi ekspert Natiq Cəfərli OPEC+ üzvlərinin oktyabrın 5-də Vyanada neft hasilatının azaldılması ilə bağlı keçiriləcək iclasından danışarkən deyib. Ekspert bildirib ki, əgər qərar hasilatın azaldılması yönündə olsa, təbii ki, qiymətlər yüksələcək:
 
"Amma ola bilər ki, bəzi ölkələr bu qərara veto qoysunlar. Hər bir halda hasilatın azalması olacaq. Əsas məsələ hasilatın azalmasının miqdarı ilə bağlıdır. Bəzi ölkələr 10 min, bəziləri 300 min, bəziləri 500 min barel, Rusiya ilə Səudiyyə Ərəbistanı isə 1 milyon barel azaldılmasını təklif ediblər. Bu toplantının nəticələrindən asılı olaraq neftin qiymətləri yönünü bəlli edəcək”.



Natiq Cəfərli bu tədbirin Azərbaycanda maraqla izlənildiyini qeyd edib:

"Azərbaycanın neft gəlirlərinin artması qiymətlə bağlıdr. Qiymət nə qədər yüksəkdirsə, Azərbaycana daxil olan valyuta gəlirləri də bir o qədər sürətlə artır”.

Qeyd edək ki, ABŞ prezidenti Co Baydenin administrasiyası Yaxın Şərqdəki müttəfiqlərini OPEC+ üzvlərinin oktyabrın 5-də Vyanada keçiriləcək iclasında neft hasilatının azaldılması əleyhinə səs verməyə çağırır. Görüşdə Rusiya və Səudiyyə Ərəbistanı pandemiyanın başlanğıcından bəri neft hasilatında ən böyük azalma - gündə 1-2 milyon barel azalma elan edə bilər. 

Bahar Rüstəmli