Xəbər lenti

Psevdo-Soldan faşizmə doğru...
Məmməd SÜLEYMANOV
Dünya 09:00 30.09.2025

Psevdo-Soldan faşizmə doğru...

"Avropa özünün miqrant problemi ilə cəhənnəmə yuvarlanır”, - Donald Tramp BMT Baş assambleyasının 80-ci sessiyasının tribunasından deyir. O, "nəzarətsiz miqrasiya”nı dövrün 1 nömrəli problemi adlandırır.

Trampın sözlərinə görə, BMT "Qərb ölkələrinə və onların sərhədlərinə hücumu maliyyələşdirir”, Qərb liderləri isə "öz ölkələrini məhv edirlər”. O, çıxış yolunu qeyri-leqal miqrantları qovmaqda görür. ABŞ pezidentinin xüsusi tənqidinə Londonun meri Sadiq Xan da tuş gəlir. "Mən Londona baxıram, şəhər çox dəyişib. Miqrantlar şəriət qanunlarına keçmək istəyirlər, unudurlar ki, başqa ölkədədirlər”, - Tramp deyir.

"Əgər təxirəsalınmaz tədbirlər görülməsə, miqrasiya Qərbi Avropanı məhvə aparacaq", - Tramp fikirlərini bu cür ümumiləşdirir.

Bu nitq əslində əmələ çağırışdır və miqrantlara qarşı olan təqibləri  sivilizasiyanın xilasına cəhd kimi təqdim etməkdir. ABŞ prezidentinin çıxışı ölkəsində davam edən miqrant ovu fonunda səslənir. Üstəlik, bu çıxışdan bir neçə gün əvvəl Avropanın ən tolerant ölkələrindən sayılan Niderlandda miqrantların əleyhinə kütləvi çıxışlar və iğtişaşlar baş verir. İlk baxışda elə görünür ki, Haaqadakı iğtişaşlar kortəbiidir, təşkilatçılardan məhrumdur və guya bircə nəfərin çağırışının nəticəsidir. Belə ki, aksiya sosial şəbəkələrdə Els Rechts (Sağçı Els) adı ilə tanınan gənc qadının çağırışından sonra başlayır. O, internetdə immiqrasiyaya qarşı etiraz etmək və sığınacaq haqqında qanunu sərtləşdirmək tələbi ilə insanları küçəyə çağırır. Və bircəcik çağırışla minlərlə insan etiraz aksiyasına çıxır, polislə toqquşur, Sol mərkəzçi D66 partiyasının qərargahını daşqalaq edir. Polis su şırnağı və gözyaşardıcı qazla mitinqi dağıdır - onlarla etirazçı saxlanılır.

Aksiya iştirakçılarının əllərində tutduğu bayraqlar arasında 2-ci Dünya müharibəsində holland nasistlərinin simvolu olmuş bayraq da vardı. Hazırda o, ultrasağçıların simvoluna çevrilib. Bu isə miqrantlar əleyhinə hayqıran etirazçıların tarixən faşistlərin xələfi olduğunu göstərir. 

Haaqadakı aksiya dağıdılandan sonra Els Rechts internetdə yazır: "Bütün bunların nə ilə bitəcəyini bilsəydim, aksiyaya təşkilatçılıq etməzdim”. Yəni, o, dinc, ekssessiz mitinq gözləyirmiş, ancaq əksi alınıb.

Belədirmi? Çətin ki. İllərdir narazı obıvatellər ksenofobiya, irqçilik və millətçiliklə "yoluxdurulur” və bu, özünü küçə qəzəbi ilə göstərməliydi. Məlumdur ki, tox və razı obıvatelin ideologiyası neoliberalizmdirsə, yoxsul və narazı obıvatelin ideologiyası faşizmdir. Və bu gün kapitalizm dərin böhrandan narazı obıvateli faşizm bayrağı altında birləşdirməklə çıxmaq istəyir - yəni problem Sistemdə yox, qaçqınlarda, "yad”lardadır. Və narazı obıvatel bu tezisi məmnunluqla özünə hopdurur. Eynilə ötən əsrin 20-30-cu illərində İtaliya və Almaniyada olduğu kimi. Gənc Els Rechts-in bircəcik çağırışının küçə etirazlarının başlanmasına yetərli olması isə həm də onu sübut edir ki, barıt çəlləyinin partlamasına qığılcım bəs edir.

Niderlanddakı aksiyadan bir neçə gün əvvəl analoji etirazlar Londonda oldu. Orada təşkilatçı artıq hansısa gənc qadın yox, siyasətçi Tommi Robinson və onun "Krallığı birləşdirək” şüarı ətafında birləşmiş çoxsaylı tərəfdarları idi. Təsadüfi deyil ki, rasizm və nasizm əleyhdarlarının cavab mitinqi Robinsonun tərəfdarlarının mitinqi ilə müqayisədə azsaylı və çox sönük alındı.  İmmiqrasiya artıq Britaniyada dominant siyasi mövzuya çevrilib və doğurduğu narahatlığa görə iqtisadi geriləmə ilə bağlı narahatlıqları da arxada qoyub. Çünki obıvateli inandırıblar - iqtisadi tənəzzülün səbəbkarı miqrantlardır. Təkcə bu il ərzində La-Manşı balaca qayıqlarda keçərək 28 min miqrant Britaniyaya gəlib.

Bir sözlə, Sistem özünün daxili ziddiyyətlərinin "səbəb”ini və çıxış yolunu tarixdə növbəti dəfə "yadlar”la mübarizədə görür. Və obıvatelləri buna inandıra bilir.

Ancaq məsələ heç də ilk baxışda göründüyü qədər bəsit deyil. Bizim dövrümüzün kapitalizminin əsas ixtira və uğurlarından başlıcası əvvəlcə nəhəng psevdo-Sol fabriki yaratmaq oldu. Bu fabirikin yetirmələri Sistemin vəkillərinə və dayaqlarına çevrildilər. Onlar nə vaxtsa klassik Solun mübarizə apardığı Sistemin vinti və imicmeykeri oldular. Anlayışların sürüşməsi baş verdi. Sinfi mübarizəni yüzüncü dərəcəli süni problemlərin aktuallaşdırılması ilə əvəzləyən bu psevdo-Solçuların klassik Sola dəxli Suriyada hakimiyyətə gətirilən başkəsənlərin tərəqqi və demokratiyaya dəxli qədərdir. Və bəşəriyyət bu simuklyarlara çox tez öyrəşdi. Böyük maliyyələr Sistemə qarşı mübrizəyə yox, məzmun və mənaların təhrifinə yönəldildi. Çeşidli psevdo-Sol və psevdo-mütərəqqi partiya və təşkilatlar eyni siyasi məqsədə aparıb çıxardı - özünü aldadılmış sayan obıvatellərdə qəzəb və narazılıq yaratdı. "Sol liberallar”ın "insan haqları” konsepsiyaları (feminizm, cinsi azlıqlar, bircinsli nikahlar, "mono-mədəniyyət” və s.) obıvateldə əks-reaksiya doğurdu. Onlar problemlərin kökünü Sistemdə yox, yeni diskursda görməyə başladılar.

Beləliklə, əks tərəfdə yeni sosial sifariş formalaşdı - o, "normallıq”, ənənəvi dəyərlər və "sağlam düşüncə” ilə kamuflyaj olunmuş faşizmdir. Tramp, Mask, Avropa ultrasağçılarının yüngül əli ilə kapitalist mədəniyyətinin yetişdirdiyi degeneratlara "Solçu” yarlıkı vuruldu - unuduldu ki, həmin "Solçu”lar bu günə qədər kapitalizmin dayaqlarını bərkidiblər və ali azadlıq dedikdə də insanın heyvana çevrilmək hüququnu təbliğ ediblər. 

Kədərli mənzərədir - Sistemin bəslədiyi və reklam etdiyi satqın və antihumanist psevdo-Solçular əllərindən gələni etdilər ki, faşizmin qapıları taybatay açılsın. Əslində illərlə davam edən şounun məqsədi də bu idi. 

İkipartiyalı sistemdən ikiölçülü siyasi fəzaya keçiddə heç bir azadlığa yer qalmır. Tramp Amerikası ilə Bayden Amerikası bir medalın iki üzü olduğu kimi, faşizmlə psevdo-Sol (özünün hər cür xırda qrupları "müdafiəsi”, ekoaktivistləri, sinfi mübarizəni qəsdən aktuallaşdırılan epizodik məsələlərlə əvəzləməsi ilə) da eyni fiqurun kölgələridir.

Bəs kütlə? Antuan de Sent-Ekzüperi hələ ötən əsrdə yazmışdı: "Kütlə özünün çürümə azadlığını Azadlıq, öz çürüməsini isə Ədalət adlandırır...”

Məmməd Süleymanov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->