Dünya 19:22 31.01.2023

"Putin simvolikanı sevir, odur ki, fevralın 24-də..." - Politoloq

"Putin fevralın 24-dən yenidən simvolik olaraq hücum tarixi kimi istifadə edə bilər. Ancaq Moskvanın ciddi uğur qazanacağını gözləmirəm. Əksinə, Ukrayna əks-hücumla bir neçə şəhəri, Berdyansk, Melitopol, Zaporejye, Luqansk və Donetskdə bir neçə şəhəri azad edəcək”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri NATO-nun baş katibi Yens Stoltenberqin Rusiyanın müharibə başlayandan bəri Ukraynada ən böyük hücuma hazırlaşdığı barədə səsləndirdiyi fikrinə münasibət bildirərkən deyib:

"Rusiya Ukraynada daha ciddi hücuma keçmək hazırlıqlarını görür. Bu ölkə qismən səfərbərlik adı altında 300 mindən çox insanı orduya cəlb edib. Onlara keçirilən təlim prosesi yaxın zamanlarda bitir. Bu xüsusda yaz aylarına doğru Rusiya Ukraynada yeni hücum əməliyyatına başlaya bilər. Rus ordusunda şəxsi heyət baxımından məsələ qaydasında olsa da, problem ondadır ki, bu ordu hücumu müvəffəqiyyətlə başa çatdırıb, lakin konkret uğurlar əldə etmək üçün texniki təchizat baxımından ciddi problemlərlə üz-üzədir. İstər artileriya sursatları, raketlər, istər tank, təyyarə və vertolyotlar baxımından Rusiyada ordusunda ciddi çatışmamazlıqlar var. 
 


Moskva bu çatışmamazlığı digər dövlətlər vasitəsilə təmin etməkdə də çətinlik çəkir. Yəni, təchizah baxımından Rusiya ordusu problem içindədir. Ukrayna isə Qərbin müasir ağır texnikaları ilə getdikcə daha çox həcmdə təmin edilir. 300-dən çox tank Ukraynaya verilib. Havadan müdafiə sistemləri, "Patriot”lar Kiyevə verilir.  Ukraynanın daha müasir silahlarla təchiz edildiyinin şahidi oluruq. Bu isə Rusiya üçün ciddi problemlər yaradacaq. Ukrayna da cidi əks-hücuma hazırlaşır. Yaxın aylarda onlar arasında həlledici döyüşlər olacaq.  Putin simvolik rəqəmləri sevən insandır. Fevralın 24-də Rusiyanın işğala başladığı ilk günün bir ili tamam olur. Ola bilsin ki, Putin fevralın 24-dən yenidən simvolik olaraq hücum tarixi kimi istifadə edə bilər”. 

Qeyd edək ki, NATO-nun baş katibi Yens Stoltenberq Cənubi Koreyaya səfəri zamanı bildirib ki, Rusiya müharibə başlayandan bəri ən böyük hücuma hazırlaşır. "Biz görürük ki, onlar yeni hücuma hazırlaşırlar, çox sayda əsgəri, 200 mindən çox insanı və bəlkə də daha çoxunu səfərbər ediblər. Onlar fəal şəkildə silah və sursat tədarük edirlər”, – deyə o bildirib. 

Rüfət Sultan