Amal Abuşov
İdman 16:55 27.09.2022

Qaranın De Byaziyə qürur və qətiyyət nümayiş etdirməsi

Bu gün Azərbaycan xalqı üçün önəmli bir gündü. Vətən torpaqları uğrunda canından keçən şəhidlərimizin xatirəsini ehtiramla yad edir, onların qarşısında baş əyirəm. Belə vaxtlarda futbol və digər bu kimi məsələlər heç də ön planda olmur. Ona görə də başqa mövzular barədə düşünmək, yazmaq xeyli çətindi. Amma bəzi sözlər də var ki, onları zamanında demək lazımdı. Bu səbəbdən də indi oxuduğunuz sətirləri qələmə almağa qərar verdim.

Qürurlu olmaq biz azərbaycanlılara xas xüsusiyyətdi. Səbrli davrana bilirik, hansısa münaqişənin qansız-qadasız, sülh yolu ilə həllinə ümid bəsləyirik. Görəndə ki, qarşındakı səni saymır, öz tutduğunu buraxmır, onda həmin şəxsi sərt üzünü göstərməli olursan. Elə Vətən Müharibəsində olduğu kimi. Millimizin italiyalı baş məşqçisi Canni De Byazinin Qara Qarayevə dəvət göndərməməsinə normal yanaşmışdım. Elə Qaranın özü də baş məşqçinin seçiminə hörmət göstərdi. Onsuz da indiyə kimi əcnəbi çalışdırıcıların millimizin, orda oynamağa layiq futbolçuların başına min oyun gətirməsinə çox şahidlik etmişik. Zaman-zaman futbolçularımızın haqqı yeyilib, "Sumqayıt”da çıxış edən, Riad Rəfiyevin müştərisi olanlara millinin qapıları taybatay açılıb. Rəhim Sadıqov "Sumqayıt”ı "Zirə”yə dəyişən kimi De Byazi tərəfindən "unuduldu”. Qara Qarayev "Qarabağ”ın və Azərbaycan futbolunun ən yaxşılarındandı. Amma qocaman italyan onu milliyə layiq bilmədi. Olsun dedik, susduq. 

Amma De Byazinin özünün dili dinc dayanmır. Ölkənin təkcə istedadıyla deyil, davranışıyla da ad çıxaran, hər kəsin hörmət bəslədiyi futbolçularından birinə intizamsız damğası vurur, onu azarkeşlərin gözündən salmağa çalışır. Artıq bu yerdə onu dayandırmaq lazım idi. İmkan vermək olmazdı ki, əcnəbi çalışdırıcı "qırmızı xətti” keçsin. Çox sevinirəm ki, bu missiyanı Qara Qarayev elə özü üzərinə götürdü, işi bizə saxlamadı. Dünən həmkarımız Kənan Hakimovun müəlliflik etdiyi "Bol idman” verlişinə qonaq gedən Qara Canninin ittihamlarını cavablandırdı, özü də yüksək səviyyədə. Xalq həqiqəti bildi, işin əslindən xəbər tutdu. Qaranı bu səmimiyyətinə və cəsarətinə görə alqışlayıram. Adam təkcə özünün deyil, çıxış etdiyi klubun və azərbaycanlı futbolçuların imicini xilas etdi. Canniyə və onun kimi düşünənlərə lazımı tonda çatdırdı ki, səhv yoldasız.

Qara bildirir ki, millidə oynamamasına, əsas heyətdə yer almamısan etiraz etməyib, məşqçinin göstərişlərini yerinə yetirməyə hazır olub. Adını siyahıda görməyincə toparlanıb və baş məşqçinin seçiminə hörmət etdiyini şəxsi səhifəsində ictimaiyyətə çatdırıb. Bununla məsələ qapanmalı, hər kəs öz işiylə məşğul olmalıydı. Amma sinyor De Byazi sakitləşmədi və onun özünü apara bilmədiyinə ehyam vurdu. Neynəyib sənə Qara Qarayev, ay Canni? Futbolçu əsl azərbaycanlı kimi təmkinini qoruyub, sona qədər normal mövqe sərgilədi. Di gəl ki, italyan sakitləşmir, mətbuatı və ictimai qınağı Qaraya qarşı yönəltməyə davam edirdi. Qaranın qonaq olduğu verlişdə dediyi "Mən özüm bilirəm, hətta çox şeyi bilirəm. Amma bilmirəm bunlar kimin daha çox ziyanına işləyəcək, ona görə də bu barədə çox danışmıram” sözləri diqqətimi çəkdi. Ürəkdən ona "əhsən” dedim. Qarayev italyanın bütün arqumentlərini darmadağın etdi, ortaya mövqeyini qoydu.

"Canni De Byazi 4-5 il əvvəl özünü alban kimi hiss edirdi, mənə Azərbaycan millisində necə davranacağımı o mənə öyrədə bilməz” deyir Qara. Bu sözlərdən sonra sinyor özünü danlamalı, heç olmasa, ikilikdə Qaradan üzr istəmələdi. Apreldə İtaliya mətbuatına müsahibə verib, azərbaycanlı futbolçuları xaraktersizlikdə, qorxaqlıqda ittiham edən De Byazi bu sözlərdən öz payını götürsün, himayədarları da onunla ciddi danışsın. Lazım olan qürur və qətiyyəti Qara Qarayev onlara yetərincə göstərdi. Özünüzü yığışdırın!

Amal Abuşov