Sənət 16:50 07.12.2022

Teatrdan çıxarılan 65 yaşlı aktrisa: “Xəstə adam 320 manatla necə dolansın?”

"65 yaşı tamam olan aktyorların teatrın rəhbərliyi tərəfindən işdən azad olunması ilə bağlı deputat Aqil Abbasın parlamentdə problemi qaldırmasından televiziya vasitəsi ilə xəbər tutdum. Ümidləndim, inanıram ki, nazir Aqil Abbasın səsinə səs verəcək və məni teatra qaytaracaq”.

Bunu Qaynarinfo-ya açıqlmasında Gənc Tamaşaçılar Teatrının direktoru Naidə İsmayılzadə tərəfindən işdən çıxarılan aktrisa Məsumə Babayeva deyib. Aktrisa deyir ki, işdən çıxarılması onun ağır xəstəliyə tutulmasına səbəb olub:

"Məni işdən çıxardan kimi stres keçirdim, xəstəlik tapdım. Vəziyyətim pis oldu, əməliyyat olundum. Xəstə olmağımla bağlı Mədəniyyət Nazirliyinə xəbər çatıb. Onlar da evə nümayəndə göndərib. Olanların hamısını danışdım. Dedilər ki, Anar Kərimliyə məruzə edəcəyik. Nəyi deyəcəklər, bilmirəm. İşdən çıxardılandan sonra onkoloji xəstəlik də tapdım. Xəstə adam 320 manatla necə dolansın? Bu pul heç dərmanlarıma çatmır”.

Məsumə Babayevanın sözlərinə görə, GTT-nin 90 illiyi ərəfəsində onu sözü gedən teatra çağırıblar:

"Elə bildim, təbrik edəcəklər. Getdim, "Tərəqqi medalı” verdilər. Birdən məni çağırdılar ki, direktor göstəriş verib, teatrdan çıxmaq üçün ərizə yazmalısınız. Mat-məəttəl qaldım. Bir zülmlə ərizə yazdırdılar mənə, yadıma düşəndə həyəcandan dayana bilmirəm. Mən nə fəxri ad aldım, nə başqa heç nə. Qonorarımı da vermədilər. Bu xəstə halımla məni axtaran yoxdur”.

Aktrisa bütün bunların yeni direktor Naidə İsmayılzadənin teatra təyinatından sonra baş verdiyini vurğulayıb:

"İstədim gedib dərdimi ona deyim, məni heç sayıb qəbul eləmədi. Katibəsi və hüquq şöbəsi mənı küncə sıxıb dedilər ki, ərizə yazmalısan, vəssalam. Bu da mənim 65 illik fəaliyyətim. İndi guya məni teatrda müqavilə ilə saxlayıblar. Amma teatrda oynanılan tamaşalara buraxmırlar. Teatrın direktoru deyib ki, müqavilə ilə işləyənlər teatra işə gəlməsin. O vaxt direktor 9 nəfəri eyni vaxtda işdən çıxardıb. İndi həmin aktyorların heç biri işə gəlmir. Bizim oynadığımız tamaşalardakı rolları başqa aktyorlara veriblər”.

Qeyd edək ki, bir müddət öncə GTT-dən 65 yaşı tamam olan 9 aktyor işdən çıxarılıb. Milli Məclisin deputatı Aqil Abbas parlamentdə GTT-də 65 yaşı olan aktyorların səhnədən uzaqlaşdırılmasına etiraz edib.

Bahar Rüstəmli