İdman 09:57 03.02.2023

Təcrübəli futbol mütəxəssisi: “Hansısa azərbaycanlı məşqçi bu sözü desəydi…”

Azərbaycanın tanınmış mütəxəssislərindən olan Ağasəlim Mircavadov qış fasiləsindən sonra keçirilən turlar barədə fikirlərini bölüşüb.

O, Qaynarinfo-ya açıqlamasında klubların qış fasiləsindəki hazırlığına toxunub, transferlər barədə fikirlərini bildirib:

"Təlim-məşq prosesindən sonra relsə düşmək ağır olur. Ona görə də ilk oyun həmişə ağır keçir. Digər məsələ hazırlıq dönəminin necə keçməsidir. Fasilədən sonra keçən turlarda bütün oyunlara baxdıq. Klublar istədiyi kimi hazırlaşıblar. Oyunlara gəlincə, "Qarabağ” öz oyununu oynayırdı. Amma hazırda hiss olunur ki, komanda əvvəlki formasına düşməyib. Belə başa düşmək olar ki, yeni futbolçuları var, Şahruddin zədələndiyi üçün psixoloji durum tam qaydasında deyil, futbolçuların hər biri həyəcanlıdır. İnşallah hazır olacaqlar, buna söz yoxdur. Kollektiv öz işini görür. 2-3 turdan sonra komandaların hamısı öz formasına düşəcək. Bu mənada "Sabah” bizim çox xoşumuza gəldi. Belə deyim, "yüngül ayaq”la oynayırlar. Hiss olunur ki, komandanın məqsədi var. Hazırlıq o demək deyil ki, çıxdın meydana oynadın, vəssalam. Qarşıya hədəf qoyulur. "Neftçi” - "Zirə” oyununa baxdım. Fikrimcə, "Zirə” uduzmamalı idi. Standart vəziyyətdən sonra qapısında qol gördü. Qol vurmaq imkanları çox oldu, amma həyata keçirə bilmədilər. Hiss olunur ki, "Zirə” inkişafdadır. Transfer etdikləri oyunçular da komandanın üslubuna uyğundur. Mən heç vaxt məşqçinin işinə qarışan deyiləm. Ancaq transfer etdiyin futbolçu yaxşı, keyfiyyətli olmalıdır. Qış aylarında hamı bilir ki, futbolçu almaq ağır olur”.

Mircavadov həm məşqçisi, həm də futbolçusu olduğu sabiq klubu "Neftçi”nin durumunu xüsusi qabardır:
 
"Neftçi”nin heyətlə bağlı problemləri var. Bunu Türkiyədə də gördük. Belə sual ortaya çıxır. Niyə xarici məşqçi gətirirsən? Ona görə istəyirsən ki, təcrübəlidir və ümid edirsən ki, komandada böyük dəyişikliklər olacaq və irəli gedəcək. Üstəlik yerli köməkçilər də ondan nəsə öyrənsinlər. "Neftçi”nin əvvəlki və indiki oyunu tam başqadır. Ələləxüsus da oyunçuların, məsələn, Yusuf Lavalın getməsi kmanda üçün ağırdır. Qış fasiləsindən əvvəlki legionerlər həddindən artıq zəif idi. Oyunçular da o dərəcədə hazır deyillər. "Zirə” ilə oyun da bunu göstərdi. Hətta sona yaxın "Zirə” 10 nəfərlə oynayırdı. Futbolçu cərimə meydançasında yaxşı aldadıb sol tərəfdən mərkəzə çıxdı, amma topu düz qapıçının üstünə vurdu. Qol vursaydı, hesab bərabərləşəcəkdi. Baş məşqçi özü də zaman lazım olduğunu dedi. Çox təəssüf edirəm, azərbaycanlı məşqçi bu sözü desəydi, hay-küy düşəcəkdi. Xarici məşqçi deyəndə, əksəriyyət onu dəstəkləyir. 7 aydı işləyir. Sən bir iş görməlisən, ya yox? Düzdür, aldığı futbolçulara bir oyunla qiymət verə bilmərik. Deyərdim ki, Antalyada toplanışı klubar üçün çox vacibdir. Hiss edilir ki, çempionat getdikcə təzyiqli olacaq”.

Mütəxəssis baş məşqçi Laurentsiu Regekampfın işinə də qiymət verib: 

"Heç bir yenilik gətirməyib. Hazırda komandada oyun sistemi yoxdur. "Qarabağ”ı nümunə göstərdim. Antalyada Polşa klubuna uduzdular. Amma öz oyunlarını oynadılar. Meydana çıxan futbolçu necə oynamalı olduğunu bilir. Bu əsasdır. Oyun sistemi varsa, xal da olacaq. Əfsuslar olsun "Neftçi”də oyun görə bilmirik. Xüsusən də baş məşqçi yarımmüdafiə xəttini düzəldə bilmir. Bu mənim düşüncəmdir. Yarımmüdafiə komandanın beynidir. Bütün işləri həmin mövqelərdəki futbolçular görür. Məsələn, Emin ("Neftçi”nin yarımmüdafiəçisi, Emin Mahmudov - red.) dünən oyunun sonlarına yaxın dayaq yarımmüdafiəçisi kimi oynadı. Onun qabiliyəti var, hara qoysan oynayacaq. Ancaq hər oyunçunun öz üslubu var. Onları birləşdirmək lazımdır”.

"Neftçi”nin sabiq çalışdırıcısı klubların aldığı yeni futbolçuları bir oyunla qiymətləndirməyin düzgün olmadığını bildirir:

"Yeni transferləri bir oyunla qiymətləndirə bilmərik. Qış aylarında bəzən elə futbolçular transfer edilir ki, 3-4 ay futbol oynamamış vəziyyətdə olur. Dəvət edirsənsə, hazırlamalısan. Buna da vaxt gedir”.

Səbuhi Həsənov