Məqsəd Nur
Ölkə 14:49 29.03.2024

Tik, tok, mən burdayam!

Bəlkə, unutmusunuz, xatırladım, ötən əsrin səksəninci illərində Ağadadaşın, Baloğlanın, İsrailin və sair bu kimi, indi "klassika" hesab etdiyimiz "ara" müğənnilərinin mahnılarından ibarət kasetlər "əl altından" satılırdı. Sonra da əl-əl gəzir, toyları, məclisləri bəzəyirdi. 

İndi "Tik-tok"un adını eşidəndə daş atıb başını tutanların əksəriyyəti o havada böyüyənlərdəndir. Hətta aralarında "altdan" mal satan "raypo" müdirlərinin genetik davamçılarını da görmək olar. Eynən indiki kimi, o vaxt da "toylar  kralı" Baloğlan barədə "Kirpi" jurnalında karikaturalı tənqidi yazı da getmişdi. Bütün bunlara baxmayaraq, "altdan" satılan kasetlər, əşyalar, Amerika siqaretləri, cins şalvarlar və saqqızlar bir xeyli adamı varlandırıb, digərlərini fərəhləndirirdi. Yadımdadır, o vaxt "Montana" cins şalvarını gözdən salmaq üçün bir "ağsaqqal ziyalı" deyirdi ki, Amerikada bu şalvarı fəhlə üçün tikirlər, heç utanmırsız, kapitalist fəhlənin geyindiyini geyinib toya gəlirsiniz? Yeri gəlmişkən, o vaxt da məşhur məmurların məşhur övladları, toya, gəzintiyə və sair yerlərə tam "kapstran" libasında gedirdilər... 

Deyəsən, indi də "bəla" Uzaq Şərqdən gəlir. Hesablayıblar ki, "Tik-tok" Birləşmiş Ştatlarda nə az, nə çox, 160 milyard dollar xeyir gətirir. Epidemiyadır, deyilmi? İnanın,  o  kasetlər də, "kapstran" mallar da epidemiya idi və böyük gəlirlər gətirirdi. 

Bəs, bütün bu kimi "epidemiya"ların axırı necə oldu, onu da bilirsiniz? Cəmiyyəti dəyişdi, mənəviyyatı və mədəniyyəti aşındırdı, sonra isə bir qismi məhv oldu, bir qismi folklora, kiçik bir qismi də sənətə, hətta klassikaya çevrilib bizimlə birlikdə gələcəyə addımladı.

 "Tik-tok"un da bu kimi bir axırı var. Onsuz da indi bütün dünyada "sosşəbəkə" senzuraları yaratmaq üçün qızğın iş gedir, qanunvericilik institutları avtomatik texnoloji bloklama proqramları yaradan şirkətlərə böyük qonorarlar vəd edir ki, bizi bu bəladan qoru. İş orasındadır ki, "epidemik" alqoritmləri düşünən şirkətlər həm də onun bloklanması açarlarını özündə saxlayır, bu dəfə o açarların bir qismini özünü kütlədən qorumaq istəyən siyasi nüfuz dairələrinə satırlar. Amerika və Avropa Birliyi kimi "azadlıq adaları" "sosşəbəkə"ni tənzimləmək üçün münasib qanunvericilik və texnoloji tənzilmləmə yolları axtarır. İnanın, özlərinə lazım olanda istənilən növ qıfıla gedən istənilən açarı tapacaqlar. 

Elə o vaxtlar da gənc nəsli ətrafda baş verənlərə loyallıqda qınayırdılar. Məsələn, Ağadadaşa ağız büzüb "Modern Talking"ə qulaq asanlara "qeyri-milli", "yad ünsür" kimi yanaşır, Aqata Kristini oxuyanlar Əlibala Hacızadəni oxuyanlara yanpörtü baxırdılar. İndi də təxminən eyni haldır, gənclər dövrün təzahürlərini normal qarşılayır, orta və yaşlı nəsil isə özünə əl qatıb. Halbuki, qadağadan başqa heç bir alternativ təklif edə bilmədiyimiz yeni nəsil təbii olaraq yeni mühitə, yeni çağırışlara və təhdidlərə adaptasiya olunmağa çalışır. Çünki, təbii instinkt ona deyir ki, ətrafda gördüyün ən pis qidanın ən faydalısını özün seçməlisən, gözünə dəyən, yoluna çıxan bütün təbii və süni təzahürlər qaçılmazdır, sən toxunmasan, sənə elə bir tox vuracaqlar ki, düz yol getdiyin yerdə yıxılacaqsan. 

"Tik-tok"  instinktlərin yaratdığı post-travmatik bir nəsnədir. Mədəniyyət hadisəsi baş vermədikcə o öz yerini bərkidib başqa bir hala keçəcək. Bəs, görəsən, o dövrün yeni təzahürləri necə, bu gün də varmı? 

Səksəninci illərdə digər kommunikasiya, əyləncə və təhsil imkanları olmayan gənclərin müəyyən bir qısmi o məşum "ara musiqiləri"nə qulaq asıb, hind filmlərinə baxıb cin atına minir, ailələri tərk edib özlərinə yeni bir romantika yaradır, beləliklə də, yeni cəmiyyət yaratmağın təməl daşlarını atırdılar. İndi isə bənzər kontingent internetdən və mobil telefonlardan sərbəst istifadə imkanları qazanmaq üçün həyatlarında qəfil dönüşlər edir: boşanır, xaricə gedir, özünü təkmilləşdirmək və dövrə adaptasiya etmək üçün alternativ yollar axtarır. 

Xalqın (kütlənin) icad elədiyi kontent həmişə başqa yolla gedir. Onun sirrini bilmək üçün gərək "xalqşünas", "kütləşünas" olasan. Xalqın bu gün, bu saat, onlayn şəkildə yaratdığı "subkultura"nı kim öyrənir? Bilmirəm, belə strukturlar varmı? Bəlkə, hansısa beyin mərkəzləri? Əvvəllər bunu ya kəşfiyyat strukturları edirdi, ya elmi institutlar, ya sosioloqlar, ya da folklorşünaslar. İndi isə sosial, ictimai durum barədə məlumatların əldə edilməsi, xüsusilə, dəyərləndirilməsi o qədər qəlizdir ki, bunu hansısa bir elmi institutun edə biləcəyinə inanmıram. 

Gəlin elə dilçiliyi götürək, dil fenomenal təzahürdür: sizcə, Dilçilik İnstitutu bu fenomeni öyrənmək, tədqiq etmək, sistemləşdirmək, çevik şəkildə normativlər yaratmaq imkan və qabiliyyətlərinə malikdirmi? Xeyr. Yaxud, televiziya reytinqləri, sosial şəbəkələrdə populyarlıq qazanan səhifələrin alqoritmləri necə ölçülür? Deyim: kustar və yarıtmaz üsullarla. 

Bəs kim deyə bilər ki, susanlar nə düşünür və onların sayı nə qədərdir? Nəinki Azərbaycanda, heç dünyada da bu suallara cavab tapacaq qlobal şirkət və institutlar hələ də formalaşmayıb. Əlbəttə, bu kimi məlumatları toplamaq da qəlizdr, elmidir. Datalar özü belə, nisbidir. Tutaq ki, sizin kredit tarixiniz hələ sizin maddi rifahınızı, gəlirlərinizi və mentalitetinizi əks etdirmirsə, hansı məlumat obyektivliyindən danışa bilərik? "İnsan ölçən" qurğular ola bilər, lakin o statistikanın göstəricilərini müəyyənləşdirən zəkalar haradadır? Şəxsən mən bilmirəm. 

Görəsən, "Tik-tok" dünya müharibəsini başlaya bilərmi? Süni intellekt nüvə düyməsinin basılmasına qərar verərmi? Bütün bu suallar- haqqında danışdığmız, lakin əslində tamamən unutduğumuz İNSAN barədədir. Axı "facebook" və digər "ciddi" platformalardakı auditoriyanın kontentləri də "Tik-tok"dakının əmisi oğludur, yandaşı, bənzəridir. Daha doğrusu, maskalanmış təzahürüdür. İçində kin, qəzəb, çoxlu sual və travmalar yatan, lakin qınamağa yer tapmadığımız  "qüsursuz" adamlardır. "Tik-tok" isə açıqdır. Öyrənə bilmək üçün açıq və ucuz informasiya mənbəyidir. Ona pis deyənlər qüsurlu adamın qüsurunu hər gün başına qaxanlara bənzəyir. "Tik-tok" əsl insan mənzərəsidir. Bəs orada önə çıxan azərbaycanlılar kimlərdir? Onlar çox yaxın keçmişdə təkrar-təkrar çap edilən krosvord və intim serial qəzetlərinin mənəvi davamçıları da ola bilər. Krosvordu populyar etdirən və intellektual print-media layihələrini bazardan vurub çıxaran bəzi media "kapitan"larından sədalar eşidirəm, "Tik-tok" deyib haray salırlar ki, milli mətbuat bərbad olub. Lakin, vəziyyət dəyişməyəcək. Daha doğrusu, bizim aramızdan çıxan heç kim gerçək durumu dəyişdirə bilməyəcək. Zaman və yeni nəsil isə məcburi qaydada yeni şərtlər, yeni platformalar yaradacaq. Öz ağlınız, təcrübəniz və kapitalınız hesabına vəziyyəti dəyişdirə bilmirsinizsə, prosesin təbii axarına mane olmayın. Susun.  

İndi insanlıq öz data məlumatlarını və təcrübəsini havayı şəkildə, hətta su qiymətinə internet trafiki ödəyərək süni zəka üzərində işləyən datalara yükləyir. Gələcəyi də həmin yaddaş müəyyənləşdirəcək. Bundan qaçış yoxdur. 

Bəs "Tik-tok"u və digər "sosşəbəkə"ləri, o cümlədən qlobal arama sistemlərini yaratdığımız kontentlərlə necə doldururuq? Bu sualın da cavabı, yəqin, araşdırılmayan və ya çox az araşdırılan, bəlkə də, məxfi saxlanılan "insanşünaslıq" kateqoriyalarına aiddir. Lakin indidən deyə bilərəm ki, mənim də o süni zəkada bir parçam olacaq. 

Hə, çox sadə şəkildə demək istəyirəm, cəmiyyətin, xalqın və gənclərin mədəniyyət sarıdan tamamən korlanması barədə cəm halda, bəzən də az qala mənim adımdan danışmayın, deməyin ki, hər şey bu qədər pisdir. Öz adınızdan danışın. 

Necə deyərlər, açıq qapını döyüb içəri girmək də bir mədəniyyətdir:

- Tik, tok, mən burdayam, gəl söhbətləşək.

Məqsəd Nur