Ölkə 15:35 11.10.2013

Pərviz Həşimlinin şikayətinə baxıldı

Oktyabrın 11-i Bakı Apellyasiya Məhkəməsində jurnalist, hüquq müdafiəçisi Pərviz Həşimlinin şikayətinə baxılıb.

Oktyabrın 4-də Səbail Rayon Məhkəməsi Pərviz Həşimli barəsində həbs qətimkan tədbirinin ev dustaqlığına dəyişdirilməsi üçün verilən vəsatəti təmin etməmişdi.

“Media forum” saytının məlumata görə, bu gün prosesdə Pərviz Həşimli özü də iştirak edib. Proses Səbail Rayon Məhkəməsinin qərarının qüvvədə saxlanması ilə yekunlaşıb.

Pərviz Həşimli “Bizim yol” qəzetinin parlament müxbiri, “Moderator.az” saytının direktoru, Siyasi və Mülki Hüquqların Müdafiəsi Mərkəzinin sədridir. O, sentyabrın 17-də digər Azərbaycan vətəndaşı Təvəkkül Qurbanovla birgə tutulub. Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsi onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahın və döyüş sursatının qaçaqmalçılığı) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmə, saxlama, daşıma) maddələri ilə cinayət işinə başlayıb. Pərviz Həşimli və Təvəkkül Qurbanov barəsində həbs qətimkan tədbiri seçilib.

Qaynar.info