Siyasət 23:58 30.12.2017

Putin İlham Əliyevi təbrik etdi

Rusiya prezidenti Vladimir Putin Yeni il münasibətilə Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
 
Qaynarinfo xəbər verir ki, Kremlin mətbuat xidmətindən APA-nın Moskva müxbirinə verilən məlumata görə, V. Putin məktubunda ötən il Rusiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinin qeyd edildiyini xatırladıb: "Bu yubiley müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın inkişafında yeni uğurlarla yadda qaldı".

Rusiya prezidenti konstruktiv dialoqun davam etdiriləcəyinə, Cənubi Qafqazda və onun hüdudlarından kənarda təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi istiqamətində ölkələrin, xalqların köklü maraqlarına cavab verən Rusiya-Azərbaycan tərəfdaşlıq əlaqələrinin daha da genişləndirilməsi üzrə birgə işlərin davam etdiriləcəyinə ümidini ifadə edib.