Dünya 14:59 28.04.2018

Abdullah Gül açıqladı: Ərdoğana rəqib olacaq?

Türkiyənin 11-ci prezidenti Abdullah Gül 24 iyunda keçiriləcək növbədənkənar prezident seçkilərində iştirakı ilə bağlı iddialara cavab verib.

Qaynarinfo Hürriyet-ə istinadən xəbər verir ki, Səadət Partiyasının rəhbəri Təməl Karamollaoğlu Gülün prezidentliyə namizədliyi barədə iddia irəli sürmüşdü.

Bir neçə gündür davam edən müzakirələrə Abdullah Gül bu gün keçirdiyi mətbuat konfransında son qoyub:

"Son günlər mənim adım gündəmə gəlib. Bir insanın çata biləcəyi hər şeyi əldə etmişəm. Nə mən, nə də ailəmin elə bir gözləntisi yoxdur. Bütün arzum ölkəmizin dinc və sabit olmasıdır. Bundan əlavə heç bir istəyim ola bilməz. Prezidentlikdən sonra aktiv siyasəti fəaliyyətlə məşğul olmayacağımı dilə gətirmişəm. Türkiyənin ən vacib məsələləri ilə əlaqədar fikirlərimi hörmətli prezidentlə paylaşmaq fürsətim olub. Çevriliş cəhdi zamanı da öhdəmə düşəni tərəddüd etmədən yerinə yetirdim. Ədalətsizlik, haqsızlıqlarla əlaqədar fikirlərimi də ictimaiyyətlə paylaşmaqdan çəkinmədim. Namizədliyimin irəli sürülməsi məsələsi gündəmdə deyil. Ədalət və İnkişaf Partiyasının (AKP) tərkibində yer almış biri kimi təşkilatın prinsiplərini dəstəkləyirəm və onlarla heç bir problemim yoxdur.
 
Erkən seçkilərə qərar veriləndən sonra Səadət Partiyasının sədri Temel Karamollaoğlu mənim adımı çəkdi və bununla bağlı müzakirələr başladı. Baş verənlər mənim iradəmin xaricində edib. Vahid namizədlik məsələsi gündəmdə olarsa, üzərimə düşəni edib, namizəd kimi ortaya çıxaram demişdim. Temel bəyin apardığı danışıqlar nəticəsində vahid namizədlik məsələsində anlaşma olmadı. Bu səbəbdən artıq seçkidə iştirakım müzakirə mövzusu deyil".

Gülşən