ABŞ, Böyük Britaniya və Fransa qüvvələri Suriyada Bəşər Əsədə aid əraziləri bombalayıb.

Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, raket hücumları Suriyada ötən həftə ehtimal edilən kimyəvi silah istifadəsinə cavab olaraq edilib. Nəticədə paytaxt Dəməşq və Homs şəhəri yaxınlığında partlayışlar meydana gəlib. Bildirilir ki, vurulan nöqtələr kimyəvi silah istehsalı ilə məşğul olan, yaxud bu silahların istifadəsi üçün lazım olan avadanlıqların saxlanıldığı yerlərdir.

ABŞ ordusu hücum nəticəsində Pentagonun heç bir itki ilə üzləşmədiyini açıqlayıb. ABŞ müdafiə naziri Ceyms Mattis hücumun 1 dəfə edildiyini dilə gətirib. 

Böyük Britaniya baş naziri Tereza Mey ölkəsinin prosesdə iştirakını təsdiq edib. 

Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov hücum barədə açıqlama ilə çıxış edib. O, xəbərdarlıqlarına məhəl qoyulmadığını və addımın nəticəsiz qalmayacağını bildirib.

Qeyd edək ki, Rusiya Bəşər Əsəd hökümətinə dəstəyi ilə bilinir və ABŞ kimyəvi silah istifadəsində hər iki ölkənin qüvvələrini ittiham edir. 

Gülşən