Xəbər lenti

Ölkə 12:56 18.04.2024

Ali Məhkəmədən mənzilə "kupça" alınmasına dair mühüm qərar

Azərbaycan Respublikasının Ali Məhkəməsində iddiaçının cavabdehə qarşı "iddiaçının mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi” tələbinə dair inzibati işə baxılaraq, qərar qəbul edilib. 

Qaynarinfo həmin qərarı təqdim edirik

İşin halları 

İddiaçı  X MTK-nın sədri ilə aralarında bağlanmış 7 dekabr 2021-ci il tarixli müqaviləyə əsasən inşa olunan  çoxmərtəbəli yaşayış binasında mənzil əldə etmişdir. Müqaviləyə əsasən mənzilin dəyəri 1 kv.m üçün 500 manat müəyyən edilmiş, cəmi 123,5 kv.m sahəsi üçün 61.750 manat təşkil etmişdir. Mənzilin dəyəri iddiaçı tərəfindən tam şəkildə ödənilmiş, bu barədə 7 dekabr 2021-ci il tarixdə arayış verilmişdir. Daha sonra iddiaçı ərizə ilə cavabdehə müraciət edərək mənzilə dair pay haqqını – mənzilin dəyərini tam ödədiyindən, onun həmin mənzil üzərində sahiblik və istifadə hüququ olması əsası ilə müvafiq mənzilə dair hüquqlarının qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh 23 fevral 2022-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, MTK-ya məxsus çoxmərtəbəli yaşayış binasının "Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqqında dövlət qəbul komissiyasının aktı” (və ya istismara icazə sənədi) idarəyə daxil olmamışdır.

Bundan sonra iddiaçı 4 aprel 2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mənzilinin üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçının iddia etdiyi mənzilin yerləşdiyi ünvanda MTK tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasının "istismara qəbul aktı” və ya "istismara hazırlıq aktı” və "istismara icazə” sənədi təqdim edilmədiyindən, cavabdeh inzibati orqan tərəfindən iddiaçının həmin mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilməsi qanuna zidd sayıla bilməz və iddiaçının hüquqlarının pozulmasına səbəb olan halı qismində qiymətləndirilməməlidir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsinin 7 aprel 2023-ci il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və şikayətin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

Kassasiya instansiya məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab etmişdir ki, kassasiya şikayəti əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli tədqiq olunmamışdır. 

Belə ki, cavabdehin məktubdan müəyyən edilir ki, ünvan 1 ünvanında inşa olunmuş çoxmərtəbəli yaşayış binasında 23 ədəd mənzil qeydiyyata alınmışdır. Həmin mənzillər məhkəmə qərarına, MTK tərəfindən verilmiş maliyyə arayışlarına, protokolundan çıxarışlara əsasən qeydiyyatdan keçmişdirlər. Apellyasiya instansiyası məhkəməsi mübahisəli mənzilin yerləşdiyi binadan 23 mənzilin qeydiyyatdan keçməsi barədə iddiaçının dəlilinə münasibət bildirərək qeyd etmişdir ki, "İnzibati icraat haqqında” qanunun 13.5-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Belə ki, inzibati orqanın mövcud praktikasına vətəndaşın etimad hüququ qanunla qorunsa da, etimad hüququnun tətbiq edildiyi orqanın praktikası qanunsuz hərəkətlərə əsaslana bilməz. Hazırkı mübahisənin faktiki halları üzrə isə yaşayış binasının "istismara qəbul aktı” və ya "istismara hazırlıq aktı” və "istismara icazə”si olmadığı halda, inzibati orqanın həmin bina üzrə digər mənzillərə çıxarış verilməsi ilə əhatə olunan hərəkətlərinə vətəndaşın etimad hüququnun qorunması məhkəmə kollegiyası tərəfindən müdafiə edilə bilməz. Lakin apellyasiya instansiyası məhkəməsi cavabdehin məktubunda qeyd olunmuş mənzillərin məhkəmə qərarı, MTK tərəfindən verilmiş maliyyə arayışları, protokoldan çıxarışlar əsasında qeydiyyata keçməsini araşdırmamış, hansı məhkəmə aktı əsasında mənzilin qeydiyyatdan keçməsini müəyyən etməmiş, həmin 23 mənzil üzrə aparılmış inzibati icraat barədə ətraflı araşdırma aparmamış, həmin 23 mənzilin barəsində qeydiyyatın aparılması barədə inzibati icraat materiallarını tələb etməmiş, bu mənzillərə dair qeydiyyatın hansının məhkəmə qərarı əsasında, hansının inzibati orqanın öz təşəbbüsü ilə aparılmasını, həmin məhkəmə qərarlarından inzibati orqan tərəfindən şikayət verilib- verilməməsini, cavabdeh inzibati orqan qeyd olunan məhkəmə qərarları əsasında özünün yeni inzibati praktikasını yaradıb-yaratmaması aydınlaşdırmadan iddiaçı barəsində bərabərlik və inzibati orqanların praktikasına etimadın hüququnun qorunması prinsiplərinin pozulması barədə dəlillərini əsassız hesab etmişdir.

Məhkəmə kollegiyası hesab etmişdir ki, hazırkı mübahisənin qanuni və əsaslı həlli baxımından iş üzrə bərabərlik və etimad hüququnun qorunması prinsiplərinin pozulması hallarının mövcudluğu ilə bağlı məsələyə də qiymət verilməlidir. Belə ki, iddiaçıya münasibətdə bərabərlik prinsipinin pozuntusunun baş verdiyi qənaətinə gələ bilmək üçün məhkəmə, ilk növbədə aydınlaşdırmalıdır ki, iddiaçının təqdim etdikləri ilə eyni olan sənədlər əsasında digər şəxslərin hüquqları qeydə alındığı və bu barədə müvafiq çıxarışın verildiyi halda, onlarla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən imtina olunmuşdurmu, yoxsa iddiaçının halında hüququ qeydə alınmış şəxslərlə müqayisədə fərqli başqa hal və ya hallar vardır? Nəzərə almaq lazımdır ki, Konstitusiyanın 25-ci maddəsinin V hissəsinə əsasən hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. "İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə isə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınmasına xidmət edir. Bərabərlik prinsipi diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Belə ki, həmin prinsiplə ehtiva olunan bərabər yanaşma diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin ilkin şərti kimi çıxış edir. Nəzərə almaq lazımdır ki, inzibati orqan diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı vətəndaş qarşısında bərabər yanaşma prinsipini təmin etmək öhdəliyi daşıyır. Qeyd olunmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. İnzibati orqanlar özlərinin praktikalarında hamıya münasibətdə bərabər yanaşmanı və ardıcıl münasibəti təmin edəcək qaydada davranmalıdırlar. Hər hansı dövlət xidməti müxtəlif səbəblərdən qanunsuz olaraq göstərilmişdirsə, inzibati orqanlar ilk növbədə həmin qanunsuzluğun aradan qaldırmasına yönəlmiş hərəkətlər etməli, eləcə də məsələyə münasibətdə özlərinin sonrakı praktikalarını dəyişdirdiklərini göstərməklə bu halı aşkar nümayiş  etdirməlidirlər.  

Bu  qaydada  hərəkət  etməyərək  əvvəlki  təcrübəyə  uyğun davranmaqda davam etdikdə, inzibati orqanlar eyni hallara əsaslanan sonrakı müraciətləri həll edərkən bərabərlik və etimadın qorunması hüququnun tələblərini nəzərə almalıdır. İnzibati orqanların inzibati praktikası həm də onların özlərinin müstəqil olaraq formalaşdırdığı, yaxud məhkəmə qərarları əsasında formalaşmış hüquq tətbiqi praktikası kimi fərqləndirilə bilər. Əgər hər hansı məsələ üzrə mübahisə məhkəmə çəkişməsi nəticəsində həll edilmişsə, eyni faktiki hallara və hüquqi əsaslara söykənən sonrakı mübahisələrdə inzibati orqan özünün praktikasını həmin qərarın məzmununa uyğunlaşdırmaqla formalaşdırmağa borcludur. Nəzərə alınmalıdır ki, inzibati orqanın məhkəmə qərarına əsaslanan inzibati (hüquq tətbiqi) praktikasının dəyişdirilməsi üçün ya həmin məhkəmə qərarı hüquqi qüvvəsini itirməli və ya sonradan həmin məsələyə münasibətdə yeni məhkəmə təcrübəsi formalaşmalı, yaxud da məhkəmə qərarının əsasında duran maddi-hüquqi əsaslar dəyişməlidir.

Kollegiya qeyd etmişdir ki, sözügedən halların araşdırılması və müəyyən olunması mübahisəyə dair iş üzrə əsaslı və obyektiv qanunauyğun qərarın qəbulu baxımından xüsusi əhəmiyyət daşıyır. Həmin hallar araşdırılmadan və onlara iş üzrə müəyyən olunmuş digər hallarla birlikdə qiymət verilmədən qəbul olunmuş məhkəmə qərarı əsaslı və obyektiv qərar hesab oluna bilməz. İşə təkrar baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən bu qərarın əsaslandırma hissəsində qeyd olunan hallar, obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq araşdırılmalı və müəyyən edilməlidir. 

Yekun məhkəmə aktı: 

Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilib. Apellyasiya instansiya məhkəməsinin 7 aprel 2023-cü il tarixli qərarı ləğv edilib, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib. 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->