Xəbər lenti

Aqil Acalov:
Ölkə 14:47 23.12.2017

Aqil Acalov: "Çətin qərarları ağılla yox, hisslərlə verirəm..." (MÜSAHİBƏ)

Bu gündən Qaynarinfo yeni, "Tam səmimi” rubrikasını təqdim edir. Rubrikamızın ilk qonağı Azərbaycan Alpaqut Federasiyasının prezidenti Aqil Acalovdur.

Qeyd edək ki, Acalov Aqil Şakir oğlu 1985-ci ilin oktyabr ayının 23-də Bakıda ziyalı ailəsində dünyaya gəlib. O, 1992-ci ildə paytaxtın Binəqədi rayonundakı 3 saylı orta məktəbin 1-ci sinfinə qəbul edilib. 2003-cü ildə məktəbi bitirərək Dövlət İqtisad Universitetinin İqtisadiyyatın Dövlət Tənzimlənməsi fakültəsinə, 2007-ci ildə Dövlət İqtisad Universitetinin "Təbiətdən istifadənin iqtisadiyyatı" fakültəsinin magistraturasına daxil olub. 2015-ci ildə Kooperasiya Universitetinin doktorantura pilləsində "İnnovasiya amilinin müəssisələrin səmərəli inkişafına təsiri istiqamətləri" mövzusunda elmi işini müdafiə edərək iqtisadiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. Aqil Acalov ictimai-siyasi fəaliyyəti ilə daim fərqlənib və müxtəlif vəzifələrdə çalışıb. Hazırda Maliyyə Nazirliyinin Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinin Büdcə sektorunda baş məsləhətçi, Azərbaycan Alpaqut Federasiyasının prezidentidir. 

- İlk iş yeriniz hara olub? 
- Poliqrafiya işi idi. Kitab, qəzet çapı ilə məşğul olurdular. Mən isə magistraturanı yeni bitirmişdim. Təşkilatçılıq qabiliyyətimə, ictimai fəaliyyətimə bələd olduqlarından müdir müavini vəzifəsinə dəvət etmişdilər. Mən də razılaşdım. Amma orada çox işləmədim. Bir müddət sonra öz ixtisasım üzrə maliyyəçi kimi Dövlət Qulluğu məsələləri üzrə Komissiyada işə düzəldim. Və iş həyatına belə start verdim. 

- İlk iş günü necə keçdi? 
- Mən çox məsuliyyətli insanam. Əgər bir işə başlayıramsa, orada öz sahəm üzrə ən yaxşı olmalıyam. Təbii ki, həyəcanlı idim. Amma deyim ki, bu həyəcanın səbəbi yeni iş yeri, yeni kollektiv deyildi. Çünki istiqanlı insan olduğumdan yeniliklərə də tez alışacağımı bilirdim. Sadəcə dediyim kimi, məndə olan mübarizlikdən qaynaqlanan o çalışmaq, verilən işi yerinə yetirə bilmək həyəcanı idi. 

- Əqrəbsiniz...
- İnanırsınız, hələ də hansı bürc olduğumu bilmirəm. 23 oktyabrda doğulduğumdan bəzi yerlərdə tərəzi gedirəm, bəzilərində əqrəb. İnadkarlıq, mübarizlik, rəqabət, daim axtarışda olmaq və s. kimi xüsusiyyətlərimi əqrəbə daha yaxın görürəm. Ancaq intuisiyama həddindən artıq güvənən insanam. Hətta deyərdim ki, çətin qərarları adətən ağılla yox, hisslərə güvənərək verirəm. Bu xüsusiyyətim isə tərəziyə daha yaxındır. 

- İlk maaşınızı nəyə xərcləmişdiniz? 
- Mən heç vaxt maaş düşünməmişəm. Düzdü, pul hamıya lazımdı. Amma şükür ki, uşaqlıqdan heç bir ehtiyacım olmayıb deyə görəcəyim işin mahiyyəti mənim üçün daha böyük əhəmiyyət kəsb edib. Amma yadımdadır ki, 135 manat maaş almışdım. Hamısını da anama, atama, qardaşıma xərcləmişdim. Onlara hədiyyələr almışdım.

- Xarakter etibarilə çılğın insansınız? 
- Bu sualı özümə də çox verirəm. Mən xarakter etibarilə hərtərəfli insanam. Çılğınlığım da, sərtliyim də var, hətta bəzən uşaq kimi kövrəkliyim də olur. Ancaq bunu büruzə verməməyə çalışıram. Və ilk dəfə də sizə deyirəm. (gülür) 

- Bu sualı niyə verdim? Adətən 18-19 yaşında çılğın olan gənclər üsyan əlaməti olaraq mövcud rejimə qarşı çıxmaqla özlərini ifadə edirlər. Sizdə əksi olub. Qısaca deyim, niyə müxalifət yox, iqtidar? 
- Əvvəla onu deyim ki, mən həyatda heç nəyə üsyan etməmişəm və etmərəm də. Yəni, nəyinsə nəticəsi varsa, o işin arxasınca düşürəm. Nəticəsi olmayacaq bir şey üçün özümü heç vaxt yormuram. Siyasi mövqeyimə gəldikdə, fəxr edirəm ki, müstəqil Azərbaycanın övladıyam və müstəqil bir dövlətdə böyüyüb, boya-başa çatan gəncəm. Hələ uşaq vaxtlarından daim ölkədə hansı proseslərin baş verdiyinə diqqət yetirirdim. Görürdüm ki, respublika nə vəziyyətdədir. Artıq ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən, stabillik yarandıqdan sonra bir qərar verməli idim. Çünki həmişə demişəm ki, hər bir vətənpərvər gəncin siyasi mövqeyi olmalıdır. Fərq etmir ki, bu müxalifətdir, ya iqtidar. Təbii ki, bir fərd olaraq mən də bir seçim qarşısında idim  və bu siyasi kursu təbliğ etməyə başladım. Əslində seçimimə bir az da ailəmin təsiri oldu. Çünki mənim ailəm də hələ SSRİ-nin vaxtından Heydər Əliyevi sevib. Həm də belə bir şey var ki, ideal cəmiyyət yoxdur, ideal dövlət də yoxdur. Bu gün dünyanın ən böyük dövlətləri olan ABŞ-da, Çində də heç nə ideal deyil. Hətta deyərdim ki, müəyyən dəyərlərə görə biz onlardan dəfələrlə üstünük. Ən azından bu gün biz Suriyada deyilik ki, başımızın üstündən bombalar yağsın, Fransada deyilik ki, beynimizi yusunlar, gedək özümüzü yandıraq, Şimali Koreyada yaşamırıq ki, ölkədən kənara qoymasınlar, İranda deyilik ki, qadınlarımız başını bağlamağa məcbur edilsin. Ya da qardaş ölkə Türkiyəni götürək, gündə nə qədər bomba partlayır, itkilər olur. Qaldı ki, maliyyə baxımından analizə, bu hər bir cəmiyyətdə olur. Hamı gözəl yaşaya bilməz, hamının hər şeyi ola bilməz. Bu təbiətin qanunudur. Ümumi prizmadan yanaşanda mənim bu gün dövlətimi və dövlətimin apardığı siyasəti sevməməyə heç bir əsas yoxdur. Razılaşmadığım, dəstəkləmədiyim şeylər də var. Amma bu ən çox müəyyən dövlət məmurlarının özbaşınalığından qaynaqlanan məsələlərdir. Məsələn, onlar prezidentlə vətəndaş arasında körpü qurmaq əvəzinə, divar hörürlər.  
 


- Aqil Acalov bu gün nəyə gülür? 
- Maraqlı və çətin sualdır. (gülür) Gəl, bu sualı sonda cavablandıraq.

- Müasir həyat tərzi nədir? 
- Elm, texnologiya hər gün inkişaf edir. Və mənə görə müasir həyat tərzi bu inkişafdan düzgün formada və lazımi istiqamətdə yararlanmaqdır. 

- Bəs müasir Azərbaycanlı necə olmalıdır? 
- Təəssüf ki, bu gün bizim insanımız müasirlik anlayışını düzgün dəyərləndirə bilmir. Təbii ki, dünya ilə ayaqlaşmaq və dünyaya inteqrasiya etmək lazımdır. Amma bizim gənclərimiz harda lazımsız davranış, geyim, qayda, adət var onları mənimsəyirlər. Məsələn, bayramları götürək. 14 fevralda sevgililər günü qeyd olunur. Mən bunun əleyhinəyəm. Halloven deyilən bayram qeyd olunur. Mən bunun da əleyhinəyəm. "Niyə" desəniz, çünki biz bunu düzgün qəbul edə bilmirik. Yarı-yarımçıq edirik. Belə olduqda pis nəticələr meydana çıxır. Və ya başqa bir cəhətdən yanaşaq. Müasirlik deyəndə gənclərimiz ilk növbədə geyim və davranış qaydalarını başa düşürlər. Əslində isə müasirlik insanın dünyagörüşünün genişlənməsində, hərəkətlərində, sözlərində, təhsilində özünü göstərməlidir. Əgər sən Avropadan nəsə götürmək istəyirsənsə, onu öz mentalitetinə, mental dəyərlərinə, adət-ənənənə uyğunlaşdırıb götürməlisən. 

- Narazılıqlarınızdan danışdınız. Bəs gənclərimizdə sizi nə qane edir? 
- Deyərdim ki, son 10 ildə Azərbaycan gənci özünün intibah dövrünü yaşayır. Təhsili götürsək, gənclərimiz bu gün dünyanın ən məşhur, samballı universitetlərində təhsil alır. Elmi ixtiralarla məşğul olurlar. İdmanda son illərdə böyük uğurlar qazanmışıq. Əvvəlki illərlə müqayisədə sağlam həyat tərzi sürmək istəyən gənclərimizin sayı çoxdur. Gənclərimiz xeyli sayda xeyriyyə aksiyalarına qoşulurlar, ictimai-siyasi işlərdə fəal iştirak edirlər. Və ən əsası, bu gün Azərbaycan gənci öz milli mənsubiyyətini dərk edir, vətənpərvərdir. 

- Homoseksuallara münasibətiniz necədir? 
- Pis, çox pis. Mən belə bir şeyi qəbul etmirəm. Bu bizim dinimizə, milliyətimizə, dəyərlərimizə ziddir. Deyirlər ki, ay nə bilim xəstəlikdir, insan bunu istəyərək seçmir. Məncə, bu nəfsdir. İnsan iradəli olmalıdır, nəfsinə qalib gəlməyi bacarmalıdır və düzgün yolu, düzgün həyat tərzini seçməlidir. Şükür ki, ətrafımda elə bir insan yoxdur. Amma harasa gedəndə də, orada "üzdənirağın” olduğunu biləndə birmənalı şəkildə həmin yerdə iştirak etmirəm. Düşünürəm ki, Qarabağda müharibə başlayarsa, homoseksualları ön cəbhəyə, düşmən üzərinə göndərmək lazımdır. Ən azı vətənə, millətə ölümləri ilə bir faydaları olsun. Həm də bəlkə 5-10 erməni öldürərlər. (gülür)

- Nə pərdə arxasında qalmalıdır? 
- İnsanın şəxsi həyatı. Ailəsi, anası, bacısı, həyat yoldaşı, sevdiyi, övladları... Əfsuslar olsun ki, bu gün bir çoxları öz şəxsi həyatı ilə gündəmdədir. Mən şəxs olaraq buna yaxşı baxmıram və düşünürəm ki, kişinin şəxsi həyatı elə şəxsi də qalmalıdır. 

- Ötən gün "Facebook" hesabınızda Azərbaycan kişisi haqqında geniş bir status yazmışdınız. Bəs əsl qadın, əsl Azərbaycan qadını sizə görə necə olmalıdır? 
- Bir az tarixə istinad edəcəyəm. Biz qədim tarixə malik xalqıq, türk millətiyik. Tarixdə ən çox dövlət qurmuş etnosuq. Azərbaycan qadını deyəndə Azərbaycan kişisiylə çiyin-çiyinə vuruşan bir qadın canlanır göz önündə. Mən demirəm ki, bu gün qadınlarımız əlinə silah alıb Qarabağa getməlidir. Amma güclü olmalıdır, müasir olmalıdır. Geyim baxımından demirəm. Şüur, təfəkkür baxımından müasir olmalıdır. Öz sözünü deməyi bacarmalıdır. Bir kişi kimi yanımda sözünü deyə bilən, fikrini rahat, çəkinmədən ifadə edən, vətənpərvər bir qadın görmək istəyərəm. 

- Ailə sizin üçün nədir? 
- Ailə müqəddəsdir. Ailə toxunulmazdır, insanın şərəfidir, qeyrətidir. Mənim üçün dünyada ən gözəl nemət ailədir. 

- Tam səmimi, niyə evlənmirsiniz? 
- Bu vaxta qədər mənim üçün işim öndə olduğundan karyera qurmaqla məşğul olmuşam. İndi də desəm ki, yaxşı qız tapmaq çətindir... (gülür) Çətindir əslində, bu öz yerində. Amma tam olaraq bu da deyil. Yaxşı qızlar da var. Sadəcə təvazökarlıqdan uzaq olacaq amma mən çox dərin insanam. Və bu günə qədər hələ o dərinliyimə çata bilən, məni həqiqətən anlayan qadına rastlamamışam. İdealım olan qadın o qadındır ki, mənim dayağım olsun. Ondan ilhamlanıb, güc almalıyam. Ümumiyyətlə, bu çox həssas mövzudur. Elə seçim etmək lazımdır ki, yanılmayasan, peşman olmayasan. Çünki mən boşanmağa qarşıyam və yaxşı baxmıram. İndiki gənclər ən kiçik məişət məsələlərinə görə belə ailə dağıdırlar. Kişi elə bir xarakterə malik olmalıdır ki,  ən böyük problemləri belə sakitliklə həll etməyi bacarsın və ailəsini qorusun. 

- Və qayıdaq bayaqkı sualımıza. Acalovu nə güldürür? 
- Xarakterim elədir ki, çox gülən insan deyiləm. Ona görə mənim üçün bu sualı cavablandırmaq çətindir. Məni uğur da güldürər, hər hansı yumor da güldürər. Amma daha konkret desəm, məni bu gün elə mən özüm güldürə bilərəm.  

- Bilirsiniz yəqin, son zamanlar çoxlu vine çəkən gənclərimiz var. Onlara münasibətiniz necədir? Və ümumiyyətlə bu gün Azərbaycanda yumor nə səviyyədədir? 
- Açığı deyim, bu yaxınlarda bilmişəm viner nə deməkdir. Viner? Adını düz dedim? (gülür) Pis baxmıram, əyləncədir. Amma qədərində olunsa, yaxşıdır. Hər şeyin çoxu ikrah hissi yaradır. Azərbaycanda yumor isə yetərincə deyil. KVN, səhnə yumoru başqa şeydir, komediya filmi tam başqa. Amma təəssüf ki, bu gün çəkilən əksər filmlərdə səhnə yumorundan, yəni epizodik yumorlardan istifadə olunur. 

Nərmin Həsənli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->