Uqandada kişilərin həyat yoldaşlarını döyməsini tövsiyyə edən millət vəkili Onesimus Tvinamasikoya qarşı ölkə qadınları səfərbər olub.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, deputat çıxışında "kişi olaraq qadınlarınızı nizama salmalısınız, yola gətirmək üçün bir şəkildə döyməlisiniz" ifadəsini işlətdiyi üçün qadınların sərt reaksiyası ilə üzləşib.

Uqanda Ailədaxili Şiddətin qarşısını alma mərkəzinin direktoru Diana Kagere Tvinamasikonun bütün qadınlardan üzr istəməli və müalicə almalı olduğunu bildirib.

Millət Vəkili fikirlərini bu cür əsaslandırıb: "Yaralayacaq və ya öldürə biləcək növdə davadan bəhs etmirdim. Amma bir sillə vurmaq pis olmaz. Çünki münasibətləri düzəldər. Bir dəfə arvadım mənə sillə vurmuşdu, mənim üçün heç bir problem yoxdur. Əyləşib mübahisələrimizi həll etdik. Bir dəfə də mən onu vurmuşam. Çünki mənə qarşı yanlış davranmışdı".

Qeyd edək ki, Tvinamasiko Uqanda prezidenti Toveri Museveninin Beynəlxalq Qadınlar Günündə çıxışı zamanı işlətdiyi, "Arvadlarını döyən kişilər qorxaq və axmaqdır", ifadəsinə cavab olaraq sözügedən açıqlamanı vermişdi.