Xəbər lenti

“AstraZeneca” peyvəndini dünya bazarlarından geri çağırır - Etiraf
Dünya 15:12 08.05.2024

“AstraZeneca” peyvəndini dünya bazarlarından geri çağırır - Etiraf

Böyük Britaniyanın "AstraZeneca” əczaçılıq şirkəti, məhkəmədə nadir, lakin təhlükəli yan təsirlərə səbəb ola biləcəyini etiraf etdikdən sonra öz Oxford-AstraZeneca Covid-19 peyvəndini bütün dünyadan geri çağırır.

Qaynarinfo xəbər verir ki, bu barədə Britaniyanın "The Telegraph” qəzeti yazır

Nəşr yazır ki, peyvənd bütün dünyada geri çağırılacaq. "AstraZeneca” marketinq icazəsini könüllü olaraq geri cağırdıqdan sonra o, artıq Avropa İttifaqında istifadə edilə bilməz.

Peyvəndin geri çağırılma müraciəti martın 5-də verilib və 2024-cü il mayın 7-də qüvvəyə minib.

Oxşar müraciətlər yaxın aylarda təkcə Aİ-də deyil, Britaniyada və "Vaxzevria” kimi tanınan peyvəndi təsdiqləyən digər ölkələrdə də təqdim olunacaq.
Eyni zamanda, əczaçılıq nəhəngi əmin edir ki, peyvəndi bazarlardan geri götürmək qərarı sırf kommersiya xarakteri daşıyır. Belə ki, Vaxzevria peyvəndi artıq istehsal olunmur və tədarük edilmir, COVID-19-un yeni variantları ilə mübarizə aparan yenilənmiş və daha təhlükəsiz vaksinlərlə əvəz edilib.
Oxford-AstraZeneca peyvəndinin trombositopeniyaya (TTS) səbəb ola biləcəyi, qanda trombosit səviyyələrinin düşməsi və qan laxtalarının əmələ gəlməsi və bunun ciddi fəsadlara səbəb ola biləcəyi iddiaları ilə üzləşib.

30 aprel 2024-cü ildə məlum olub ki, "AstraZeneca” ilk dəfə məhkəmədə peyvəndin əslində bu nadir, lakin hipotetik olaraq ölümcül yan təsirə səbəb ola biləcəyini etiraf edib.

Belə etiraf, onlarla ailənin peyvəndin istifadəsi səbəbindən yaxınlarına dəymiş ziyana görə kompensasiya tələb etdiyi məhkəmə prosesində əsas amilə çevrilə bilər. 

Britaniya məhkəməsində iddiaçıları təmsil edən vəkillər bildirirlər ki, bəzi hallarda təzminat 20 milyon funt sterlinqə qədər ola bilər. Ümumi təzminat iddialarının təxminən 100 milyon funt sterlinq olduğu təxmin edilir.

"AstraZeneca” məhkəmədə etiraf edib ki, onun peyvəndi TTS-ə səbəb ola bilər, baxmayaraq ki, bu fəsad çoxdan məlumdur. Məhkəmə sənədlərində şirkət qeyd edir ki, peyvənddən sonra bu problemə nəyin səbəb olduğu məlum deyil.

Qeyd olunur ki, peyvəndin səbəb olduğu trombositopeniya sindromu ilə tromboz, İngiltərədə ən azı 81 ölüm və yüzlərlə ağırlaşma ilə əlaqələndirilir. 50-dən çox ailə "AstraZeneca”nı Böyük Britaniya Ali Məhkəməsinə verib.

Bununla belə, şirkət israr edir ki, peyvəndin geri götürülməsi qərarının məhkəmə işi və ya dərmanın TTS-ə səbəb ola biləcəyini qəbul etməsi ilə bağlı deyil."Biz Vaxzevria-nın qlobal pandemiyanın sona çatmasında oynadığı roldan inanılmaz dərəcədə qürur duyuruq. Müstəqil hesablamalar göstərir ki, təkcə istifadənin ilk ilində 6,5 milyondan çox insan xilas edilib və bütün dünyada üç milyarddan çox doza çatdırılıb”, - "AstraZeneca”nın bəyanatında deyilir.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->