Ölkə 15:50 16.11.2017

Atasının üzünü ildə bir dəfə görən oğlanın namus anlayışı

Lalə Niftaliyeva
 
Yazı yazmaq üçün onları qəlibə salırıq. Reportaj, müsahibə, roman, hekayə, köşə və s. Bəzən bütün bunların hamsının bir yerə yığıb heç kimin anlamadığı və hamının yaxşı bildiyi yazı yazmaq gəlir adamın içindən. Bir qaşıq reportaj, 1-2 çimdik müsahibə, ovuc-ovuc hekayə, üstünə də roman xırda-xırda doğradınmı, hazırdı. Otur nuş elə, amma doyma.
 
Bu yaxınlarda "Yoxsulluq mədəniyyəti" haqqında yazı oxumuşdum. Ekonomik fərqlər həm də mədəni fərqlər yaradır. Mən varlı olmamışam, zəngin insanların həyat tərzi, düşüncələri və problemləri haqqında heç bir məlumatım yoxdur. Amma hər gün ictimai nəqliyyat vasitələrindən istifadə edən o insanlar haqqında çox şeyi bilirəm. 
 
Elə dünən avtobusda bu yazını yazacağıma qərar verdim. Bütün kasıbları bir yerdə görüşdürən ictimai nəqliyyatda nə filimlər izləyirik hər gün... Dram, komediya, aksion, dedektiv və s. Film heyəti çox möhtəşəmdir. Bəzən səssiz kadırlarla bir roman oxuduğunu zənn edirsən. Hazırsınızsa, başlayaq. Əgər qarşılaşmışıqsa, bu nəqliyyatda məni görmədiyin üçün üzülmə, yenə qarşılaşacağıq. Çünki biz kasıbıq...
 
Bu filmdə hansı rolu oynadığımı bilmirəm, amma indi avtobusa minən 45-50 yaşlı bu kişini Ələsgər adlandırmaq istədim. Həm adların nə fərqi var ki, biz qavramadan bizə verilən bu çoxlu adlar və öhdəliklər. Ələsgər kişi 3 yaşlı nəvəsi ilə mindi avtbusa. Siz onun saçlarının ağardığını görürsünüz, amma o heç güzgüyə baxmır. Əlləri ilə hiss edir ağ saçlarını. Gözlərinin qırağına o qədər nakam arzular yığılıb ki, vaxtından əvvəl qocalan o bədbəxt gözləri gizlətmək istəyib bəlkə də. Nəvəsinin saçına çəkdiyi hər tumarda həsrətində olduğu uşaqlığını yad edir. Bəzən sonuna qədər dözdüyümüz bu yer kürəsinə sırf xatirələrimizə görə dözə bilirik. Həyatımızın hər şeydən zövq ala bildiyimiz dövrü. Bizim üçün cəmiyyətin mövcud olmadığı və yalnız təbiətin, sevginin, yeniliyin olduğu məsum vaxtlar. Bəzən bütün ömrümüz boyu xatirələrimizə həkk olunmuş bir ətrin arxasınca gəzərik. 
 
Elə çantasından bərk yapışan bu xanım kimi. Deyəsən adı Sevdadı. Mənə bir qohumumu xatırlatdı. Onun da adı Sevda idi. Bu qadınlar sevdasız qadınlardı. Çünki özlərinə yazıqları gəlir. Fədakar olduqlarını düşünürlər. Qohumumuzun həyat yoldaşı onu gənc və gözəl olduğu vaxtlarda tək qoyub, Rusiyaya işləməyə gedib. O da özünü ona həsr edib, hər ay göndərdiyi pulla özünə aldığı zinət əşyalarına bağlanıb, uşaqlarını böyüdüb. Məsələn, onun oğlu sosial şəbəkədə məni görəndə "Heç olmasa, başqa adla gir bura, bizi biabr eləmə" demişdi. Çünki onun anası özünü atasına fəda etmiş xoşbəxt qadındır. Mənə o sözü deyən oğlan atasını ildə bir dəfə görürdü. Amma atası qocalığında geri döndü. O oğlan da artıq evlənmişdi. Elə bu avtobusda mənə tərs-tərs baxan narazı xanımın da həyat yoldaşı burda yoxdur. Onun əri hələ qocalmayıb. 
 
Rayondan gəlib bu qız, birinci kursda oxuyur. Artıq yolları öyrənib. Bu qızlar adətən saçlarını mütləq düzləşdirir və bacarmadıqlarını bəlli edən makiyaj edirlər. Yox əşi, nə fəlsəfə, nə fərdi inkişaf. Hazırda bir məqsədi var, o da ailə həyatı qurmaq. Hər gecə xəyalını qurduğu gəlinlik paltarı var. Bir dəfə rəfiqəmlə söhbət etdiyimiz vaxt bu qənaətə gəlmişdik ki, bu qəlibdən olan qızlar çox xoşbəxt olur. Sadə məqsədlər və proqramlaşdırılmış həyat tərzi. Onu incidəcək suallar haqqında heç vaxt düşünməyəcək. Bir də mən ona baxıb düşündüklərimin əksinə, o mənə baxdığı zaman əynimdəki paltarlar haqqında düşünəcək. Bir neçə ilə də Sevda xala olacaq.
 
Ələsgər dayı nəvəsi ilə marşrutu tərk etdi və onun yerində gənc xanım əyləşdi. Xoşbəxt olduğunu hamıya göstərmək istəyən bu gənc xanım artıq 3 ildir ki, evlidir. Bu cür qadınların baxışlarında ifadə olmur. Məsələn, axşam əri ilə gəzintidən foto çəkib və "hər şeyim mənim" başlığı ilə paylaşıb. Doğurdan hər şeyidi? Təbii ki, yox. Biz özümüzü olmaq istədiklərimizə bənzətməyi sevirik. Məsələn, o "hər şeyim" dediyi həyat yoldaşının heç nəyi onun üçün maraqlı deyil. Onlar içlərində gizlətdikləri sirrlərini bir-birinə heç vaxt etiraf etmədən ölənə kimi birlikdə yaşayacaqlar. Bağışlayın, yaşayacaqlar yox, öyrəşəcəklər. 
İnsanlar hər zaman "yaxşı insan" olduqlarını sübut etməyə çalışırlar. Ona görə də bütün emosiyalarını içlərində basdırırlar. Bu qadın ərinə heç vaxt deyə bilməyəcək ki, mən səninlə keçmiş sevgilimin acığına evlənmişəm. İndi bütün bu xoşbəxtlik oyunlarının səbəbi odur. Ən kədərlisi o qadın bunu özünə də etiraf etmir. Ən böyük qorxusu ilə üzləşməkdən onu bilirsiniz nə qoruyur? Sosial şəbəkələrdə yaratdıqları xoşbəxtlik oyunu, özünün də möhkəm inandığı oyun. 
 
Bəzən filmin ortasından qəribə qoxu gəlir. Dönürsən ki, 50 yaşlarında olan bir qadın. Saçları boyalıdı, amma tükləri də ona üsyan edir. Üstündən işlədiyi kafenin yemək, içki və siqaretə qarışmış yağ iyi gəlir. Özü bunu hiss etmir, çünki bu hava artıq onun nəfəsindədir. Orda qab yuyan işləyir. Çünki əllərinin içi yox, barmaqlarının ucu parça-parçadır. Bir onu deyə bilərəm ki, oğlu hər kəsə əxlaq dərsi keçən "ağzı qara gədə"dir. Bu qadın isə oğlunu sevir, onu hər cür qəbul edir. Oğlunun qurduğu xəyallarla ovudur özünü. Amma əmindir ki, ölənə kimi gəlininə də, nəvəsinə də özü baxacaq. Qəribədir bu cür qadınların baxışlarında ümid özünə məskən salıb.
 
Hə deyəsən, mən çatdım axı. Amma davam edəcəyik...
 
Qaynarinfo.Az