Siyasət 12:38 02.08.2013

AXCP və Müsavatdan prezidentə CAVAB

Həsən Kərimov: “Saakaşvilinin Azəarbaycanda müəyyən maddi maraqları var”

Gülağa Aslanlı: “Saakaşvilinin bu fikirlərində Azərbaycan hakimiyyətinə yarınmaq xətti görünür”


Gürcüstan prezidenti Mixail Saakaşvili Tiflisdə Azərbaycan müxalifətçilərinin görüşünü şərh edərkən bildirib. O deyib ki, Gürcüstan öz ərazisində Azərbaycana qarşı vurula biləcək zərərin hər-hansı təzahürlərinə imkan yaratmamalıdır: “Biz demokratik ölkəyik və burada istənilən siyasi fəallığı göstərmək olar, lakin biz hamımız bilirik ki, insanların bu konkret qrupu, Rusiya tərəfindən Azərbaycan siyasətinə göndərilib və yalnız stabilliyi pozan bir andır”.

Saakaşvilinin bu fikirlərinə Milli Şurada təmsil olunan AXCP və Müsavatın funksionerləri sərt cavab veriblər.
 
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) ali məclisinin sədri Həsən Kərimov Qaynar.info-ya deyib ki, Gürcüstan kimi demokratik ölkənin prezidentinin belə bir açıqlama verməsi təəssüf hissi doğurur: “Bu, onu göstərir ki, Mixail Saakaşvili ilə hakimiyyətin başqa ilgiləri var. Buraya şəxsi münasibətlər daxildir. Saakaşvilinin Azərbaycanda müəyyən maddi maraqları var. Ona görə də Gürcüstanda keçirilən Milli Şuranın müşavirəsini şübhə altına alır və ona qara yaxmağa çalışır”.

H.Kərimov Saakaşvilinin dediklərinin Milli Şuranın sessiyasında müzakirə ediləcəyini deyib: “Yəqin ki, bu məsələlər Milli Şura tərəfindən müzakirə edilərək Gürcüstan prezidentinin nəzərinə çatdırılacaq. Gürcüstan prezidenti yaxşı bilir ki, Milli Şurada təmsil olunan partiyalar Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizə aparıblar. Həmin partiyalar həm də Rusiya imperiyasından Azərbaycanı xilas edən partiyalardır. Belə partiyalara qara yaxmaq Saakaşvili kimi dövlət başçısına yaraşmır. Bilirsiniz ki, Milli Şurada təmsil olunan partiyalar Avropa inteqrasiyası məsələsinə, Avropa dəyərlərinə daha çox üstünlük verirlər. O, bu partiyaları özü üçün müqayisə eləsin, o zaman biləcək ki, həmin partiyaların Rusiya ilə əlaqələri yoxdur. Azərbaycanda bugünkü hakimiyyətin möhkəmləndirilməsində Rusiyanın böyük rolu olub. Yəni onun dedikləri absurd bir məsələdir”.

Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı da Saakaşviliyə sərt cavab verib: “Onun Rusiyanın Azərbaycanın daxili işlərinə qarışması, ölkədə qarışıqlıq törətməsi kimi fikirlər söyləməsi ilk dəfə deyil. Yadınızdadırsa, 3-4 ay bundan əvvəl də belə bir fikir söyləmişdi. Onun nə qədər demokrat imici olsa da, öz ölkəsində olan demokratik dəyişiklikliyi həzm edə bilmir. Gürcüstan parlamentinin çıxardığı qərara görə, özünün səhvi hesabına Rusiya ilə korlanmış münasibətlərə öz qonşularını cəlb etmək istəyir. Saakaşvili həm də Azərbaycan hakimiyyətinə də öz xidmətini təklif edir. Güman edir ki, belə olan halda növbəti seçkilərdə Azərbaycan hakimiyyətindən dəstək ala bilər. Yanlış fikirlərdir. Onun fikirləri həqiqətə uyğun deyil. Burada Azərbaycan hakimiyyətinə yarınmaq xətti görünür”.

İlkin
Qaynar.info