Xəbər lenti

Azərbaycan və İran arasında buzlar əriyir: Nələr gözlənilir? (ŞƏRH)
Siyasət 13:27 22.05.2024

Azərbaycan və İran arasında buzlar əriyir: Nələr gözlənilir? (ŞƏRH)

"İranın mərhum Prezidenti ilə Azərbaycan Prezidentinin Xüdafərindəki son görüşü hər iki dövlət rəhbərlərinin münasibətləri sahmana salmaqda maraqlı olduqlarını göstərdi".

Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev deyib. Ekspert bildirib ki, Azərbaycan-İran münasibətləri müzakirə üçün açıqdır:

"Bakı ilə Tehran arasında tarixi əlaqələr var. Bu iki xalqı birləşdirən ümumi mənəvi, dini, milli əlaqələr mövcuddur. Təəssüf ki, münasibətlərimiz heç də həmişə hamar olmayıb. Bəzən İran ölkəmizin ərazi bütövlüyü məsələsində tam dəstək verməyib. Zəngəzur dəhlizi məsələsində də Tehran dirəniş göstərir. Bunun özü də iki ölkə arasındakı münasibətlərə bir qədər sərinlik gətirir. İran iddia edir ki, Azərbaycan Tehranla düşmən mövqedə olan dövlətlərlə yaxınlıq edir. Halbuki, Azərbaycanın heç bir dövlətlə əməkdaşlığı üçüncü dövlətə qarşı çevrilməyib".
 


Üzeyir Şəfiyev vurğulayıb ki, İranın mərhum Prezidentilə Azərbaycan Prezidentinin Xüdafərindəki son görüşü hər iki dövlət rəhbərlərinin münasibətləri sahmana salmaqda maraqlı olduqlarını göstərdi:

"Bəzi mübahisəli məsələlərin tənzimlənməsi üçün hər iki dövlət başçısında böyük iradənin olduğunu gördük. Azərbaycan Prezidenti görüşdə qeyd edib ki, iki ölkə arasında münasibətlərin korlanmasında maraqlı olan dövlətlər var. Hər iki dövlət bunu nəzərə alıb, ona imkan verməməlidir. Bölgənin inkişafı, sabitlik ancaq əməkdaşlıq mühitində mümkündür. İran Azərbaycan münasibətlərinin normal axarda olması da bölgənin inkişafı və sabitliyinə töhfə verəcək amil ola bilər". 

Həmsöhbətimiz təəssüflə qeyd edir ki, İranda imperiya marağından çıxış edən siyasi elita nümayəndələri də var:

"Ona görə də İran siyasi hakimiyyətində iki dövlət arasında münasibətlərin normallaşmasına töhfə vermək iradəsi olmalıdır. İstərdik ki, İranda  hakimiyyətə gələcək yeni Prezident də Azərbaycanla münasibətlərin normallaşması kursunu davam etdirsin. İran mühafizəkər kursdan əl çəkməli,  qonşularla, özəlliklə də müsəlman qonşularla münasibətlərdə normallaşmaya üstünlük verməlidir. Azərbaycanın bu məsələdə siyasi iradəsi ortadadır. Bakı istəyir ki, İran regionun inkişafında, problemlərin həllində fəal iştirak etsin. Güman edirəm ki, İran Azərbaycanın bu çağırışlarına adekvat cavab verəcək. Bunun üçün də Tehran qonşularla münasibətləri səhmana salmalıdır". 

Qeyd edək ki, mayın 19-da Azərbaycan Prezidenti İlham Əliyev və İranın məhrum Prezidenti Seyid İbrahim Rəisi ilə Xüdafərində görüşüb. Onların iştirakı ilə Araz çayı üzərində inşa edilmiş "Xudafərin" hidroqovşağının istismara verilməsi və "Qız Qalası" hidroqovşağının açılış mərasimi keçirilib. Görüş zamanı Prezident İlham Əliyev bildirib ki, İran-Azərbaycan dostluğunun nə qədər möhkəm olduğunu bütün dünya görür:

"Bu dostluğun dərin kökləri, dərin tarixi var. Əsrlər boyu İran və Azərbaycan xalqları bir yerdə yaşayıb-yaratmışlar və bu gün bu möhkəm zəmin üzərində qurulan dövlətlərarası münasibətlər, hesab edirəm ki, ən yüksək səviyyəyə qalxıb".

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->