Xəbər lenti

Xaçayev “xaç atası” rolunda
Amal Abuşov
İdman 10:15 21.05.2024

Xaçayev “xaç atası” rolunda

AFFA-nın Azərbaycan Premyer Liqasında iştirak etmək üçün futbol klublarının lisenziyalaşdırıması üzrə müəyyənləşdirdiyi qaydalar var. Həmin o yazılı qaydaların 2-ci maddəsində "Məqsədlər” bölümündə belə qeyd olunur: Azərbaycan futbolunun bütün sahələrində keyfiyyət səviyyəsinin daha da təkmilləşdirilməsi, daim inkişaf etdirilməsi, hər bir klubda gənc oyunçuların fiziki hazırlığının artırılması və rifah halının yaxşılaşdırılması, onlara diqqət və qayğı göstərilməsinin əsas prioritet kimi müəyyən edilir.

Yəni ki, Premyer Liqada iştirak etmək istəyən hər bir peşəkar klub və ya orda iştirak edənlər bu məqsədləri qarşısına qoymalı, ona çatmaq üçün fəaliyyət göstərmələdir. Ölkə futbolunun keyfiyyətinin yüsəldilməsi ilə yanaşı hər bir klubumuz gənc oyunçuların fiziki hazırlığının artırılmasına, onlara diqqət və qayğı göstərilməsinə bilavasitə cavabdehdir. Fərqi yoxdur ki, sən medallar uğrunda mübarizə aparırsan, yaxud da Azərbaycanı avrokuboklarda təmsil etməyə imkan verən vəsiqələrdən birini qazanmaq üçün. Bu yerdə onu da xatırlatmağa gərək duyuram ki, illərdir məhz yalnış strategiya ilə idarə olunan klublarımız onlara ayrılan büdcəni sağa-sola xərcləyir, avrokuboklarda iştirak üçün dəridən-qabıqdan çıxır. Ora yüksələndən sonra isə əlləri ətəyindən uzun üstümüzə qayıdırlar. Sözsüz ki, bu mənada "Qarabağ” istisnadır. Və biz unutmamışıq ki, "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bu çətin yola qədəm qoyanda onun komandasında cəmi bir legioner var idi, qalanları Əfran İsmayılov, Rauf Əliyev, Fərhad Vəliyev, Qara Qarayev kimi gənc yerlilər idi.

Bütün bunları yenidən xatırlatmağı özümə ona görə borc bildim ki, "Sumqayıt”ın çox hörmətli baş məşqçisi Samir Abasov bir müddət əvvəl müsahibə verib, belə demişdi: "Biz yerli futbolçulardan nə gözləyirik? Premyer Liqada şans almağı. Niyə A komandasının baş məşqçisi olaraq onlara şans verməliyəm? Niyə o futbolçular mənə hazır gəlmir? Niyə bu şansı onlar qazanmır?” Əlbəttə, müəyyən mənada Samir bəy haqlı idi. İspaniyanı gəzib gəlmişdi, ordakı şəraitə, uşaq futboluna göstərilən qayğıya heyran olmuşdu. Amma bir məqamı unudur ki, yerli futbolçulara şans verməli, onları yetişdirməli olanlar da elə klublarımızdır, orda çalışan azərbaycanlı mütəxəssislərdir. O cümlədən də Samir bəyin özü bu məsələ ən azı mənəvi məsuliyyət daşıyanlardan biridir.

Yerli futbolçular neynəsinlər ki, Samir bəyin çalışdığı klubun prezidenti Riad Rəfiyev kimi menecerlər min bir üsulla dağıstanlı, ukraynalı, iranlılara Azərbaycan pasportu düzəltdirir, öz müştərilərini yerli futbolçuların əvəzinə oynadırlar? Hələ bu yaxınlarda eşitmişəm ki, Rəfiyev AFFA-dakı dəyişikliklərdən sonra postunu itirəcəyindən əndişələnib, klubdakı legionerlərlə uzunmüddətli müqavilələr imzalayır ki, sonradan onların vasitəsiylə də qazana bilsin. Bu məqam başqa söhbətin mövzusu olduğu üçün üzərində çox da dayanmadan qayıdıram bizim məşqçilərin yerlilərə yanaşmasına. Samir bəyin digər müsahibəsindən bir sitata diqqət yetirək: "Limitə görə, məcbur olub əsas heyətə layiq olmayanları meydana buraxırdıq. Bu gün "Sumqayıt”da Səbuhi Abdullazadə, Murad Xaçayev kimi yerlilər var. Sizi əmin edirəm ki, düşərgədə nə qədər legioner də olsa, onlar əsas heyətdə yer alacaqlar”.

Gördünüz Xaçayev neynədi? "Sabah”la taleyüklü oyunda gərəksiz yerə topu qapıçısı Mehdi Cənnətova ötürdü, o da lal baxışları ilə topun tora daxil olmasını müşahidə etdi. İki "milliləşdirilmiş” futbolçu "Sumqayıt” üçün mövsümün ən vacib oyunlarından birində avtoqol "bişirdilər”. Bəlkə də bu avtoqol "Sumqayıt”ın avrokubok arzularının üzərindən qalın bir xətt çəkdi. Xaçayevin və onun kimi digərlərinin nə vecinə? Pullarını alırlar, müqavilə bitəndə digər gəlmələr kimi evlərinə qayıdacaqlar. Bizə qalan isə yerlilər olacaq, bir də Samir Abasov. Ona görə də bir-birimizdən bərk yapışmalıyıq. Başqalarından "xaç atası” düzəltməyin heç bir perespektivi yoxdur!

Amal Abuşov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->