İdman 11:11 30.04.2013

Azərbaycanda baş məşqçiyə cinayət işi açıla bilər

Dünən baş tutan «Bakı» – «Simurq» oyunundan sonra dava düşüb. 

Fanat.az xəbər verir ki, qarşılaşmanın sonunda tribunaya qalxan «Simurq»un baş məşqçisi Georgi Çixradze onu söyən fanatın üzərinə hücum çəkib və onu təpiklə vurub.

Matçın AFFA nümayəndəsi gürcü çalışdırıcının hərəkəti barədə qeyd aparıb. Sabah keçiriləcək AFFA İntizam Komitəsinin iclasında onun hərəkətinə hüquqi qiymət veriləcək. AFFA-nın Çixradzeni ağır cəzaya məruz qoyması gözlənilir.

Eyni zamanda, Çixradzeyə qarşı cinayət işi açıla bilər. Onun vurduğu azarkeş hüquq-mühafizə orqanlarına müraciət etsə, insan sağlamlığına zərər vurma (maddə 126) və xuliqanlıq (maddə 221) maddələri ilə cinayət işi başlanılacaq.

Bütün bunlar baş verərkən «Simurq» rəhbərliyi hələ ki, susur. Klub başbilənlərinin azarkeşi vuran baş məşqçini hansı şəkildə cəzalandıracağı maraq doğurur.

Qaynar.info