Sənət 22:30 08.08.2014

“Azərbaycanfilm”in sabiq direktoru ürəyindən əməliyyat olundu

Xalq artisti, C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının sabiq direktoru Xamis Muradov ürəyindən əməliyyat olunub. 

Bu barədə APA-ya rejissor özü məlumat verib. X. Muradov bildirib ki, ürək damarlarının tıxanması qan dövriyyəsinin normal fəaliyyətinə çətinlik törədirmiş: “Xeyli vaxtdır ürəyim məni incidirdi. Qan ürəyə normal getmirdi, əziyyət çəkirdim. Müayinədən sonra həkimlər dedilər, əməliyyat vacibdir”.


X. Muradov əlavə edib ki, cərrahiyyə əməliyyatı Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasında aparılıb: “Evə dünən gəlmişəm. İndi özümü normal hiss edirəm. Klinikada təxminən bir həftə yatdım, bundan sonra həkim nəzarətində olacağam, müayinələrim davam edəcək”.

Qeyd edək ki, X. Muradov “Şərikli çörək”, “Dünyaya insan gəlir”, “Haray” və s. filmlərin rejissoru, “Günaydın, mələyim”, “Girov”, “Buta”, “Biz qayıdacağıq” filmlərinin baş prodüseridir. O, 2002-2011-ci illərdə C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru vəzifəsində çalışıb.

Qaynar.info