Səbuhi Həsənov
İdman 10:40 26.10.2023

Azərbaycanın əldən düşmüş “Sabah”ı...

Keçən mövsüm ikinci pilləni tutan "Sabah” bu il Birinci Liqa komandası təsirini bağışlayır. Ötən gün Sumqayıtda keçirilən ikinci turdan təxirə salınmış oyunda göstərdiyi nəticə "Sabah”a yaraşmayan tərzdəydi. Bir neçə gün öncə, konkretləşdirsək, oktyabrın 21-də 10-cu tur çərçivəsində elə "Sumqayıt”ı 3:1 hesabı ilə məğlub edən komanda heç bir həftə keçməmiş eyni rəqibinə məğlub oldu (0:1). Qələbə qazana bilməməsi bir kənara, əslində, belə bərbad durumda olan komanda üçün layiqli nəticə idi. Baxmayaraq ki, "Sumqayıt” da düz-əməlli oyun sərgiləmədi. Futbol adına baxımlı bir şey görməsək də, sumqayıtlıların bəxti gətirdi ki, Kamran Əliyev rəqib qapısına yol tapdı bunun sayəsində üç xal qazanmış oldular. Deyək ki, oyunu yola verdilər və bu nəticəni kənara qoyaq. Bəs "Sabah”a nə olub? Əslində, sualın cavabı elə də çətin deyil.

Görünən odur ki, klub lazımi şəkildə idarə olunmur. Belə desək, Azərbaycan Premyer Liqası səviyyəsi üçün kifayət qədər pul var, lakin idarəçilik qabiliyyəti, yaxud təcrübəsi yoxdur. Yəni bu gedişlə, nə "Qarabağ”, "Neftçi”, nə də "Qəbələ” səviyyəsinə çatacaqlar. Baxmayaraq ki, özlərini bu köklü klublara tay tuturlar. Açığı, ötən mövsüm çempionatı ikinci pillədə bitirdikdən sonra "Sabah” rəhbərliyi sanki özünü dağın başına qoyub. Belədə istər-istəməz "yaxşı ki, çempion olmayıblar, yoxsa Allah bilir nələr edərdilər” kimi düşüncələrə dalırsan. 

Hə-ə, prezident Maqsud Adıgözəlovun başı yəqin ki, Klublar Komitəsində (KK) ona verilən sədr vəzifəsinə qarışıb. Yəni, "Sabah”ın problemlərini həll edibmiş kimi, bir də digər klubların çatışmazlıqlarını yoluna qoyacaqmış. O, başqa məsələ ki, Azərbaycanda Klublar Komitəsi deyilən qurum yalnızca formal olaraq mövcuddur. Xalaxətrin qalmasın deyə yaradılan komitədə bugünə qədər hansısa ciddi məsələnin yoluna qoyulduğunu görmədik. İldə bir dəfə sədri dəyişən komitənin işi onsuz da ara-sıra klub təmsilçilərinin yığılıb söhbətləşib, sonra dağılışmasından ibarətdir. Yəni, Adıgözəlovun da sədr seçildikdən sonra hansısa ciddi məsələni həll edəcəyi inandırıcı deyil. Əvvəla Klublar Komitəsi nələrisə yoluna qoymaq üçün AFFA-nın nəzdində, bu qurumdan asılı formada deyil, müstəqil olmalıdır. İkincisi, orada olan kadrların futbol savadı, həmçinin bu idman növünə bağlı keçmişi olmalıdır. İndiki halda isə KK-da bir neçə nəfəri çıxmaq şərtilə belə kadrlar yoxdur, hansı ki, "Sabah”ın prezidenti də belələrindəndir…

Məsələn, Adıgözəlov çıxıb futbol ictimaiyyəti qarşısında "Sabah”da nələrin baş verdiyini aydınlığa qovuşdura, ən azı geniş şəkildə mətbuat konfransı keçirib "çempionluğa iddialı” klubun problemləri və onların həlli yolları haqda jurnalistlərin suallarını cavablandıra, müzakirələr apara bilər. Ancaq o nə edir? Çəkilib dağ başına, olanları kənardan izləyir. Çox güman, klubun mətbuat xidmətinə də bərk-bərk tapşırıb ki, "məni media nümayəndələrinin suallarından qoruyun”. Nəinki onu, elə rəhbərlikdə təmsil olunan hər kəsi… 

Məsələn, "Qarabağ” onqat ölkə çempionudur, amma Tahir Gözəl hər dəfə imkan düşdükcə jurnalistlərə açıqlama verir. Həmçinin "Neftçi”nin prezidenti Fərrux Mahmudovun vəzifəsində yeni olmasına baxmayraq, mətbuatda açıqlamalarına rast gəlirik. "Qəbələ”nin prezidenti Fariz Nəcəfovun da media nüamyəndələri ilə yaxşı münasibətləri var. "Turan Tovuz”un gözünün işığına çevrilən "Huner Group”un, eyni zamanda klubun idarə heyətinin sədri olan Ehtiram Quliyevin də zaman-zaman mediada fikirləri ilə tanış oluruq. "Sabah”ın prezidenti isə… Yəqin ki, klubunu "Barselona”, "Real” səviyyəsində, özünü isə onun rəhbəri kimi görür. Əslində, "Sabah” rəhbərliyinin arxayın şəkildə, sanki heç nə baş verməyibmiş kimi davranmasının həm də bir səbəbi olduğunu düşünürəm. Axı klub normal azarkeş ordusuna da malik deyil. 3-5 uşaqla rəqiblərə meydan oxumağa çalışan "Sabah” belə bərbad durumda təəssüf ki, "Kəpəz”, "Neftçi”, "Qarabağ”, "Turan Tovuz” kimi azarkeşləri tərəfindən yüksək təzyiqlər görmür. Hər halda meydanda bir-iki dəfə istefa şüarları eşitsələr, bəlkə ayılıb nə etdiklərinin fərqinə vararlar.

Hə-ə komandanın baş məşqçisi, çoxdandır (beşinci turdan bəri) qırmızı vərəqə ilə cəzalandırılmayan, son vaxtlar ancaq "sarı” ilə "kifayətlənən” Murad Musayev də deyəsən tükənib. Ötən mövsüm şar kimi şişirdilən mütəxəssis görünür, vəziyyəti düzəltmək üçün elə də qeyri-adi istedada malik deyilmiş. Ya da ki, "sehrli çubuğ”unu haradasa itirib. Ümid edək ki, tezliklə tapar. 

Başqa nə düşünəsən ki? Belə çıxır, "Sabah”ımız” deyə-deyə bir külək kimi Azərbaycan futbolundan əsib keçirlər. 

Səbuhi Həsənov