Ölkə 21:34 19.07.2018

Azərbaycanın təklifləri qəbul edildi

İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, ATƏT və digər nüfuzlu beynəlxalq təşkilatların üzvü olan Azərbaycan islamofobiya, ekstremizm və antisemitizm kimi qorxulu təzahürlərə qarşı mübarizədə əməkdaşlıqda maraqlıdır. Azərbaycan həmçinin bu sahədə öz təcrübəsini ATƏT çərçivəsində bölüşə bilər

Qaynarinfo "Report”a istinadən xəbər verir ki, bu fikirlər iyulun 19-da Tbilisidə keçirilən ATƏT-in 15-ci "Cənubi Qafqaz regionunda media azadlığı" adlı beynəlxalq konfransda səslənib.

Konfransda qəbul olunan tövsiyə xarakterli sənədlərin müzakirəsi zamanı Azərbaycan tərəfi bir sıra təkliflər irəli sürüb.

Konfransda iştirak edən Azərbaycan Xarici İşlər Nazirliyin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev jurnalistlərə müsahibəsində deyib ki, tədbirdə terrorizm, ekstremizm, islamofobiya, antisemitizm kimi təhlükəli tendensiyaların yayılmasında mətbuatın rolu müzakirə olunub.

Azərbaycan tərəfi bəzi media vasitələrinin və jurnalistlərin söz, mətbuat azadlığı pərdəsi altında bu kimi təhlükəli tendensiyaları təbliğ etməsinin cəmiyyətdə haqlı narahatlıq yaratdığını xüsusi qeyd edib. Eyni zamanda terrorizmi, ekstremizmi, antisemitizmi təbliğ edən media resurslarının qarşısının alınması və onlara münasibətdə mümkün tədbirlərin görülməsini təklif edib.