Texnologiya 14:52 06.12.2017

"Azercell": Gələn il bütün Azərbaycan 4G ilə əhatə olunacaq

"Məqsədimiz bütün Azərbaycanı, müştərilərimizi 4G (LTE) xidməti ilə təmin etməkdir".
 
Bunu "Azercell Telekom" MMC-nin prezidenti Vahid Mürsəliyev bildirib.
 
Onun sözlərinə görə, mobil operator bu istiqamətdə ciddi işlər aparır: "Lənkəran, Gəncə, Bərdə, Sumqayıt kimi iri şəhərləri 4G şəbəkəsi ilə təmin etmişik. Gələn il biz seçim etmədən ölkəmizin bütün ərazisini 4G xidməti ilə təmin edəcəyik".

5G xidmətinə gəlincə, şirkət rəhbəri vurğulayıb ki, hal-hazırda əsas prioritet ölkəni bütünlüklə 4G xidməti ilə təmin etməkdir: "Bu gün dünyanın çox az sayda ölkələrində 4.5G və ya 5G xidmətləri var. Biz ölkəni bütünlüklə 4G xidməti ilə təmin etdikdən sonra 5G ilə bağlı düşünəcəyik. Ola bilsin ki, 4G ilə bağlı məsələ ölkə ərazisində tam yekunlaşmamış 5G xidməti ilə bağlı işlərə başlayaq. Bu, bir qədər tələbə bağlı olan məsələdir. "Azercell" üçün yeni texnologiyaların tətbiqi problem deyil. Lakin günün tələbi olduqca vacibdir. 5G xidmətinin konkret olaraq nə zaman tətbiq olunacağını demək çətindir" (APA).