Xəbər lenti

Ekonomiks 19:50 01.03.2015

Bahalaşmanın pik həddi nə vaxt olacaq?

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev manat dollar qarşısında ucuzlaşandan sonra verdiyi açıqlama ilə ölkəmizdə 50-60 faiz bahalaşma olacağını birbaşa olmasa da, dolayısı ilə təsdiqləyib. Aydın Əliyev bildirib ki, əvvəl necə ölkəyə daxil olan məhsullara görə xərc tələb edirdik, yenə də elə olacaq: “Gömrük rüsumları əvvəl də ABŞ dolları ilə hesablandığından manatın devalvasiyası gömrük sisteminə təsir göstərmir. ABŞ dolları ilə hesablanan rüsum və vergilər manatın məzənnəsi ilə toplanırdı. Gömrük faizləri istər idxal-ixrac, istərsə də əlavə dəyər vergisi və aksiz dərəcələri əvvəlki kimidir”. Bu isə o deməkdir ki, ölkəyə məhsul daxil olanda tələb olunan xərc dolların manat qarşısında yeni kursu ilə alınacaq. Deməli, yaxın günlərdə Azərbaycana xaricdən gətirilən bütün mal və məhsulları ən azı 50 faiz bahalaşma gözləyir.
 
Məsələ ilə bağlı iqtisadçı ekspert Rəşad Həsənov analitik.az-a bildirib ki, ödənilən xərclərin dolların məzənnəsinə uyğun olaraq manatla ödənilməsindən başqa gömrük sistemində və idxalda ən böyük problemdən biri inhisarçılıqdır: “İnhisar mövqeyindən çıxış edərək sahibkarlardan alınan əlavə ödənişlərdir. Məndə olan məlumata görə, hətta tələb olunan qeyri-rəsmi ödənişlər belə bu günkü məzənnənin kursuna indeksasiya edilib. Bu isə o deməkdir ki, ölkəyə məhsul gətirən sahibkarların gömrükdən başlayaraq xərcləri artıb. Sahibkarın xərci məhsulu aldığı mənbədən başlayır. Çünki alqı-satqı dollarla həyata keçirilir. Dollarla həyata keçildiyi üçün də sahibkar məhsul almaq üçün bazardan dolları baha alıb ödəyir. Digər tərəfdən isə gömrükdə tələb olunan qeyri-rəsmi ödənişlər də məhsulun üzərinə gəlir. Belə olduğu şəraitdə sahibkardan qiyməti artırma, deyə tələb etmək doğru deyil”. Ekspert bildirib ki, hazırda ən çox müzakirə olunan mövzulardan biri süni qiymət artımı söhbətidir: “Hazırda ölkədə daxili tələbatın azalması səbəbindən onsuz da şirkətlər öz mənfəətlərini aşağı salıblar. Salmağa da məcburdurlar. Belə olduğu təqdirdə mümkün deyil ki, süni qiymət artımı baş versin. Digər tərəfdən, bir çox şirkətlər var ki, öz məhsullarının maya dəyərini yenidən qiymətləndirirlər. Bu zaman ortaya çıxır ki, onların məhsullarında indiki şərtlər daxilində 50 faizə yaxın qiymət artımı baş verməlidir. Sahibkar məhsulun qiymətini artırandan sonra baxır ki, məhsulun qiyməti elə bir həddə çatır ki, azərbaycanlı istehlakçı bu məhsulu ala bilməyəcək. Nəticədə yenə də ziyan şirkətə dəyəcək. Məhz bu səbəbdən ehtiyac var ki, ən azı 30 faiz qiymət təbii şəkildə artırılsın, amma şirkət məcbur olub 15 faiz qiymət artırır. Qiyməti daha az artırmaqla zərərlərini nisbətən azaltmağa və bazardakı mövqeyini qoruyub saxlamağa çalışır”.

Ekspertin fikrincə, bu gün qiymət bahalaşmasına görə sahibkarların cəzalandırılması əslində düzgün deyil: “Belə davam edərsə, nəticədə ölkədə aktiv biznes səviyyəsi aşağı düşəcək. Bu isə bir müddətdən sonra ölkədə qıtlıq prosesinin başlayacağına işarədir: “Qıtlıq prosesi başlayan anda süni qiymət artımı ortaya çıxacaq. Bunu nəzərə almaq lazımdır. Bu günkü şəraitdə süni qiymət artımından söhbət gedə bilməz. Hazırda sahibkarları zərərlə işləməyə məcbur edirlər. Belə bir şəraitdə bu sahibkarlar öz fəaliyyətlərini ya dayandıracaqlar, ya da müflis olmaq dərəcəsinə gəlib çatacaqlar. Bir çox biznes qurumları iflasa uğrayacaq, bir hissəsi fəaliyyətlərini daraldacaq. Nəticədə ölkə daxilində ciddi qıtlıq yaranacaq. Əgər əvvəl yerli istehsal olunan məhsulların qiymətinin niyə artması sualı meydana çıxırdısa, belə olan şəraitdə isə bu məhsulların qiyməti süni şəkildə artacaq. O cümlədən də xaricdən gələn məhsulların qiymətində artım müşahidə ediləcək. Müşahidələr göstərir ki, bu günkü gediş cəmiyyətimizi buna doğru aparır. Düşünürəm ki, hazırda hökumət baş verən böhranı düzgün idarə etmir. Məhz bu səbəbdən qaynaqlanaraq istehlak bazarında ciddi problemlər yaranacaq”. 

Ekspert Samir Əliyev Musavat.com-a açıqlamasında bildirib ki, digər ölkələrdə olduğu kimi, Azərbaycanda da devalvasiyadan sonrta qiymətlərin qalxması gözlənilirdi: “Bu, devalvasiyanın ilk günləri özünü daha qabarıq şəkildə büruzə verdi. Manat təxminən 34 faizə yaxın ucuzlaşdığı halda, qiymətlərin bahalanma səviyyəsi çox fərqli oldu. Haradasa 15-20 faizdən 50 faizə qədər bahalanma qeydə alındı. Bu, bazarın manatın ucuzlaşmasına olan ilkin reaksiyası idi. Sonradan təbii ki, hökumət qiymətlərin üzərinə düşdü. Nəzarəti gücləndirdi və nəzarət hesabına qiymət artımının qarşısı alındı. Amma bu qarşısı alınma daha çox inzibati xarakter daşıdı. Bir qayda olaraq müvəqqəti xarakter daşıyır. Çünki qiymətlər əgər bazar tərəfindən tənzimlənmirsə, əvvəl-axır artmalıdır. Bizdə də hökumət inzibati yollarla qiymət artımının qarşısını aldı. Əslində bu gün güclü nəzarət var. Mənim fikrimcə, qiymətin belə saxlanılması çıxış yolu deyil. Bu, qısamüddətli təsirdir. Amma uzunmüddətli dövrdə qiymətlərin tədricən artmasının müşahidə olacağını proqnozlaşdırardım”. 

Ekspert qiymətlərin mart ayının sonlarından daha da bahalaşacağını proqnozlaşdırdığını vurğulayıb: “Fikrimcə, qiymətlər ən yaxşı halda, inzibati yolla mart ayının sonuna qədər bu cür davam edəcək. Yəni Novruz bayramı bitənə qədər qiymətlərin sabit qalması təmin olunacaq. Gözləyirəm ki, bayramdan sonra artıq qiymətlərin bütün sahələrdə qalxmasını biz müşahidə edək. Burada bəzi kənd təsərrüfatı məhsulları istisna ola bilər. Bəzi məhsulların qiymətində mövsümi olaraq ucuzlaşma olur. Amma ümumən götürəndə, bizdə qeyri-ərzaq malları, geyim, ayaqqabı, digər mallar əsasən xaricdən gətirilir. Bu da avtomatik olaraq qiymətin qalxması deməkdir. Bizim ərzağa görə idxaldan asılılığımız 20 faizdən çoxdur. Elə məhsullar var ki, idxaldan asılılıq 60 faizdir. Hətta ölkədə şəkəri özümüz istehsal edirik, amma onun xammalı xaricdən gəlir. Daxili məhsulların da xammalı xaricdən gətirilir. Bütün məhsullarımız idxaldan bu və ya digər dərəcədə asılıdır. Ona görə qiymətlərin indiki sabitliyini müvəqqəti hesab edirəm. Bayramdan sonra bütün sahələrdə artım olacaq. O cümlədən qeyri- ərzaq məhsullarının qiymətinin artması gözlənilir”. 

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->