Sosial şəbəkələrdə Bakı metrosunun qadağan olunan hissəsində - qatar xəttində foto çəkdirən Arzu Əhmədova adlı gənc qızın və digər bir neçə şəxsin görüntüləri yayılıb.

Qaynarinfo xəbər verir ki, bu şəxslərin qadağan olunmuş əraziyə daxil olaraq foto çəkdirməsi ictimaiyyət arasında birmənalı qarşılanmayıb.

"Bakı Metropoliteni" MMC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verib. O, bildirib ki, bir müddət öncə metropoliten rəhbərliyinin icazəsi "Qayınana" filminin çəkilişləri aparılıb və həmin fotolar da o zaman çəkilib:

"Addım" Gənclər Təşkilatı "Bakı Metropoliteni"nə müraciət edib. Bunun əsasında rəhbərliyin icazəsi ilə metropolitenin "Gənclik" və "Nəriman Nərimanov" stansiyalarında "Qaynana" filminin çəkilişləri aparılıb. Çəkilişlər gecə saatlarında baş tutub. Həmin vaxtda da təmas relsində gərginlik olmayıb və filmin çəkilişləri üçün hər cür şərait yaradılıb, yəni təhlükəsizlik tam təmin olunub. Bu, normal bir haldır. Təbii ki, "Bakı Metropoliteni"nin müəyyən qadağaları var ki, rəhbərliyin icazəsi olmadan metropoliten ərazisində heç bir foto və video çəkiliş aparıla bilməz. Amma burada situasiya başqadır. Yəni, dediyim kimi rəhbərlik tərəfindən icazə verilib".
 
Çingiz Səfərli