Məlum olduğu kimi, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə ölkəmizdə müxtəlif ekoloji və sosial layihələrə start verilib. Tullantıların azaldılması, təkrar istifadəsi və təkrar emalına xüsusi önəm verən IDEA İctimai Birliyi tərəfindən bu istiqamətdə genişmiqyaslı təbliğat və təşviqat tədbirləri həyata keçirilməkdədir. Bu xüsusda qeyd olunmalıdır ki, 2017-ci ildən başlayaraq IDEA tərəfindən yüzlərlə ofis və müəssisələrdə yerləşdirilən xüsusi təkrar emal qutuları vasitəsilə minlərlə ton kağız və plastik tullantı toplanaraq təkrar emala göndərilir. Bununla yanaşı, IDEA tərəfindən yaxın zamanlarda işlənmiş batareyaların toplanması üçün xüsusi qutuların da kütləvi şəkildə müəssisələrə paylanılması planlaşdırılır.
Bu barədə Qaynarinfo-ya IDEA İctimai Birliyindən bildirilib.
Digər məhsullar kimi, geyim əşyalarının da tullanması və çürüməsi ətraf mühitə zərərsiz ötüşmür. Bu həm tullanılan məhsulların çürüməsi zamanı təbiətə buraxılan zəhərli maddə və qazlar, həm də yeni məhsulların istehsalından irəli gələn zərər ilə bağlıdır.
Təkrar istifadənin ətraf mühitə müsbət təsirini və geyim əşyalarına olan tələbatı nəzərə alaraq, IDEA İctimai Birliyi tərəfindən Bakıda istifadəsiz paltar və ayaqqabıların toplanması üçün ianə qutuları quraşdırılıb. Şəhərimizin müəyyən nöqtələrində yerləşdirilən qutulara insanlar artıq istifadə etmədikləri və paylaşmaq istədikləri geyimlərini yerləşdirə bilər. Bu cür xeyriyyə məqsədli təkrar istifadə qutuları ilkin olaraq "Bravo” hipermarketləri və Babək prospektində yerləşən "Bravo” supermarketdə, həmçinin həmin prospektdəki "SOCAR Petroleum” yanacaqdoldurma məntəqəsində quraşdırılıb. Yaxın vaxtlarda oxşar paltar toplanma qutularının Bakının digər münasib yerlərində də quraşdırılması nəzərdə tutulur.
IDEA İctimai Birliyi səhərimizin sakinlərini qarderobunda istifadəsiz, yararlı və saf qalan geyim əşyalarını tullamaq əvəzinə IDEA-nın ianə qutularına yerləşdirməklə ehtiyacı olan insanlara öz yardım əlini uzatmağa, təkrar istifadə vasitəsilə təbiətə vurulan zərəri azaltmağa çağırır. Eyni zamanda, ianə edilən geyim əşyalarının qutulara atmaqdan öncə yuyulub-təmizlənməsi, qutulara kənar əşyalar və ya zibilin atılmaması xahiş edilir.
İanə qutularına toplanan əşyalar mütəmadi olaraq müxtəlif paylanma məntəqələri, o cümlədən "Güvən Xeyriyyə və Dostluq Cəmiyyəti” və "Birlik” xeyriyyə təşkilatı vasitəsilə insanlara paylanacaq. Layihəyə qoşulmaq istəyən digər xeyriyyə təşkilatlarından IDEA İctimai Birliyinə müraciət edilməsi xahiş edilir (012 497 6316).
Şərhlər