Foto 14:23 14.12.2017

Ziya Bünyadov prospektində avtobus sürücülərinin ölüm oyunu (AÇIQLAMA/FOTOLAR)

Bir neçə gün öncə Bakı Avtovağzalından Xəzər Univermağı istiqamətində hərəkət edən 20 nömrəli marşrutun sürücülərinin sərnişinləri Ziya Bünyadov prospektində yolun tən ortasında düşürərək, onların həyatını təhlükəyə atmasından yazmışdıq.

Görünən odur ki, sürücülər buna heç bir məhəl qoymayaraq, yenə də onlar üçün müəyyənləşdirilmiş hərəkət trayektoriyasından kənara çıxıb, sərnişinləri mənzil başına (ortasına) istədikləri yollarla aparırır və bunu, gah tıxacla, gah da mövcud yolun pis vəziyyətdə olması ilə əlaqələndirirlər.
 


Qaynarinfo-nun əməkdaşı sözügedən əraziyə gedərək, vəziyyətlə maraqlanıb. Məlum olub ki, təkcə 20 nömrəli marşrut deyil, eyni zamandan 93 və 94 nömrəli marşrutlar da sərnişinləri yolun ortasında düşürürlər. Sözügedən prospektdə hərəkət sürətinin yüksək olduğunu və avtomobillərin sıx hərəkət etdiyini nəzərə alsaq, sərnişinlər hər gün ölüm təhlükəsi ilə üz-üzə qalırlar.

Maraqlıdır ki, sözügedən yolda piyadanın vurulması ilə nəticələnən qəza baş versə, bunun məsuliyyətini kim daşıyacaq? Piyada, onu vuran şəxs, yoxsa həmin marşrutun sürücüsü?

Məsələyə münasibət bildirən yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov belə marşrut sürücülərinin məsuliyyətə cəlb olunmalı olduğunu bildirib:
 
"Körpüdə, yaxud onun kənarındakı hərəkət hissəsində dayanacaq ola bilməz. Ona görə də həmin avtobus sürücüsü orada dayanıb, sərnişin düşürür və ya mindirirsə, buna görə 100 manat məbləğində cərimə olunmalı və hesabına da 4 cərimə balı yazılmalıdır. Qəza baş verərsə, məsuliyyətin kimdə olacağına gəldikdə isə, bəri başdan belə hadisələrə qiymət vermək düzgün deyil. Təki hadisə olmasın, olanda isə vəziyyətə uyğun qiymət veriləcək".

Sərnişinlərin sözlərinə görə, problem Ziya Bünyadov prospektinin Əhməd Rəcəbli ilə kəsişməsindən üzü Qara Qarayev metrosuna tərəf olan 700-800 metrlik hissəsinin təmirə bağlanmasından sonra yaranıb və təmir yarımçıq aparıldığından sürücülər də öz yolları ilə deyil, alternativ yollarla hərəkət edirlər. 

Məsələ ilə bağlı "Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli ilə əlaqə saxladıq. Qurum rəsmisi Qaynarinfo-ya açıqlamasında bildirdi ki, həmin yolda "Azərsu" tərəfindən yağış kollektorları quraşdırılıb və işlər yekunlaşdıqdan sonra təmir işləri aparılacaq:
 
"Orada "Azərsu" tərəfindən qazıntı işləri aparılıb, yeni yağış kollektorları quraşdırılıb və yolun torpaq qatı bərpa olunub. Səhv etmirəmsə, orada tamamlanma işləri hələ də davam etdirilir. İşlər tam yekunlaşdıqdan sonra, bizə müraciət edəcəklər və müraciətdən sonra bizim tərəfimizdən təmir işləri görüləcək".

Paytaxt sakini Əjdər Ağayev isə marşrutlardakı sözügedən problemin təkcə bu yolla əlaqəli olmadığını deyir:
 
"Problem təkcə burada deyil. Marşrutlar tez-tez yollarını dəyişirlər. Əvvəlcədən bununla bağlı xəbərdarlıq da etmədiklərindən çox vaxt yolumuzu uzatmaq məcburiyyətində qalırıq".

Marşrutların təyin olunmamış yerlərdə saxlayaraq sərnişin götürmələri və ya düşürmələri ilə bağlı məsələyə aydınlıq gətirmək üçün Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayevlə əlaqə saxladıq. Qurum rəsmisi Qaynarinfo-ya açıqlamasında belə halların yolverilməz olduğunu və həmin xəttlərin dispetçerləri ilə əlaqə saxlanılacağını bildirdi: 
 
"Yolun hərəkət hissəsində saxlayıb sərnişin düşürtmək və ya götürmək yolverilməz haldır. Bu, sərnişinlərin həyatını birbaşa təhlükəyə atmaq deməkdir. Sözügedən xətlərin dispetçerləri ilə əlaqə saxlanılacaq və sürücülərə marşrutu həmin ərazidə saxlamamaları ilə bağlı xəbərdarlıq edilməsi üçün tapşırıq veriləcək. Ümumiyyətlə, bütün avtobuslar müəyyən olunmuş marşrut xətti üzrə hərəkət etməli və həmin xətt boyunca müəyyənləşdirilmiş yerlərdə saxlayıb sərnişinlərə xidmət etməlidirlər. Əgər bunu pozurlarsa, onlar barəsində tədbir görüləcək”.
 
Çingiz Səfərli