Hüseynbala Səlimov
Ölkə 13:04 11.03.2019

Bakıda Qarabağ quran azərbaycanlılar

Hüseynbala Səlimov

Sizi bilmirəm, hər dəfə məcburi köçkünlərə– bəli, bizim qarabağlı köççünlərə mənzillər veriləndə mən ikili hisslər keçirirəm. Bir tərəfdən sevinirəm ki, nəhayət ki, bu insanlar da ağır, üzücü məişət iztirablarından qurtuldular, çünki uzun ilər özüm də onların arasında, eyni bir binada, lap açığı, ailəvi yataqxanada yaşamışam, bu adamların necə əziyyət çəkdiklərini yaxşı bilirəm.

O biri tərəfdən də bir azacıq narahatlıq da yaradır bu məndə, çünki məcburi köçkünləri Bakıda və digər rayonlarda yerləşdiririksə, deməli Qarabağ probleminin tezliklə həllinə ümid yoxdur və mənim kimi yaşı əllini keçmiş insanlara bunu düşünmək daha ağırdı – belə çıxır ki, biz bu Dünyadan nisgillə köçməli olacağıq....

Amma bir daha, təkrar deyirəm ki, köçkünlərin məişət şəraitini yaxşılaşadırmaq çox vacib işdir və bu səbəbdən bir az əvvəldə dedyim sözləri bunu inkar etmək kimi yozmayın. 

O ki qaldı Dağlıq Qarabağ probleminə, əlbəttə, dövlət səviyyəsində mümkün olan hər şey edilir. Amma məsələ ilə bağlı daim daha artıq etməyə çalışmalıyıq, "çünki siyasət və diplomatiya mümkün olanın sənətidir” deyilsə də mən hər dəfə Qarabağı düşünəndə 60 -ci illərin Fransasının bir məşhur şüarı gəlib durur gözümün önündə: "Realist olun, mümkün olmayanı arzu edin və buna çalışın!”. 

Biz də Dağlıq Qarabağ problemində "mümkün olmayanı” belə etməyə hazır olmalıyıq, o, mənada yox ki, problemin həlli mümkünsüzdür və biz daha Dağlıq Qarabağı heç bir vaxt qaytara bilməyəcəyik. 

Şəxsən mən buna əmin olsam, bir sətir də belə yaza bilmərəm, yerimdəcə ürəyim partlayar, baxmayaraq ki, bəziləri belə bədbin təhlillərlə daha realist və hətta savadlı "politoloq” olduğunu gözə soxmağa çalışır, amma mən onlara münasibətdə "politoloq” sözünü böyük məmnuniyyətlə dırnaqda yazıram...
Əlbəttə, geosiyasi reallıqlar, yaxın–uzaq qonşuların bizim üçün yaratdıqları problemlər var, hətta onu da deyirəm ki, bizim özümümün də müəyyən qüsurlarımız, xətalarımız var ki, onlar bizə daha mütəşəkkil, daha bacarıqlı millət və cəmiyyət olmağa imkan vermir. Amma hər şey zamana bağlı məsələdir, hətta geosiyasi reallıqlar da əbədi, ya da müşkül deyil, onların da çarəsini tapmaq olar və İnşallah, tapacağıq da...

Sadəcə, daim yadda saxlamalıyıq ki, bizim boynumuza mümkün olmayanı həll etmək qisməti düşüb və İnşallah, həll edəcəyik də. Əsas odur ki, hamılıqla Qarabağı yadda saxlayaq, hamılıqla bu məsələdə nəsə etməyə cəhd edək. Bir daha deyirəm ki, dövlət səviyyəsində çox şeylər edilir, artıq çox məsələlər relsinə qoyulubdu, əvvəlki özfəaliyyətin yerini sistemli dövlət siyasəti tutubdur. 

Amma ictimai sektorun da məsələni diqqətdə saxlaması çox, hətta olduqca lazımlı bir işdir. Odur, kimsə deyəndə ki, bu Dağlıq Qarabağ Komitəsi nədir, mən hətta bunu da bölüşmürəm, hərçənd, burada hansısa "oyun”ların getməsindən savayı bir şey eşitmirəm.  

Bəli, baxmayaraq ki, bu qurumla bağlı yalnız struktur qalmaqalları haqqında eşidirik: birini qovur, o birisini gətirirlər, gah bu, gah da o biri hansısa "məxfi plan”dan danışır, qarşılıqlı ittihamlar baş alıb gedir. Olsun. Görünür ki, müəyyən ictimai kəsimin səviyyəsi budur. Halbuki hamı konkret təkliflər gözləyir, gözləyən, düşünənlər var ki, görək, bu adamlar nə edəcək, nələr deyəcəklər...

Bilirsiniz, bunu niyə deyirəm? Media əvvəlki operativliyini və məzmununu itirsə də hələki Dağlıq Qarabağ məsələsini gündəmdə saxlaya bilir, burada çox maraqlı təkilflər səslənir: çox təəssüf ki, məmurlarımızın bir hissəsinin bunlardan xəbəri olur, digər hissəsi hətta "media” deyilən şeyin nə olduğunu unudublar, ən yaxşı halda sosial şəbəkələri "izləyirlər” ki, görək, kim bizi söyür, yamanlayır? Amma hakim partiyaya aid olmayan, fəqət, söyüş söyməyən, konkret, konstruktiv fikirlər səsləndirən adamlar da var və onlar mediada arabir çox maraqlı təkliflərlə çıxış edirlər, o cümlədən də Qarabağ problemilə bağlı. Təşkilat lazımdır ki, bunları izləsin və ümumiləşdirsin və dövlətə təqdim etsin. 

Amma ki, bunu görmürük; əvəzində umu-küsü, giley və yaxud da bitib-tükənməyən ittihamlar! 

Böyük Sabirin bir misrasını necə yada salmayasan: "Ağladıqca kişi biqeyrət olur!”. Bəli, kişi həm də deyinəndə, ələlxüsus da, qeybət edəndə biqeyrət olur... 

Odur ki, Bakıda və digər rayonlarda məcburi köçkünlər üçün salınan şəhərciklərə, xüsusən də ki, Bakıdakı Qarabağ adlı restoran və mağazalara baxanda düşünürsən ki, Qarabağa abidə qoymaq hələ çox tezdir, qardaşlar, heç lazım deyil, Qarabağı qaytarmaq, bəli, qaytarmaq lazımdır. Bunun üçünsə bəzi itirilmiş hisslər, duyğular, şüur-düşüncə və bir də vətəndaş məsuliyyəti qayıtmalıdır...