Xəbər lenti

Hüseynbala Səlimov
Siyasət 10:48 08.04.2024

Azərbaycanda üçüncü geosiyasi layihə ola bilərmi?

Ötən həftə baş tutan məşhur aprel görüşünə ABŞ və Avropa İttifaqı təmsilçiləri nə qədər başqa mənalar verməyə çalışsalar da bu, alınmadı – baxmayaraq ki, görüşdə əvvəllər iddia edildiyi kimi, heç bir pakt-filan imzalanmadı, ermənilərə 300-400 milyon dollarlıq yardım vəd edildi. 

Gəl, bəyanatlar zamanı geosiyasi işarələri də sezməmək mümkün deyildi. Bəli, açıqlamalar, bəyanatlar zamanı Türkiyənin, xüsusən də vəd verildiyi kimi, Azərbaycanın adı hallanmadı. 

Amma bir detal diqqətimizdən qəti qaçmadı. ABŞ-ın dövlət katibi E.Blinken İrəvanın region dövlətlərilə əlaqələrinin gücləndiriləcəyini desə də, Avropa İttifaqının təmsilçisi bunu yalnız Gürcüstanla əlaqələrə şamil etdi. 

Düşünürük ki, bu da təsadüfi deyildi. Tiflis hazırda Cənubi Qafqazın Avropaya inteqrasiya edən ən öncül ölkəsidir və Brüsselin İrəvanı da ona qoşmaq cəhdləri onların Ermənistanla bağlı ən son planlarına tamamilə uyğundur. 

Əslində görüşdə Azərbaycanın adının ən azı pozitiv mənada hallanmamasını, hətta Bakının bu görüşə dəvət almamasını heç cür başa düşmək olmur. Amma burada bir neçə məqam var. 

Birincisi, Bakı ilə bağlı müsbət bəyanatlar səsləndirmək ona görə vacib idi ki, Azərbaycanla əsl sülh olmadan, Türkiyə ilə əlaqələr qurulmadan İrəvanın heç bir iqtisadi dirçəlişi ola bilməz. İkincisi, görüş ərəfəsində belə fikirlər səsləndi ki, guya əslində Bakı görüşə dəvət alıbmış, amma görüşdən imtina edilib. Prinsipcə, bu, iki səbəbdən ola bilərdi. 

Əvvəla, Bakı haqlı olaraq keçmiş Dağlıq Qarabağ problemiylə bağlı müzakirələrdən, xüsusən də son vaxtlarda bu məsələdə qeyri-konstruktiv mövqeyilə seçilən Qərbin açdığı müzakirələrdən yayınır və bunun əvəzində Ermənistana ikitərəfli danışıqlar formatı təklif edir. Başqa bir səbəb o ola bilər ki, rəsmi Bakı artıq bir neçə dəfə bəyan edib ki, onun Avropaya inteqrasiya ilə bağlı hər hansı planları yoxdur. Ona görə də Bakı imkan daxilində Avropa ilə, hətta kollektiv Qərblə yaxın təmaslardan çəkinir ki, həm öz geosiyasi kursuna xələl gətirməsin, izafi geosiyasi öhdəliklər götürməsin, həm də Qərblə yaxınlaşaraq qonşu Rusiyanı qıcıqlandırmasın. Bəs Qərbin Azərbaycanla bağlı hansı planları var?

Azərbaycanın son illərdə Qərbə, xüsusən də NATO-ya və Avropa İttifaqına marağının ümumiyyətlə sönməsinə baxmayaraq, bu yaxınlarda hətta NATO-nun Baş katibi Yens Stoltenberq özünün regional turnesi çərçivəsində ilk olaraq Bakıya səfər etdi. Belədə isə Qərbin Azərbaycanla bağlı bir neçə hədəfi vardı. Birincisi neft layihələrinin imzalanması idi. Bu hədəf artıq yekunlaşıb, özü də uğurla. İkinci hədəf, daha doğrusu, Qərbin geosiyasi planları qarşısındakı əsas maneə keçmiş Dağlıq Qarabağ problemi idi ki, o, da artıq həllini tapıb. 

Qalıb region dövlətlərinin tam demokratikləşməsi və onların Avropaya tam inteqrasiyası. Qeyd edək ki, bu mərhələ Bakı üçün cari siyasi maraqlar baxımından da cəlbedici deyil – bu baxımdan Qərbdən məsafə götürməyi təkcə milli maraqlar diqtə etmir...  

Amma bəzi mülahizələrə görə, bu da tam labüd mərhələdir və region uğrunda Qərblə Rusiyanın savaşı hələ irəlidədir. Təsadüfi deyil ki, məhz bu mülahizələr fəal siyasi fəaliyyətə son vermiş bəzi əski Azərbaycan müxalifətçilərini yenidən böyük siyasətə qayıtmağa həvəsləndirir. Onlar da belə hesab edirlər ki, Bakı üşün iki əsas mərhələ artıq arxadadır: qeyd etdiyimiz kimi, neft layihələri artıq uğurla başa çatıb, keçmiş Dağlıq Qarabağ problemi həll edilib. Qalır total demokratikləşmə layihəsi ki, bu da Qərbin növbəti böyük, üçüncü geosiyasi layihəsi adlanmağa layıqidir.

Əlbəttə, bu hipotetik layihə qətiyyən asan başa gəlməyəcək. Aprel görüşü ərəfəsində Rusiya bir daha ermənilərə işarə etdi ki, heç nəyə baxmayaraq o, İrəvanı özünün "müttəfiqi” hesab edir və gələcəkdə də bu ölkə elə belə qalacaq, yəni Moskvanın yedəyində olan bir ölkə kimi! 

Amma bundan bir azca əvvəl vurğuladıq ki, aprel görüşünün də geosiyasi sətiraltıları oldu; Avropa rəsmisi İrəvanın Tiflislə əlaqələrinin genişləndirilməsindən danışdı. Amma bir daha deyirik ki, bu, elə də asan olmayacaq. 

Hər şey bir tərəfə, Gürcüstan bu yaxınlarda Avropa İttifaqına üzvlük üçün namizəd-dövlət statusu alsa da, cənab B.İvanişvilinin "siyasi uşaqları” suyu bulandırmaqda davam edirlər. 

Hazırda onlar "Xarici agentlər haqqında” qanun layihəsini yenidən gündəmə gətiriblər. Bu isə əcaib Rusiya təcrübəsidir və Gürcüstanın Avropaya inteqrasiya yolunun heç də hamar olmayacağını deməyə əsas verir. 

Hərçənd, ABŞ-dan və Avropadan başqa yolu da qalmayıb Tiflisin – bu günlərdə Vladimir Putin üçün beynəlxalq tribunal yaradılmasına qərar verən qırxdan çox ölkə sırasında Gürcüstan və Moldova da vardı. Bu isə o deməkdir ki, geriyə qapılar artıq bağlanıb və Tiflis üçün də, elə digər cənubi Qafqaz ölkələri üçün də bircə yol qalıb – azadlıq yolunda daha bir sıçrayış etmək...
 
Hüseynbala Səlimov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?