Xəbər lenti

Dünya 19:10 29.04.2024

"Gürcüstanda maraqlar savaşı dərinləşir" - Ekspert

"Hər bir ölkə öz təhlükəsizliyini qorumaq üçün hər hansı bir qanunu qəbul edə bilər".

Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev Gürcüstan parlamentinin "Xarici agentlər haqqında" qəbul etdiyi qanun fonunda bu ölkədə cərəyan edən prosesləri şərh edərkən deyib.

Ekspert bildirib ki, baş verən hadisələr təkcə "Xarici agentlər haqqında" qanunun qəbulu ətrafında aparılan müzakirələr fonunda getmir:

"Burada söhbət Gürcüstan üzərindən müxtəlif geosiyasi maraqlar güdən dövlətlərin, ABŞ, Avropa İttifaqı və Rusiyanın strateji hədəf uğrunda çarpışmasından gedir. Hər bir ölkə dövlətin təhlükəsizliyi üçün  anoloji qanun qəbul edə bilər. Belə bir qanun Rusiyada, ABŞ və bəzi Avropa ölkələrində də var. Hesab edirlər ki, həmin qanunun qəbulu ilə Tiflis Moskvadan asılı olacaq. Burada əsas söhbət Tiflisin strateji seçimi ətrafında gedir. Əslində, bu qanunun heç bir seçimə aydiyyatı yoxdur. Hər bir dövlət belə qanunlar qəbul edə bilər".



Həmsöhbətimiz deyir ki, baş verən hadisə seçki və siyasi proseslərə təsir edəcək:

"Ancaq gürcü xalqı rasional düşünməli, bu qanunun heç bir seçimə aydiyyatı olmamalıdır. Hər bir dövlətin təhlükəsizlik qarantiyası kimi belə qanunlara ehtiyacı var. Belə yanaşmanın üstünlük təşkil edəcəyi fonda Gürcüstanda cərəyan edən proseslər də tezliklə səngiyəcək".
 
"Xarici agentlər haqqında" qanunun qəbulu fonunda artıq ikinci həftədir ki, Gürcüstanda vəziyyət gərgin olaraq qalır. Bu qanuna etiraz edənlər Tiflisdə növbəti yürüş keçiriblər. Minlərlə insan küçələrə çıxıb və artıq etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmalar başlayıb. ABŞ, Aİ belə bir qanunun Tiflisin Qərb inteqrasiyasına əngəl olacağı barədə hökumətə xəbərdarlıq edib.

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->