Ekonomiks 20:45 03.04.2018

Bankda manatı olanlar üçün təhlükə: Pulu almaq çətinləşəcək

"Mərkəzi Bankın aprelin 2-də keçirilən depozit hərracında gözlənildiyi kimi tələb yüksək olmaqla yanaşı yeni rekord vurub. MB-ın 250 milyon AZN həcmində təklifinə qarşı banklar tərəfindən sifariş 1,2 milyard AZN-ə yaxın olub”.

Qaynarinfo Cebhe.info-ya istinadən xəbər verir ki, bunu iqtisadçı-ekspert Samir Əliyev deyib. Ekspertin qənaətincə, bu, son 1 ayda 4-cü rekord göstəricidir:

"Martın 29-da keçirilən hərracda depozitin cəlbedilmə müddətinin 20 günə qaldırılması da tələbatı azalda bilməyib. Analoji tələbat martın 14-də Bakı Fond Birjasında keçirilmiş hərracda qeydə alınıb. Həmin hərracda MB-ın 250 milyon manatlıq sifarişinə qarşı bankların tələbi 1 milyard manatdan çox olub. İndiki dövrdə "resurs bolluğu"ndan əziyyət çəkən banklar öhdəliklərini yerinə yetirməkdə çətinliklə üzləşiblər. Real sektorun riskləri və əhalinin kredit tarixlərinin pisləşməsi bankların kreditləşmə marağını azaldıb. Faktiki olaraq aktivlərinin ən yaxşı halda 40 faizini aktiv kreditləşməyə yönəldən banklar aktivlərinin qalan hissəsini gəlirə çevirməkdə problemlərlə üzləşiblər və MB-ın hərrac imkanlarından yararlanmağa çalışırlar. Nəzərə alaq ki, kreditləşmənin aktivlərdə payının 20 faizdən az olduğu banklar da var”.

Samir Əliyev qeyd edib ki, Mərkəzi Bank valyuta bazarında sabitliyi qorumaq və banklara dəstək üçün hərraclar vasitəsilə dövriyyədən müvəqqəti də olsa 1,3 milyard manat çıxara bilib:

"Bunun 700 milyon AZN-ni depozit, 600 milyon AZN-ni isə notların yerləşdirilməsi üzrə hərraclar vasitəsilə həyata keçirib. MB 2018-ci ilin ilk 3 ayı ərzində banklara depozit hərracları vasitəsilə 15 milyon, notların yerləşdirilməsi yolu ilə 3 milyon manata yaxın dəstək verib. MB ümumilikdə banklara 18 milyon manatlıq faiz ödəyib.

Proseslər belə davam edəcəyi təqdirdə milli valyutada yerləşdirilmiş əmanətlərin faiz dərəcələri əhəmiyyətli dərəcədə aşağı düşəcək, bankların əmanətçilər qarşısında öhdəlikərinin yerinə yetirməsində çətinliklər yaranacaq”.