Azərbaycan bank sektorunda yalnız kreditlərdən əldə etdiyi gəlirlər vasitəsi ilə öz xərclərini qarşılayan banklar var. Hazırda bu banklar Mərkəzi Bankın ümumi kapital balansı üçün təyin etdiyi 50 milyon manatı toplaya bilməyən banklardır. 

Qaynarinfo xəbər verir ki, iqtisadçı alim Vüqar Bayramov bağlanması gözlənilən bu bankların bazarda yaradacağı problemlər haqda EkoNews-a danışıb.

"Bankların bağlanması ilk olaraq insanlarda bu sektora inamı öldürəcək. Bundan başqa depozitlərin ödənilməsində problemlərin olacağını demək olar. Həmçinin dövlətin də banklar bağlanarkən öhdəlikləri yaranır. Heç bir halda bankın bağlanması əhaliyə və dövlətə sərf etmir".

Vüqar Bayramov bağlanma riskləri olan banklar üçün görülməli olan tədbirlər haqda da məlumat verib:

"Bağlanma riskləri çox olan banklar əvvəlcə müştərilərində inam formalaşdırmalıdırlar. Problemli kreditlər məhz elə bu banklarda çoxdur. Problemli kreditlərlə bağlı güzəştlərin tətbiqi banka münasibətin dəyişməsinə səbəb ola bilər".

Ekspert bankların sağlamlaşdırılmasının tərəfdarı olduğunu qeyd edərək, kiçilmənin bağlanmadan daha yaxşı nəticə verəcəyini bildirib:

"Öz xərclərini qarşılaya bilməyən banklar var. Burada bağlanmaya getmək doğru addım olmazdı. Bir qədər xərcləri azaltmaqla bank bazarda fəaliyyətini davam etdirərsə, bu hər bir tərəfə sərf edər. Bankların sağlamlaşdırılması prosesi getməlidir".