Dünya 10:42 30.04.2018

“Bataqlıqlar və göllər ölkəsi, Nokia, Santa Klaus..." - FOTO

 Suomi haqqında bildiklərimiz və ya bilmədiklərimiz
 
Finlandiya dedikdə mütləq ağlınızda bu ölkə ilə bağlı hansısa bir mənzərə canlanır.  Bu mənzərə bəziləri üçün coğrafiya dərsində şimal qütbünə yaxınlıqda yerləşən və aslana bənzədilən Skandinaviya yarımadasının "arxa ayaqları”, bəziləri üçün vaxtı ilə alarkən həvəslə batareyasını çıxararaq "Made in Finland” yazısını axtardığımız Nokia telefonları, bəziləri üçün marallarına minib dünyanı dolanan Santa Klausun vətəni, digərləri üçün Qriqoriy Petrovun "Ağ zanbaqlar ölkəsi”, sauna və s. kimi ağlımızın bir hissəsində ilişib qalan unudulmayan həyat anlarından və ya xatirələrdən ibarətdir. 



Həqiqətən düşündüyümüzdə, hiss etsək də, etməsək də həyatımızın hansısa bir hissəsində bu ölkə ilə bağlı bir şeylər olduğunu görürük. Xatırlayıram, 2000-ci illərin əvvəllərində internetdə məşhur norveçli alim Tur Heyerdalın vikinqlərlə Qobustan qayalıqlarındakı qaya rəsmlərinin müəllifləri arasında mədəniyyət bənzərliyi barədə məqaləsini oxumuşdum. Hətta alim araşdırmasında o qədər irəli getmişdi ki, Vikinqlərin qədim Azərbaycan torpaqlarından getdiyini iddia edirdi. Əlbəttə ki, oxuduğum zamandan etibarən vikinqlərə və bu torpaqlara olan marağım artmışdı. Bu iddiaların doğruluğu əsaslı dəlillərlə sübut edilə bilməsə də, burda yaşadıqdan sonra fin insanı ilə bəzi bənzər insani keyfiyyətlərimizin  və fin dilində olan bəzi oxşar türk sözləri olduğunu deyə bilərəm. Əslində tarixinə nəzər saldıqda Azərbaycanla Finlandiyanın "talelərində” bir çox bənzərliklər görmək mümkündür. Lakin bu barədə daha sonrakı yazılarda bəhs etməyi düşünürəm. 


Nokia mobil telefonu "Made in Finland"

"Fincə və Azərbaycanca bənzər səslənən və eyni məna verən sözlərin bəziləri bunlardır: minä-mən, sinä-sən, minun-mənim, sinun-sənin, minua-mənə, sinua-sənə, metsä-meşə, olla-olmaq, voi-vay, arha-arpa,  və s.”

Oxşarlıqlar demişkən, yazmağa başladığım bu məqalədə ötən il müstəqilliyinin 100 yaşını qeyd etmiş Finlandiya və burdakı həyat barədə maraqlı və fərqli mövzulardan bəhs etmək istəyirəm. Məqsədim bu ölkə barədə mətbuatda oxuduğum bəzi yanlış məlumatlara aydınlıq gətirmək, burada həyatın müxtəlif sahələrində əldə edilmiş təcrübələr barədə məlumat vermək, bəlkə də yaxşı təcrübələrdən yararlanmaq üçün vəsilə olmaqdır. Yeri gəlmişkən, növbəti yazılarda Finlandiyanın siyasi sistemi və iqtisadiyyatı, sosial siyasəti və s. kimi mövzular barədə də yazmağı planlaşdırıram.

Coğrafiya və iqlim



Dediyim kimi, coğrafi yerləşməsi bir çoxlarımıza məlum olan Finlandiya bir şimal ölkəsidir. Əslində ölkənin adı fin dilində "suomi” kimi səslənir, bu isə bir çox mənbələrdə qeyd olunduğu kimi "Finlər ölkəsi” deyil, "bataqlıqlar ölkəsi” mənasını verir. Bu da ölkə torpaqlarının əksər, xüsusilə şərq hissələrini əhatə edən bataqlıqlarla bağlıdır. Ərazidən söz düşmüşkən, ölkənin ərazisi təxminən Azərbaycandan 4 dəfə böyük (338,424 km2 ) olsa da əhalisi təxminən Azərbaycan əhalisinin yarısı qədərdir. Ölkə torpaqlarının 74%-i meşələrlə örtüldüyü halda ərazinin 10%-i göllərin altındadır.  Bəli, Finlandiyada sahəsi 500m2-dən böyük olan 180000-dən çox göl və təxminən bir o qədər də ada var. Ölkənin əsas məskunlaşılmış cənub və mərkəzi bölgələrində iqlim təsəvvür etdiyiniz kimi heç də soyuq deyil. Qış fəslində, xüsusilə Helsinki kimi sahil şəhərlərində temperatur çox nadir hallarda -30°C altına enir. Bu ərazilərin iqlimi Atlantik Okeanda olan isti cərəyanların təsiri ilə daha da mülayimləşir. 



Normalda dekabrdan marta qədər qar yağdığı deyilsə də son bir neçə ildə baş verən qlobal iqlim dəyişikliyi buralara da təsirsiz ötüşməyib. Artıq qarsız həftələr normal hala çevrilib. Nə qədər qəribə səslənsə də, xüsusilə Helsinkidə bəzən adam həqiqətən qarın yağmasını arzulayır. Statistikaya inansaq cənub bölgələrdə qış fəslində 100 gün temperatur 0-ın altında olur. Şimalda, yəni Laplandiyada soyuq qış 200 gün davam edir. Bu torpaqlarda temperaturun -35,-45°C olması normal hesab edilə bilər. Yayda isə Suominin "şiddətli” istiləri iyul və avqust aylarına təsadüf edir. Əslində hansısa iyul ayında 35°C istilik olduğu deyilsə də bu hələ ki, bizim üçün statistikadır. 



"Bir dəfə taksi sürücüsü mənə "Helsinkidə 3 gün yay olur, həmin günlərdə yağış olmazsa, yayı yaşaya bilirsən, yağsa şansına küs” demişdi. Yəni...hələ ki, şansıma küsürəm. Normalda 20-25°C temperatur bizim yayın ənənəsidir.”

Bir çoxumuzun adını mahnı sözlərindən öyrəndiyimiz "bəyaz gecələr” Finlandiyaya təbiətin verdiyi xüsusiliklərdəndir. İlin 6 ayında gecələr, 6 ayında isə gündüzlər uzundur. 22 iyul tarixində demək olar ki gecə olmur. Maraqlı faktlardan biri odur ki, yayda ölkənin ən şimal nöqtəsində 73 gün günəş batmır. Qışda isə 51 gün günəşə həsrət qalır həmin ərazi. 



Finlandiya ümumilikdə 19 inzibati ərazi vahidliyinə bölünüb. Bunlardan ən böyüyü Laplandiya, ən kiçiyi isə Oland adalarıdır. Helsinki Uusimaa regionunda yerləşir ki, buraya Helsinkidən başqa 15 şəhər daxildir. Lakin əsasən infrastruktur baxımından Helsinki metropoliyası digərlərindən ayrılır. Helsinki, Espoo, Vanta, Kaunainen və digər ətraf şəhərləri əhatə edən Metropoliyada cəmi 1,4 milyon əhali məskunlaşıb. 2017-cı ildə Britaniyanın İqtisadi Araşdırmalar Bürosunun apardığı araşdırmaya əsasən Helsinki həyat standartlarına görə 140 şəhər arasında 9-cu sırada qərarlaşmışdır.

Finlandiyanın maraqlı sayıla biləcək regionlarından biri də az tanınan Oland adalarıdır. Arxipelaq tipli bu ərazi Finlandiyanın cənub-qərb sahilində İsveçlə Finlandiya arasında, Fin körfəzində yerləşir. Ada özü özlüyündə hökuməti, büdcəsi, parlamentinə sahib olmaqla tam avtonom bir ölkədir. Ada siyasi olaraq neytral və hərbsizləşdirilmişdir. Yəni ərazisində heç bir hərbi birləşmə yoxdur, əhalisi isə Finlandiyanın hərbi qüvvələrində xidmət etməkdən azaddır. Ölkənin avtonomluğu 1920-ci ildə BMT tərəfindən, ardıcıl olaraq 1921, 1951 və 1991-ci illərdə Finlandiya parlamenti tərəfindən tanınıb. Finlandiya Konstitusiyasında isə Oland adalarının statusu xüsusi vurğulanaraq, bu ölkənin öz Konstitusiyasına istinad verilib. Oland adalarında rəsmi ünsiyyət dili İsveç dili hesab edilir. 


"Oland adaları 1995-ci ildə Finlandiya ilə birlikdə Avropa İttifaqına daxil olsa da, xüsusi imzalanmış protokollar əsasında Avropa İttifaqı üzvləri arasında mövcud olan iqtisadi qaydalar burda tətbiq edilmir. Bu səbəbdən, Tallin və Helsinkidən Stokholm istiqamətinə və geriyə üzən kruiz gəmilərində "duty free” sistemini tətbiq etmək məqsədilə bu adalarda qısa müddətli də olsa lövbər salınır.”

Finlandiya insanı. Bir vikinq necə yaşayır?



Əlbəttə, coğrafi yerləşim və iqlim şəraiti insanların fiziologiyasına və həyat tərzinə ciddi təsir edib.  fin insanı soyuqqanlı, punktual, çox hallarda sadəlövh adlandırıla biləcək qədər tanımadığı insanlara güvənən və mehribandır. O uzun ömürlüdür. Statistikaya əsasən bir finli ortalama 81 ildən çox yaşayır. Uzun ömürlü olmanın əsas səbəbi kimi təmiz hava ilə nəfəs alıb, təmiz su və qida istehlak etmək və mütəmadi idmanla məşğul olmaq göstərilir. Bu arada, Finlandiyada içməli su kimi məişətdə istifadə üçün evlərə çəkilmiş ümumi su xətləri ilə verilən su istifadə olunur. Çünki, bu su dünyada ən təmiz içməli məişət suyu hesab edilir. Yəni, adi bir Finlandiyalı belə sağlam həyatı yaşamaq üçün əslində əziyyət çəkmir. Bu onların həyat tərzidir. Fin insanı təbiəti çox sevir. Vaxt tapdıqca parklarda və meşələrdə gəzintiyə çıxır, xizək sürür, balıq tutur, yaşayış sahələri yaxınında icarəyə götürdüyü kiçik torpaq sahələrində özünə lazım olan tərəvəzlərdən əkib-becərir, ya da göbələk və ya giləmeyvə yığmaq üçün özünü təbiətə vurur. Hətta yay aylarında belə insanların küçədə əllərində xizəkçilərin dayaq ağaclarına bənzər xüsusi "çubuq”larla gəzdiyini tez tez görə bilərsiniz. 

"BMT tərəfindən yenicə dərc edilmiş "2018-ci il xoşbəxtlik raportu”na görə Finlandiyada yaşayanlar ən xoşbəxt insanlar hesab edilmişdir. Nəzərə almaq lazımdır ki, bu il ilk dəfə bu raport hazırlanarkən ölkədə yaşayan immiqrantların da rəyi nəzərə alınıb.”



Həftənin 5 gününü işləyən fin insanı həftə sonunu ailəsi ilə birlikdə istirahət edir. Əsasən cümə və şənbə axşamları küçədə ya da qonşuda içkili və şən halda mahnı oxuyanları eşitmək adi haldır. Ümumiyyətlə özlərinin də etiraf etdiyi kimi, bir finli ilə səmimi yoldaşlıq içki məclisində ya da saunada edilə bilər. Əslində bu da finlərin daxilən sosial və ünsiyyətcil olduğunu, lakin bunu ifadə etməkdə çətinlik çəkdiklərini göstərir. Bəzi ədəbiyyatlarda Finlandiyada depressiyalar səbəbindən özünəqəsdlərin çoxluğu qeyd olunsa da bunun artıq köhnə informasiya olduğunu demək mümkündür. Belə ki, əslində bir sıra post-sovet ölkələri bu statistikada Finlandiyanı qabaqlamaqdadır. 

Həftənin bazar günü Finlandiyalılar adətən kilsəyə gedir. Finlandiya əhalisinin təxminən 71%-i Evangelist-Lüteran kilsəsinə bağlıdır. Yerdə qalan 24% ateist, digərləri isə xristian ortodoks, buddist və ya müsəlmandır. Burada bütün din mənsubları üçün bərabərhüquqlu şərait yaradılıb. 

İctimai qaydalar

Finlandiyada ictimai qaydalara əməl etmək mədəniyyətin ayrılmaz hissəsidir. Küçəyə zibil atmamaq, ictimai nəqliyyatdan və yol tənzimləyicilərindən istifadə, danışıq tonu, növbə, ictimai yerlərdə davranışlar və s. qaydalar hələ bağçadan başlayaraq tədris proqramında uşaqlara aşılanır. Bu səbəbdən bizim kimi yüksək temperamentli həyat tərzinə sahib insanlar üçün kənardan baxılanda fin insanı soyuq və cansıxıcı xasiyyətli görünə bilər. Amma bu qaydalara əməl etməməyə görə polis çox nadir hallarda müdaxilə edir. Belə hallarda vətəndaşlar tərəfindən göstərilən ictimai qınaq cərimədən daha kəsərli olur. 



Finlandiyada yol hərəkəti qaydalarının sürücülər tərəfindən pozulması zamanı tətbiq edilən cərimələr gəlirə əsasən fərdi olaraq müəyyənləşir. Cərimənin minimum həddi olsa da maksimumu yoxdur. Ən az cərimə yol hərəkəti qaydasını pozan piyadalara tətbiq edilən 20 avro həddidir. Eyni zamanda, məsələn, 60km/saat sürət həddi olan bir yolda sürət həddinin 15km/saat-a qədər aşılmasına görə cərimə 170 avro, 20km/saat-a qədər aşılması 200 avro olduğu halda, bu həddən yuxarı aşıldığı təqdirdə cərimənin məbləği gəlirə əsasən hesablanır.  Sürücülərə tətbiq edilən geniş yayılmış cərimələrdən biri də icazə verilməyən yerdə və ya təyin olunmuş müddətdən artıq müddətdə parketmə zamanı tətbiq edilir ki, bunun da məbləği 80 avrodur.

"2001-ci ildə illik 10 mln avro gəliri olan biznesmenin sürət həddini aşmağa görə ödədiyi 26000 avroluq cərimə məbləği bir çox qəzetlərin əsas xəbəri olmuşdu.”

Yuxarıda qeyd etdiyim kimi, ilin çox vaxtı işıqlı saatlar az olduğu üçün piyadaların və velosipedçilərin küçədə hərəkəti onların həyatı üçün təhlükəli olduğundan, belə zamanlarda geyimlərin üzərində işıqqaytaran xüsusi sancaqların taxılması və ya belə  lentlərlə təchiz edilmiş üst geyimlərin istifadəsi zəruridir. Bəzən bel çantalarında belə işıqqaytaran oyuncaqları taxan orta yaşlı insanları görmək insanda gülüşə səbəb ola bilir. Amma təhlükəsizlik daha vacib olduğundan fin insanı belə şeylərə ciddi yanaşmır. Bəlkə də məqsədli şəkildə bunu edərək həyatın hər anını əyləncəyə çevirməyə çalışır. Belə işıqqaytaranlar qaranlıq saatlarda ev heyvanları gəzməyə çıxarılan zaman heyvanların da üzərində gəzdirilir. 

Nəqliyyat



Finlandiya ərazi olaraq böyük ölkə olduğu üçün şəhərlərarası nəqliyyat sistemi yaxşı inkişaf edib. Şəhərlər arasında əsas nəqliyyat, sürətli qatar hesab olunur. Bundan başqa, böyük şəhərlərdə hava nəqliyyatı üçün aeroportlar da fəaliyyət göstərir. Qatar nəqliyyatı çox rahat, səssiz və sürətlidir. Qatarda səyahət zamanı lazım olan bütün rahatlıq təmin olunub. Uzun səfərlər üçün nəzərdə tutulan qatarların kupelərində duş kabinələri belə var. Belə qatarlarda hətta avtomobilini aparmaq istəyənlər üçün qatarda xüsusi vaqonlar da nəzərdə tutulub. 

Digər şəhərlərdə olduğu kimi, Helsinki regionunda ictimai nəqliyyatdan istifadə üçün mütləq bilet alınmalıdır. Biletlərin qiyməti yaş və sosial təminat vəziyyətindən asılı olaraq dəyişir. Bir dəfəlik 80 dəqiqəlik biletlər uşaqlar üçün 1.50 avroya olduğu halda bu böyüklər üçün 3.20 avro, tələbələr, pensionerlər və əlillər üçün 25 və ya 50% daha ucuzdur. Bundan başqa, müharibə əlilləri, görmə qabiliyyəti 50%-dən az olan gözdən əlillər və uşaq arabası ilə hərəkət edən valideynlərdən biri ödənişsiz olaraq şəhər daxili bütün nəqliyyatlardan istifadə edə bilər. Nəqliyyatdan mütəmadi istifadə edənlər üçün təxminən 55 avroya aylıq, 28 avroya 15 günlük limitsiz kartlar da satılır. Ən sərfəlisi də elə bunlardır.



Ümumiyyətlə nəqliyyat bileti şəhər daxilində hərəkət edən tramvay, avtobus, metro, qatar və gəmi nəqliyyatlarının hər birində istifadə edilə bilir. Şəhərətrafı ərazilərə və digər şəhərlərə səyahət qiymətləri isə məsafədən asılı olaraq fərqlənir ki, bəzən uzun məsafələrə qatar biletləri aviabiletlərdən elə də çox fərqlənmir.



Metro xətti sadə olsa da dəqiq qrafiklə və az intervalla hərəkət etdiyi üçün Helsinkidə ən çox istifadə edilən ictimai nəqliyyatdır. Metro stansiyaların hər bir sırış və çıxışı liftlərlə təmin edilib. Hər bir girişin önündə istifadəçilərə pulsuz "Metro” və "Helsingin sanomat” qəzetləri paylanılır. Bundan başqa metro vaqonlarında reklam üçün quraşdırılan kiçik monitorlarda da mütəmadi günün ən vacib ölkədaxili xəbərləri qısa xronikada istifadəçilərə göstərilir. Metroya və şəhərətrafı ərazilərə gedən qatarlara giriş qapıları turniketsiz olduğu üçün biletinizi sadəcə öz vicdanınıza dayanaraq girişdə qoyulmuş kiçik aparatda oxutmağınız yetərlidir. Metro və qatarlara biletsiz daxil olmaq mümkün olsa da, ara-sıra bilet yoxlayan gülər üzlü müfəttişlərə rast gəlməyiniz mümkündür. Belə halda cəriməniz 80 avro olacaq. 

Cərimə məbləği bütün nəqliyyat növləri üçün eynidir. Lakin avtobusların çoxunda ön qapıdan bilet təqdim edilərək minildiyi üçün biletsiz səfər etmək ehtimalı adətən olmur. Sadəcə 2 xətt üzrə xüsusi qrafik üzrə işləyən 550 və 560 nömrəli avtobuslar vardır ki, onlarda bütün qapılardan miniş və eniş tətbiq edilir. Bu da həmin xətlərdə gecikmələrin qarşısını almaq üçündür. Bütün dayanacaqlar avtobusların dayanacaqda olma saatını və dəqiqəsini göstərən cədvəllərlə təmin olunub. Hava şəraitinə uyğun olaraq bəzi hallarda qrafiklərdə dəyişiklik normal hesab edilir. Ümumiyyətlə Smart telefonlara endirilmiş xüsusi əlavələr vasitəsilə bütün dayanacaqlardan ictimai nəqliyyatın, o cümlədən avtobusların getmə vaxtını dəqiq izləmək olur. Hətta bəzilərində avtobusların  hazırda olduğu yeri belə GPS vasitəsilə görmək mümkündür. Bu səbəbdən, gedəcəyiniz yeri və vaxtı öncədən planlaşdıraraq dayanacaqlarda uzun müddət gözləməyə ehtiyac qalmır. Bütün ictimai nəqliyyat növləri yayda sərin, qışda isə isti olur. 



Şəhərdə avtomobil yollarının kənarında mütləq qaydada bir-birindən aydın xətlə ayrılmış və işarələnmiş piyada və velosiped yolları mövcuddur. Bu yollara qarlı fəsillərdə insanların sürüşməməsi üçün xırda çınqıl daşlardan ibarət qum tökülür. Adətən may ayında isə bu qum xüsusi maşınlarla yığılaraq yenidən istifadə üçün təkrar emala verilir. 

Yaşayış binaları



İlk növbədə qeyd edim ki, Finlandiya yeganə Avropa ölkəsidir ki, burada evsiz insanların sayı sürətlə azalır. Demək olar ki, belə insanlar yox səviyyəsindədir. Bu ölkənin sosial siyasətinin tərkib hissəsidir və bu haqda sonrakı yazılarda ətraflı danışmağa çalışacam. 

Finlandiya seysmik ərazidə yerləşməsə də, hündürmərtəbəli binaları burda görə bilməzsiniz. Fin insanı təbiəti sevdiyi üçün ağaclar arasında şəxsi evlərdə və ya alçaq mərtəbəli binalarda yaşamağı sevir. Binaların əksəriyyəti 1, 2, 4, 5 ən yaxşı halda 8 mərtəbəlidir. Lakin son zamanlar Helsinkidə bir neçə göydələnin tikintisinə start verilib. 2023-cü ildə 35 mərtəbəli və hündürlüyü 134 metr olan bir binanın təhvil verilməsi planlaşdırılır.  Hazırda ən hündür bina 24 mərtəbəlidir və Espoo şəhərində 2017-ci ildə təhvil verilib. Şəhər mərkəzində binaların arxitekturası Rusiya və İsveç arxitekturasının təsiri altında formalaşdığından xüsusi bir arxitektura üslubundan söz etmək olmaz. Bu səbəbdən Helsinki az da olsa Stokholmu və Peterburqu xatırladır. Ən azından mənə belə gəlir. 

Helsinkidə çoxmərtəbəli yaşayış binalarının bir çoxu 1950-ci illərdən sonra sürətlənən sənayeləşmə dövründə şəhərə axın edən işçi qüvvələrinin məskunlaşması məqsədi ilə tikilib. Son onilliklərdə isə belə binalar xüsusi şirkətlər tərəfindən təmir edilərək müasir formaya salınıb, istifadəyə verilmişdir. 



Mənzillərin satış qiyməti həddindən artıq yüksək olduğu üçün şəhər əhalisinin əksəriyyəti kirayə mənzillərdə qalır. Qiymətlər hər yerdə olduğu kimi, mənzilin sahəsindən, yerindən və vəziyyətindən asılı olaraq dəyişir. Kommunal və vergilər yüksək olduğu üçün hətta mənzil sahibləri belə aylıq 500 avroya qədər xidmət haqqı və ya vergi ödəyir. Kirayə haqlarının da əsas hissəsi belə xərclərə yönəldiyindən kirayə qiymətləri də yüksəkdir. 1 otaqlı kiçik sahəli bir mənzilin qiyməti yerindən asılı olaraq, 600-900 avro arasında dəyişir. 

Mənzil kirayə edərkən kirayə müqaviləsinin şərtlərindən biri də mənzildə yaşayacaq şəxsin onu sığortalatması ilə bağlı tələbdir. Bunun üçün əlbəttə ki sığorta şirkətləri fəaliyyət göstərir. Qiymətlər mənzilin sahəsinə və xidmətin əhatəsinə görə dəyişdiyinə görə müxtəlif olur. Misal üçün deyim ki bizim yaşadığımız 3 otaqlı 77m2 mənzilin sığorta qiyməti illik 180 avrodur və sığortaya evdə hər hansı dəyərli elektron əşyanın qırılması, binanın həyətindən velosipedin oğurlanması halı da daxildir. 

"Kirayə edilən evlərdə mənzildə qalanların özləri tərəfindən elektrik çəkdirilir.  Əşyasız mənzillərdə əksər hallarda heç lampa bağlamağa "patron” belə olmur. Amma bu sizi qorxutmasın... Elektrik mənzilə köçdükdən sonra 1 dəqiqə ərzində, 1-cə zənglə çatdırılır. Sizin etməli olduğunuz sadəcə hansı şirkətdən elektriki almaq istədiyinizi (Öncədən qiymətləri, bəzi hallarda enerjinin mənbəyini müəyyən etdikdən sonra bu da çətin olmur) müəyyənləşdirməkdir.” 

Hər bir yaşayış binasında təmizlik yüksək səviyyədə qorunur və bu həmin binalara xidmət göstərən şirkətlər tərəfindən təmin olunur. Bütün binaların blokunun girişində xüsusi ayaqaltı xalça, ayaqqabıları qardan təmizləmək üçün sadə barmaqlıq və siqaret kötükləri üçün qutu qoyulur. Bloklar hərəkətə həssas ya da xüsusi taymerli işıqlarla təmin edilir. Girişlərin hər biri yalnız blokda yaşayan sakinlərin açarları ilə açılan kilidlərlə təmin edilir ki, bu da kənar şəxslərin bloka girməsinin qarşısını alır. Əksər binaların zəmin qatında sakinlərin istifadəsi üçün nəzərdə tutulmuş sauna, zirzəmi, yuyucu maşınlarla təchiz olunmuş yuyucu otağı və qurutma otaqları ilə təmin edilir. Belə yuyucu otaqlarında və saunalarda növbə sistemi tətbiq edilir. Hər bir sakin asanlıqla bu otaqlarda olan kitablarda istifadə vaxtını qeyd etməklə pulsuz bu xidmətlərdən yararlana bilər. Bəzi binalarda saunadan istifadə üçün əlavə ödəniş tətbiq edilə bilər. 



"Sauna Fin mədəniyyətinin ayrılmaz bir hissəsidir. Bəli, fəsildən asılı olmayaraq, həftədə ən azı bir dəfə saunada olmayan viking Fin insanı hesab edilmir və yəqin buna görədir ki, ölkədə 3 milyona yaxın sauna var. Onlar hər yerdədir: şəhərin mərkəzində, çay və ya göl kənarında, meşələrdə, hətta bir çox şəhər binalarında yerləşən mənzillərdə belə şəxsi saunalar var. Fin insanı üçün sauna ailə ilə birlikdə istirahət yeridir. Bu dəbdəbə deyil, zərurət hesab edilir. Deyilənə görə, hələ bölgələrdə səhiyyə ocaqları qurulana qədər doğumların çoxu saunalarda həyata keçirilirmiş. Nə qədər qəribə olsa da, bütün saunalarda demək olar ki eyni qaydalar var: tamamilə çılpaq girilməli, siyasət, iş və din barədə söhbət aparılmamalıdır. Bundan başqa sauna mədəniyyətinə aid bəzi rituallar da mövcuddur ki, bunları bilmədikdə çətin anlar yaşamaq mümkündür.”

Mənzillərin giriş qapıları standart və sadə olması ilk baxışdan diqqət cəlb edir. Hər qapıda poçt üçün yarıq və sadə qapı zəngi olur. 
Bir binadakı mənzillərin təmir səviyyəsi də, içində qurulan dolablar və divar və döşəmənin rəngi də adətən eynidir. Bəzi şirkətlər krayəçilərə mənzilləri zövqlərinə görə rəngləmə imkanı versələr də bir çoxları bu şəraiti yaratmır. Şəxsi mənzillərdə bu sahədə dəyişikliklərin edilməsi mümkündür. 
 


"Qapıya "reklam və qəzet istəmirəm” qeydini yapışdırmasanız hər gün qapınızda reklam xarakterli jurnallar və pulsuz qəzetlər görəcəksiz. Əvvəllər bu maraqlı gəlsə də, sonralar artıq maklatura olduğundan məcburiyyətdən çox adam bu addımı atmalı olur.”

Mənzillər Fin insanının özəl ərazisi hesab edilir. Hətta 1-ci mərtəbədə yerləşən və pərdələri açıq şəkildə olan bir mənzildə Fin insanını çox rahat bir geyimdə (və ya geyimsiz) sərbəst gəzişdiyini və ya heç nədən çəkinmədən divanda uzanıb televizor izlədiyini görə bilərsiz.  Müqayisə üçün deyim ki, Helsinkidə ilk mənzilimiz 1-ci mərtəbədə yerləşdiyi üçün köçər köçməz ilk işim pəncərələrə jalyüz taxdırmaq oldu. Bu mövzuda mən fərqli düşüncədəyəm və dəyişəcəyimi də ağlıma gətirə bilmirəm. 

Mənzillərdə normalda gecə saat 11-dən səhər 7-yə qədər sakit saatdır. Həftə sonları xaric bu saatlarda evdə yüksək səslə musiqi dinləmək və ya qonşunu narahat edə biləcək hər hansı bir fəaliyyət qaydalardan kənardır. Xüsusi günlərdə mənzildə tədbir təşkil edəcəksinizsə, bu barədə blokda elan yerləşdirməyiniz və ya kübar dəvət yazmağınız əlavə narazılıqdan qaçmağın ən asan yoludur.



Bütün binaların yaxınlığında avtomobillərin parklanması üçün dayanacaq (çox hallarda ödənişli – yerləşim yerinə görə aylıq 15-45 avro arasında dəyişir), yalnız ətrafda yaşayan sakinlərin istifadəsi üçün nəzərdə tutulmuş qapalı zibil qutularının qoyulduğu otaqlar, uşaqların oynaması üçün ən azı kiçik bir attraksionu olan meydançalar mütləq var. 



Orta və daha yuxarı sosial təbəqəyə malik ailələr daha çox şəhər ətrafında, şəxsi mənzillərdə yaşamağa üstünlük verir. Belə mənzillər adətən hasarı olmayan, amma səliqə ilə bir-birindən ağac və kollarla ayrılmış həyətlərdə yerləşir. Xüsusilə yaz və qış aylarında belə həyətlərin yerləşdiyi küçələrdə gəzmək insana fərqli duyğular yaşadır. 



Eyvaz Alışov