Hüseynbala Səlimov
Siyasət 10:03 22.01.2024

Bir tərəfdən guya sülhdən danışır, digər tərəfdənsə İrəvanı silahlandırırlar...

Şimal qonşumuz Rusiyanın xarici işlər naziri Segey Lavrovun Azərbaycanla Ermənistan arasında nə vaxtsa imzalanacaq sülh sazişilə, Naxçıvanı Azərbaycanın əsas hissəsilə birləşdircək dəhlizlə bağlı dedikləri, xüsusən də hər dəfə saziş haqda danışanda "Rusiya platformasında" sözlərini də yaddan çıxartmaması bir neçə gün çox böyük müzakirələrə səbəb oldu. 

Rusiyanın baş diplomatının sözləri xüsusən də Ermənistanda ciddi mübahisə və hətta etirazlara səbəb oldu. Məsələ bundadır ki, Rusiyada deyilənlər və yazılanlar İrəvanda iki aspektdən yozulur. 

Birincisi, ermənilər bütün bunlara ölkələrinin "maraqları" baxımından reaksiya verir, Rusiyanın öz ölkələri üçün nə qədər ardıcıl müttəfiq olduğunu araşdırmağa çalışırlar. Məsələ bundadır ki, II Qarabağ savaşından sonra hayların Kremlə inamları xeyli sarsılıb. İrəvanın siyasi elitasının KTMT-yə soyuq münasibətinin bir səbəbi də onunla bağlıdır ki, qurum İrəvanın çağırışlarına rəğmən, Azərbaycana savaş açmadı. 

Daha bir vacib məqam da onunla bağlıdır ki, hazırda Ermənistan Qərbə - Avropaya doğru çox ciddi şəkildə dreyf etməyə çalışır və bu, əlbəttə ki, Kreml əhlinin də diqqətindən yayınmır - onlar bu xüsusda da öz tənqidi fikirlərini, qeydlərini və hətta xəbərdarlıqlarını çatdırmağa cəhd edirlər. İrəvan "siyasi olimpi” də bir qayda olaraq, dərhal bu fikirlərə reaksiya verir və biz bunun bu günlərdə də şahidi olduq. 

İkincisi, digər bir məqam budur ki, ruslar baş nazir Nikol Paşinyan hökumətinə və onun apardığı siyasətə də opponentlik edir, Ermənistanın son uğursuzluqlarını erməni baş nazirinin üstünə yükləmək istəyirlər. Elə bu səbəbdən də Rusiya rəsmilərinin açıqlamaları daha bir aspektdən - Paşinyan hökumətinin özəl siyasi maraqları baxımından da çözülür və hökumət üzvləri, hakimiyyətyönümlü politoqloqlar bu cür çıxış və bəyanatları cavabsız qoymamağa çalışırlar. Lavrovun son bəyanatı ilə bağlı da belə oldu - Rusiya baş diplomatının dedikləri guya ki, hər iki aspektdən ciddi şəkildə cavablandırıldı...

Belə də isə Lavrov bu dəfə bir qədər konstruktiv olmağa çalışmışdı. "Rusiya platforması" ifadəsini hər cümlənin əvvəlində səsləndirməyə cəhd etsə də, ümumilikdə ölkəsinin sülh sazişinin imzalanmasında guya maraqlı olduğunu qabartmağa çalışmışdı. 

Əlbəttə, biz də onun bu sözlərinə inandıq, çünki inanmamaq üçün başqa ciddi əsaslarımız yoxdur. Amma heç bir neçə gün də keçmədi ki, başqa bir xəbər də yayıldı - belə məlum oldu ki, Moskva İrəvana növbəti hərbi yardım etmək istəyir, özü də 500 milyon dollar civarında! Nə demək olardı bu xüsusda? Burada iki məqam var. 

Birincisi, İrəvan hələ Moskvanın hərbi müttəfiqi olaraq qalır və bu səbəbdən də bu cür xəbərlərə heç də təəccüblənmək lazım deyil. İkincisi, Rusiya silah göndərməsə, Ermənistan bunu başqa ölkələrdən, məsələn, Hindistandan ala bilər. Amma burada da bir məqam var. Moskva İrəvana müdafiə silahları tədarük edə bilərdi, amma o, hücum silahları göndərir! Bəs bunu necə yozaq? Düşünürük ki, narahat olmağa dəyməz, Ermənistan çətin ki, nə vaxtsa, kiməsə və harasa hücum etmək haqqında ciddi düşünmək halında olsun...

O ki qaldı sülh sazişinə, güman ki, ən azı yaya qədər bu xüsusda heç nə olmayacaq. Belədə isə biz hətta il ərzində hər hansı sazişin imzalana biləcəyini güman etmirik, çünki Rusiyada, ən əsası da ABŞ-da prezident seçkiləri başa çatmalıdır və haylar nə etmək, necə etmək haqqında bu siyasi mərrkəzlərdən ciddi göstərişlər almalıdır. İndi Nikol Paşinyan guya öz ölkəsini daha suveren və müstəqil etmək istəyir. Amma o, Azərbaycanın ikitərəfli, vasitəçi olmadan danışıqlar aparmaq haqqındakı təkliflərini qəbul etmir. Odur ki, sual yaranır. Daha bu, nə müstəqillik və suverenlik oldu? Paşinyan başa düşmür ki, Rusiyanı Avropa və ya ABŞ-la əvəz etmək hələ müstəqil və suveren olmaq demək deyil? Müstəqil olmaq bir sualın cavabından asılıdır: Sən ölkənlə bağlı müstəqil şəkildə qərar qəbul edə bilirsənmi?..

Hüseynbala Səlimov